525.Az

Esselərin Paşa ətri, qəlb nuru


 

Esselərin Paşa ətri, qəlb nuru<b style="color:red"></b>

Şeirlərinin poetik istisində qızındığım, nəsrinin quzeyində islanıb, güneyində qurulandığım Paşa Qəlbinurun esselər toplusuyla qarşılaşdıqda, nədənsə, qələmlərinə və şəxsiyyətlərinə hörmət və qibtə elədiyim Elçin və Kamal Abdullanı xatırladım. Onların cərgəsinə sənətin çox janrında qələmini məharətlə sınaqdan keçirən bir yazarımızın da qoşulduğunu düşündüm.

Bu adamların ən müsbət, ən canlı qəhrəmanları onların özləridi:

Elçin tutduğu mövqenin zirvəsindən bütün qələm dostlarına boylanmağa, onlarla hal-əhval tutmağa vaxt tapır.

Kamal Abdulla nə qədər işsiz qələm dostlarına, onların övladlarına çətinliklərində əl tutur.

Paşa Qəlbinurun göz klinikasına qələm dostları, onların qohum- əqrəbaları təmənnasız yol tapa bilir, baxışlarını durulda bilir.

Kitabların qapıları üz qabıqlarıdır. Paşanın yeni kitabının qapısını açan kimi ana qayğısına, məhəbbətinə layiq kəlmələrlə qarşılaşdım:

Tanıdığım filosofların ən böyüyü, ən istedadlısı,
Bütün qəhrəmanların ən fədaisi, Müəllimim,
Anam Yıldız xanıma!

Bu üç-dörd kəlmə bir növ bütün anaların tərcümeyi-halına çevrilə bilir. Axı onların laylalarla başlanan yaradıcılıqları ilə gözlərimiz dünyaya açılıb böyüməyə başlayır. Axı onlar bizə torpaq üstdə addım atmağı, yeriməyi öyrədib, dodağımıza bir-bir söz verib, danışmağı öyrədir. Xalqın müdrik sözləri, ibrətamiz, essevari yaradıcılığı ilə balalarının mənəvi aləmini zənginləşdirən ilk müəllimə, filolosofa çevrilirlər.

Müqəddəs Ana məhəbbəti esselərin birində öz poetik yüksəkliyinə çatıb, ümumiləşərək az qala, bütün övladların ana qarşısında andına çevrilir:

Günəş
Allahın gözüdü
Sən mənim, Ana!...
Sən Allahın kölgəsisən,
Mən sənin, -
Ana...

Paşanın esseləriylə tədricən tanışlıq zamanı ilkin ana südü ilə canımıza, qanımıza işləmiş bir ətri duydum.

Sonra həmin ətir Azərbaycan boyda bir məmləkətin təbiətinin, cəmiyyətinin rahiyəsinə çevrilməyə başladı.

Müəllifinin esse səfinin önündə, onun üç nida işarəsi ilə, hissini, həyəcanını elə adından bildirmək istədiyi “Cahad!!!” durur, oxucuları sanki əsir torpaqlarımıza doğru çəkib aparmaq istəyir. Mənsur şeiri xatırladan həmin yazı bəzən esse çərçivəsindən əsl şeirə çevrilir. Oxuyan hər kəsdə milli qeyrət oyada, üzünü Laçına, Şuşaya, Kəlbəcərə çevirə biləcək həmin esse və ya mənzum şeir və ya poeziya fəryadı nəzərimdə kitabın uvertürasına çevrilmiş. Qulağıma “Koroğlu” operasının uvertürü gəldi. Elə bildim ki, müəllif onu ölməz Üzeyirimizin musiqi parçalarının sədaları altında  bəstələyib.

Paşa Qəlbinurun esselərindən şeir, nəsr yaradıcılığı ilə həkimliyinin vəhdəti açıq-aşkar nəzərə çarpır.

Esselərinə elə bil onun məsləkindən işıq, nur çəkilir. Həm də sənətindən gələn fikirlər geniş oxucu kütləsinin anlaya biləcəyi bir dillə ifadə olunur: “Qoz ləpəsi üstündəki qırışlarıyla insan beyninin yarımkürəsini xatırladır. İki qoz ləpəsi (ceviz içi) insan beyninin kiçik modelidir, - yeməli!..”

Bütün esselər müəllifin həm də öyrədicilik qabiliyyəti ilə müşaiyət olunur. Yeri gəldikdə dilimizin təmizliyinin də qayğısına qalınır: tutiyə (delikates) kimi. Buna Cabbarlıdan, R.Rzadan başlamış ənənənin davamı kimi də baxmaq olar. Bu sahədə türk ədəbi dilində xeyli iş görülmüş, əcnəbi sözlərinin qarşılıqları məharətlə tapılıb yerini tuta bilmişdi.

Paşa esselərinin ətri çox vaxt şeirlərininkinə bənzəyir (axı onlar eyni istedad ərintisindən yaradılır).

“Cahad” essesinin son sətirlərini (misralarını da demək olar) bir vətənpərvərlik nəğməsi kimi oxumaq olar:

Kömək olaq,
Arxa olaq,
Çəpər olaq bir-birimizə,
Azərbaycan oğulları, qızları!
Cahad, fışqırır Vətən, Cahad!
Müqəddəs döyüşə hazır olun
El oğulları, el qızları
Olum, ya ölüm!
Ölüm, ya olum!

“Sirli, soraqlı dünya” essesində, bənövşələr açan zaman şeirin bəndinə düşən 13 yaşlı bir gəncin ülvi sənətə ülvi məhəbbətinin rahiyəsini duyursan.

Gələcəkdə gözlərin keşiyini çəkəcək bir alimin ilk şeirini, Şəmkir çayının ləpələri ilə bəstələnən ilk nəğməsinin “Gözlər” olduğu təsadüf deyildir. Məncə, o elə həmin il həmin çayın sahilində içinə düşdüyü sirli-soraqlı dünyada taledən öz istedad payını almışdı. (Həmin şeir müəllifdə qalıbsa, növbəti kitablarının birində onu çap etdirməsini arzulayardım. Məncə, Paşanın poeziya aləminin gözləri həmin şeirlə açılmışdı.)

Sonradan həmin gözlər böyüyərək sirli soraqlı dünyanı içinə yığmağı bacarır. Həm sənəti, həm şeirlərilə nur qaynağına çevrilir.

Paşanın paralel şəkildə uzanan elmi və bədii fikirlərindən nələr öyrənməyirsən: Fikrət Qocanın “Krıma qar yağıb” şeirindəndi bu misralar:

“İyirmi ildən çoxdur
qayıdıb müharibədən...
Zərafşanın əri Krımda
Bir cüt uşaq qəbri kimi,
Dəfn eləyib ayaqlarını...
İndi soyuq dəyib, sayıqlayır:
Ay arvad, ayaqlarım üşüyür,
Ayaq barmaqlarımı ovxala”.

Bu misralarımızın poetik xətti. Bu da ona paralel elmi tərəfi: “Cərrahiyyə əməliyyatından sonra əlinin və ya ayaqlarının bir hissəsi kəsilib götürülmüş adamların çoxu həmin hissələrin ağrıdığını, qaşındığını bildirir.

Əgər müvafiq aparatlar olsaydı və cərrah bıçağı altından çıxmış adamın şəklini çəksəydik biz şəkildə onun bədəninin mövcud olmayan hissəsini görərdik. Kəsilib götürülən hissələr şüa sahələri şəklində hələ uzun müddət qalmaqda davam edir. “Tanrım” essesindən  əbədiyyat qoxusu gəlir. Müəllif istedadının Tanrı ərmağanı olduğunu dərk etdiyindən ən kamil yaradıcı axtarışına çıxır: “...Xaqanidən, Nizamidən, Füzulidən, Caviddən, Əli Kərimdən, Lorkadan, Edqar Podan, Uitmendən daha kimdən, kimdən böyük, çox böyük bir sənətkar, sehir sahibi, mükəmməl, mütləq, kamil bir yaradan var - Tanrı, Tanrım! Onun gözlə gördüyümüz şah əsəri, - İnsan!”

İnsan - bu ad necə də qürurla səslənir! Bu fikrə bələdik. Bütün yaratdıqları ilə bərabər İnsanın özünün Tanrının şah əsəri olduğunu Qəlbinurdan eşidə bilirik.

Esselərin arasında “Rəngli göz yaşları” - öyrədiciliyi baxımından bəlkə də birincidir: “Teymurləngin xüsusi fərmanı ilə (1397) bütün musiqi bilicilərinin padşahı adlandırılan, dahi Azərbaycan alimi, bəstəkarı, musiqi nəzəriyyəçisi, xəttatı, nəqqaşı, şairi, müğənnisi Əbdülqədir ibn Qeybi Marağinin musiqi aləmində virtuoz ifası, təkrarsız səsi həyatında iki dəfə ona kəsilən ölüm cəzasını əfv etdirib (çox güman ki, ölməz Mirzə Cəlilin “Kaman” hekayəsi həmin tarixi bilgidən yaranıb).

Essedə Maraği sənətindən məlumat alır, az qala əsirlər arxasında musiqi nəvalarını eşidə bilirsən. Musiqi ilə rənglər arasındakı vəhdəti necə var elə görürsən. Müəllifin bu essesi rənglərin göz yaşlarından yaradılmış irmaqlara dönüb birini göz, o birini söz sənətində ustadı bildiyi iki nəhəng müasirinə ithaf olunur.

“Rənglər”i  iki qeyrət sahibinə, iki müəllimimə, yollarıma uğur diləmiş, xeyir dua vermiş iki nur dağına, iki böyük alimə  - insanlara rəngli dünyalar bəxş edən məşhur göz cərrahı Ümnisə xanım Musabəylinin və dünyada ilk “Rənglər”müəllifi, Xalq şairimiz Rəsul Rzanın əziz xatirəsinə ithaf edirəm”. (Müəllifin sözünə qüvvət kimi əlavə etmək istəyirəm ki, unudulmaz R.Rzanın həmin əsərindən sonra mən də tanıdığım
insanları talelərinə uyğun rənglərlə görməyə başladım. “Üç adamın sarı günü” triptixim yarandı).

“İdrak ətri” esselər toplusunun ikinci fəsli sözlə çəkilmiş insan mənzərələrindən ibarətdir. Müəllif tərəfindən həmin bölməyə tanıdığı, nümunə götürdüyü, pərəstiş etdiyi olduqca nurlu adamlar seçilmişdir.

Rəssamlar portretlərini, çəkdikləri adamların əksərini qarşılarında az qala dondurub öz fırça yürüşünə başlayır. Nadir hallarda sevdiklərı insanların obrazlarına məhəbbətlərinin, müşaiyətlərinin köməyi ilə sərbəst yaradırlar.

Paşanın portret qəhrəmanlarının obrazları onun həkimlik və yazıçılıq səriştəsinin nurundan yaranmışdır.

Onların obrazları yeddi rəngin nuruyla bəzənir işıqlanır, nümunəyə çevrilir. Onların hər birində həmin rənglərdən birinin nuru üstünlük təşkil edir. “Vida” essesində dünyanın insanı,insanın dünyanı itirməsi qara rənglə nurlanır. Vidalaşanların portretləri olduqca bənzərsiz (orijinal) cizgilərlə çəkilir. Onlardan birində - Zəhra xanımdan söhbət açaq. O Zəhra Quliyevadan ki deyirdi: “Anaların yaşı olmaz, hansı yaşda dünyasını dəyişsə, yandırar bizi. Həmin Zəhra xanımın vida mənzərəsi: “Mənim gözəl müəllimlərimdən biri, professor Zəhra xanım Quliyeva səksən üç yaşında bu dünya ilə vidalaşanda, cəmi bir neçə gün yataqda qaldı. Aydın nitqi, təfəkkürü üstündə. Qızı söyləyirdi ki, son günündə gözlərini yumub, bizlərlə söhbətləşirdi. Neçə dəfə dedim ki, - Ana, gözlərini aç söhbətini elə. Hər dəfə də gözlərimi açsam, nə görəsiyəm ki, - deyirdi. Zəhra xanım bu dünyanı necə var elə görə bilmişdi, ona yaxşı bələd idi. Gecə qaranlığında insan öz evində istənilən əşyanı tapa bildiyi kimi Zəhra xanım da öz dünya evində hər şeyin yerinə bələd idi”.

Qara rəng fonunda bir müdrik insan vidası, bənzərsiz şəkildə təsvir edilir. Bir insan istisinə, soyuğuna, acısına, şirininə, xəyanətinə, etibarına, hər rənginə, ətrinə bələd olduğu dünyayla gözü açıq vidalaşmaq istəmirdi.

“Təkrarsız Ümnisə xanım” essesi sanki dan yerinin nuruna boyanır. Müəllifin fırçaya dönmüş qələmi həmin mənzərəni belə çəkir: “Deyirlər, Albert Eynşteynin gözlərində qeyri-adi parıltı var imiş. Heç bir fotoaparat, kinokamera o şövqü, parıltını, kağıza, lentə fiksə edə bilməyib”.

...Ümnisə xanımın üzündə qeyri-adi bir nur vardı. O, otağa daxil olanda,otaq işıqlanırdı.
Həmin nur da, ancaq və ancaq bu nadir insanı tanıyanların hafizəsində qala bilib. Onu da necə var elə kağıza həkk eləmək mümkün olmayıb.

Həmin nur son ünvanında da öz rəmzi rənginə qovuşa bilib. Müəllifin fırçası ilə qəribə, bənzərsiz bir mənzərənin şahidinə çevrilirik. Özü də müəlliminin yolu ilə həmin sahədə dünya şöhrəti qazanmış, tələbəsinin, ustadının məzarı önündə hər yaşında, hər görüşündə, tələbəyə çevrilməsi mənzərəsini: “Dünyanın müxtəlif ölkələrində yaşayıb, işləmiş görkəmli oftalmoloqlarla hər görüşümdən sonra üzü hamar, arxa tərəfi cilalanmış cod qırmızı mərmər başdaşınızla üzbəüz durub, Sizə ürəyimdə hesabat verirəm, Ümnisə xanım! (yəgin ki, onun son ünvanının rəmzi mərmərə dan yerinin qırmızı rəngi təsadüfi çökməyib).

Esse olduqca müdrik, müəlliminə layiq bir sonluqla başa çatır: “Allah Sizə rəhmət eləsin. Doxsan, yüz, min... (yəni əbədiyyət) yaşınız mübarək olsun!

Sonrakı rənglərin fonunda “Vətən sevgisi”, “İşığın yası”, “İdrak ətri”, “İbrahim Topşubaşov olduğu kimi”, “İmkanından artıq iş görən adam” ibrətamiz insan mənzərələri ilə tanış oluruq. Portret esselərini müəllifin sözlə çəkilmiş əsərlərindən ibarət sərgi də hesab etmək olar.

Bir tək “Şair” essesində müəllif bütün rənglər və rəng çalarlarından istifadə etmişdir. Dünyadan nakam, həm də yurdunun başqa parasında ayrılmış Nüsrət Kəsəmənli portretini yaradarkən. Bəlkə də həmin zəmini Nüsrətin yaradıcılığı şeirlərin göy qurşağına bənzədiyindən yaranmışdır. Həmin essenin həm Nüsrətin, həm də ona Paşa acısının portreti də hesab etmək olar: “Nüsrət tez getdi... Bu dünyaya əliyalın gəlmişdi. Nə ata çörəyi, kötəyi yemişdi, nə ana mehri, məhəbbəti görmüşdü... Nüsrət armud ağacıydı...

Arazboyu sərhədimizin neytral hissəsində bitmişdi. Atası Quzeyiydi, anası Güney, heç biri də onu sulamamışdı... (Yəgin ki, həmin armudun meyvələri, həmin intizardan yaranmış şeirləri olmuşdu).

Bu mənzərə şəxsən mənim gözümdə həmişəlik qalacaq. Çöllərdə, bağlarda armud ağacları ilə rastlaşanda nakam Nüsrətimizin ölməz təbəssümü ilə qarşılaşacağam. Varlığından həmin kəlmələr əks-sədasını verərək:

- Salam Nüsrət.

- Əlvida əziz dost.

Kitabın ön sözünü qələminə hörmət bəslədiyimiz Nizaməddin Şəmsizadə yazıb. İlk sətrindən sonuncusuna kimi Paşa yaradıcılığına məhəbbətinin ətrini və nurunu əskik etməyib. Alim qardaşımın fikirlərinə öz şair və nasir mülahizələrimi əlavə edirəm.

Mən Paşa Qəlbinurun ətir və nur dolu bənzərsiz esselərini onun yeni şeir və hekayələrinin, hətta povestlərinin qaynağı hesab edirəm.

Vaqif NƏSİB SARIHÜSEYNOĞLU

 





12.10.2015    çap et  çap et