525.Az

“Cavan qızla evlənmək Məşədinin haqqıdır...”


 

“Cavan qızla evlənmək Məşədinin haqqıdır...”<b style="color:red"></b>

Tanınmış şair Vahid Əzizlə söhbətimiz filmlərimiz haqqındadır. Çoxları kimi, Vahid müəllim də “Azərbaycan kinosu” deyəndə klassik filmləri yada saldı. 

- Əvvəllər Azərbaycan filmlərinin səmimiyyətinə, sadəliyinə kövrəldiyim anlar olsa da, indi kinomuzun bugünkü vəziyyətinə acıyıram. İlk dəfə Azərbaycan kinosuna o vaxtkı Şaumyan kənd rayonunda baxmışam. Yadımdadı, klubda “Uzaq sahillərdə” filmi göstərilirdi. Rayondakı ermənilər filmi qısqanclıqla qarşılayırdılar. Deyirdilər ki, bizim də qəhrəmanımız çoxdu, bəs niyə bizimkilər barədə film çəkilmir? 

Elə bilirəm ki, Azərbaycan kinosunun şah əsəri “O olmasın, bu olsun” filmidir. Üzeyir Hacıbəyovun ölməz musiqisi və filmin yaradıcı heyəti Azərbaycan xalqının bütün psixologiyasını bu filmdə ortaya qoya bilib. Əsil film odur ki, ona hər dəfə baxanda nəsə yeni bir şey tapasan. Bu filmdə belə bir məqam var – Məşədinin cavan bir qıza elçi düşdüyünü eşidən ziyalılar ona ironiya ilə yanaşır, karikatura həsr edir, şeir yazırlar. Mənə elə gəlir ki, Üzeyir bəy bu yerdə “Molla Nəsrəddin”çilərin timsalında Azərbaycan ziyalılarının halına acıyır. Müəllif demək istəyir ki, Sərvər kimi “studentlər” bir gün sevgililərinizi əlinizdən alacaq. Filmdəki mesaj ondan ibarətdi ki, bizim cəmiyyətdə bircə nəfər normal adam varsa, o da Məşədi İbaddır – içki içmir, yalan danışmır, təmiz adamdır. Heç kimi aldatmır, heç kimə kələk gəlmir. Evlənmək istəyir. Özü də cavan bir qızla. Bu, onun haqqıdır. Amma onu hamı aldadır. Qızın atası aldadır, qoçu aldadır, jurnalist aldadır, intelligent aldadır. Filmdə bir yer var, qoçu başqa bir qoçunun qorxusundan qaçıb arvad hamamına girir. Üzeyir bəy deyir ki, qoçumuz da bir qoçu deyil. Adamları aldatmaqdan başqa əllərindən bir iş gəlmir. Digər bir filmdə - yeni variantda çəkilmiş “Arşın mal alan”da bir yerdə iki qoçu mübahisə edir. Bu zaman bir rus qızı yaxınlıqdan keçir. Qoçular mübahisəni saxlayıb, “adə, matişkəyə bax” deyə söz atırlar. Sovet dönəmində çəkilən filmdə bunu etmək cəsarət tələb edirdi . Amma son illər “matişkə” sözü filmdən çıxarılıb. Niyə? Niyə filmi saxtalaşdırırlar axı?

Mən filmlərə həm süjet baxımından, həm də siyasi aspektdən yanaşıram. 

Ən çox xoşuma gələn filmlərdən biri də “Dərviş Parisi partladır” filmidır. Mirzə Fətəli Axundov dahi bir şəxsiyyət idi. Sən heç fikriləşmisən ki, baş qəhrəmanın adı niyə Şahbazdı?

- Doğrusu, bu barədə heç düşünməmişəm.

- Başqa bir ad qoyardı da. Deməli, Fransadan bir təbiətşünas gəlir Qarabağa ki, təbiəti öyrənsin. Şahbaz isə onunla Fransaya qayıdıb elm öyrənmək eşqinə düşür. Bu vaxt xəbər gəlir ki, Fransa hökuməti dağılıb. Müsyö Jordan qayıdır Parisə. Amma Şahbaz qalır. Bizdə Şahsevənli, Şahbaz, Şahlar, Şahgəldi adları dəbdədi. Bu o deməkdir ki, biz şah sevənik, göstərişə müntəzirik. Yeniliyə can ata bilmirik. Özümüzdən böyüyün qarşısında acizik. Arzularımızın arxasınca gedə bilmirik. Hacı Zeynalabdin Tağıyev deyəndə ki, qızlarınızı göndərin getsin xaricdə oxusun, bunu doğru anlamaq istəmirdilər. O, insanları başa sala bilmirdi ki, oğlunuz xaricdə oxuyub gələndən sonra fatmanisələrlə evlənib, sizinlə bir evdə yaşaya bilməyəcək. Film ona görə yaranır ki, yazıçı insanlara nəyisə başa salmaq istəyir. Amma indiki filmlərdə hansı mesajın ötürüldüyünü heç kim bilmir - nə ssenarist, nə rejissor, nə də tamaşaçı.

- Siz filmləri nəzərdə tutursunuz, yoxsa teleserialları? 

- Elə hər ikisini nəzərdə tutub deyirəm. Filmlərdə verilən mesajlarla bağlı diqqətli olmaq lazımdır. Səksəninci illərdə Yaşar Nuri və Firəngiz Mütəllimovanın iştirakı ilə “Səni axtarıram” adlı ilk çoxseriyalı televiziya filmi ekranlaşdırıldı. Filmin sonunun faciə ilə bitdiyini öyrənəndə müəllif Aslan Qəhrəmanova etirazımı bildirdim. Bununla da filmin sonunu dəyişdilər. Camaat o filmə böyük sevgi ilə, həyəcanla baxırdı. Filmin faciə ilə bitməsi insanlarda ruh düşkünlüyü, xəyal qırıqlığı yaradacaqdı. Film iki sevən adamın qovuşması ilə yekunlaşdı. Oradakı həyat sırf azərbaycanlı psixologiyasına aid idi. İndiki seriallarda isə hansı millətin psixologiyası təqdim olunur, bilinmir.

- Filmlərin çəkilişi üçün dövlət tərəfindən müəyyən vəsait ayrılır. Sizcə, kinomuzun bugünkü problemlərinin səbəbi mövcud maddi-texniki bazanın səviyyəsi ola bilərmi? 

- Bu yaxınlarda avtomobilimi təmirə aparmışdım. Bir çilingər mənə dedi ki, seriala çəkilirəm. Çox təəccübləndim. Seriallara pullar ayrılır, amma peşəkar aktyorlar, aktrisalar qalır kənarda. Tikintiyə fəhlə tutduqları kimi, seriallara da kənardan aktyorlar cəlb edirlər. Axı kino sahəsində çalışan insanlar gərək öz ciblərini güdməsinlər, başa düşsünlər ki, Azərbaycan mədəniyyətinə xidmət etməlidirlər. Dəfələrlə efirdə də demişəm, bizdə senzura mütləq bərpa edilməlidir. Nəzarət olmayan yerdə nəzarətsizlik baş alıb gedir. Təklif etmişəm ki, ya Mədəniyyət Nazirliyi, ya Nazirlər Kabineti yanında, ya hər hansı bir televiziya komitəsinin nəzdində və ya ortaq bədii şuranın tərkibində mütləq nəzarət edən qurum fəaliyyət göstərməlidir. Mədəniyyət, əxlaq, mənəviyyat bazar münasibətlərinə qurban verilir. Bədii şura ona görədir ki, dövlətin hər hansı bir iş üçün ayırdığı pulu həmin işə səmərəli şəkildə yatıra bilsin. İndi kinoteatrların da əksəriyyəti bağlanıb. Azərbaycan filmlərinə harada baxaq? Hərçənd, Azərbaycan filmləri Bakıda göstərilmir də.

- Çoxları düşünür ki, klassik filmlərimiz əvəzsizdir. Onlara baxdıqca baxırıq. Mövzu gündəmdən düşmür, film tamaşaçını yormur. Bəs niyə onlar Azərbaycanın sərhədlərini aşa bilmədi?

- Bilirsinizmi, hər şey təbliğatdan asılıdır. Bülbülün, Üzeyir Hacıbəyovun, Natəvanın güllələnmiş büstlərini Bakıya gətirdilər. Amma bunu gizlində saxlamaq üçün gətirmədik axı. Erməni vandalizmini gizlətmək nəyə lazımdır? Onları Fəvvarələr meydanında qoyub, altından bir neçə xarici dildə mütəfəkkirlərin büstlərinin kimlər tərəfindən bu hala salınmasını yazmaq daha yaxşı olmazdımı? Axı bizim ölkəyə hər il turistlər gəlir. Qoy görsünlər ki, hərgah ermənilər Azərbaycan mütəfəkkirlərinin tuncdan olan obrazlarını bu hala salıblarsa, deməli, Xocalı soyqırımını da törədə bilərlər. Hər dəfə xəbərlər proqramından sonra hava haqqında verilən məlumatlarda Şuşanın, Laçının hava durumu haqqında da məlumat veririk. Azərbaycan vətəndaşı kimi, istəyirəm ki, Filarmoniyanın yanından Bulvara düşəndə nəvəm “Şuşa 750 km”, “Xankəndi 540 km” yazılmış lövhə görsün. Küçələrdə reklamlar üçün monitorlar qoyulub. Heç görmüsünüzmü ki, Qarabağla bağlı bir şəkil yerləşdirilsin?

- Haqlısınız. Yaxşı olardı ki, heç olmasa, rayonların işğal edildiyi günlərdə bununla bağlı məlumat yerləşdiriləydi.

- İndi qayıdaq sizin suala... Filmlərin təbliğ edilməsini nəzərdə tuturuqsa, bu o demək deyil ki, türkdilli xalqların da filmləri tərcümədə yayımlanmalıdır. Sizcə, türk filmlərinin azərbaycanca tərcüməsi nə dərəcədə doğrudur? Axı biz həm də ortaq türk dilindən danışırıq. Bunun üçün sən türk dillərində olan filmləri orijinalda göstərməlisən ki, ortaq dil də formalaşsın. Fikir vermisinizsə, bəzi türk filmlərində “ben” deyil, “mən” deyilir. Mədəniyyət ünsiyyətlə zənginləşər. Türkdilli xalqların filmləri orijinalda təqdim olunmalıdır. Əgər ehtiyac varsa, sözləri titrlə də vermək olar. Əgər gələcək nəsillərə xidmət edərək ortaq türk dilini yaratmaq istəyirsənsə, bu işi görmək lazımdı. Amma əgər bizim filmlərin dünya ekranlarına çıxmasını istəyiriksə, bu məsələnin həlli tamam ayrıdır. Heç görmüsünüzmü hansısa xarici ölkədə Azərbaycan filmlərinin festivalı keçirilsin? Olmayıb. Bunun üçün əvvəlcə bizim filmlər yüksək səviyyədə xarici dillərdən birinə tərcümə olunmalıdır. Elə bilirəm, bu işi kimsə bir gün öz üzərinə götürəcək.

"Aydın yol" qəzeti

 





14.10.2015    çap et  çap et