525.Az

Mübariz Qurbanlı onu efirdə söyüş söyməkdə suçlayan saytı məhkəməyə verəcək


 

Mübariz Qurbanlı onu efirdə söyüş söyməkdə suçlayan saytı məhkəməyə verəcək<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı AzTV-nin “Günün nəbzi” verilişində söyüş söyməsi barədə yayılan video barədə açıqlama verib.

525.az-ın məlumatına görə, millət vəkili bildirib ki, verilişdə söyüş söyən şəxs o, olmayıb.

“Mən özünə və ətrafdakı insanlara hörmət edən adam olaraq ümumiyyətlə, söyüş söymürəm. Söyüşə nifrət edirəm. İllər uzunu ali məktəblərdə dərs demişəm, həmişə ölkə gəncliyinin arasında olmuşam. Gəncləri necə söyə bilərəm? Siz o kadrlara diqqətlə baxsanız, əslində özünüz də çox şeyi asanlıqla aydınlaşdıra bilərsiniz”- deyən millət vəkilinin sözlərinə görə, o, studiyada elə yerdə oturubmuş ki, söyüşün səsləndiyi anlarda əyilib kiminləsə danışmağı da texniki baxımdan belə mümkün deyilmiş: “Mən aparıcı ilə həmin anlarda çıxış edən Şahin İsmayılovun arasında oturmuşdum. Şahin o anlarda kameraya baxıb çıxış edirdi. Aparıcının isə mikrofonunun açıq olduğunu hamı bilir. Bunu bilən adam belə şeyi necə edə bilər? Neçə illər televiziyalarda veriliş aparmışam, mənim efir, studiya təcrübəm var”.

 Bununla yanaşı, M.Qurbanlı konkret ad çəkməsə də, dolayısı ilə söyüşün verilişin digər iştirakçıları tərəfindən işlədilə bilməsinə diqqət çəkib:

“Onu bildirim ki, veriliş canlı olmayıb və bu üzdən  həmin qeyri-etik ifadənin kadrlara süjet üzərində texniki işlər aparılarkən, montaj zamanı məsuliyyətsizlik və səhlənkarlıqdan düşməsi ehtimalı da istisna deyil”.

 Bu xoşagəlməz olayın ona çox pis təsir etdiyini deyən M.Qurbanlı sonda onu da bildirib ki, həmin anların videosunu ilk dəfə yaymış contact.az saytını məhkəməyə verməyə hazırlaşır.
 
Kamil Həmzəoğlu

 





07.01.2013    çap et  çap et