525.Az

"Latın Amerikasında maraqlarımızın təmini üçün əlverişli şərait mövcuddur"


 

"Latın Amerikasında maraqlarımızın təmini üçün əlverişli şərait mövcuddur"<b style="color:red"></b>

Son illər Azərbaycanla Latın Amerikası ölkələri  arasında münasibətlərin  inkişafı yeni mərhələyə qədəm qoyub. Rəsmi Bakı bu regional əlaqələrə xüsusi diqqət verir. Latın Amerikası ölkələrində də Azərbaycanla əməkdaşlığa maraq böyükdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "525"ə müsahibəsində bu istiqamət barədə daha ətraflı danışıb.

-Azərbaycanın xarici siyasətində Latın Amerikası regionu mühüm əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələri dinamik surətdə inkişaf edir. Prezident İlham Əliyev Azərbaycanın 2012-ci ilin ərzində sosial-iqtisadi inkişafına dair Nazirlər Kabinetinin son iki iclasında Latın Amerikası regionu ilə əməkdaşlığın inkişafını xüsusi olaraq vurğulayıb. Belə ki, Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında dövlət başçısı Latın Amerikası ölkələri ilə əlaqələrimizin daha da gücləndiyini və qarşılıqlı səfərlərin keçirilməsinin göstərdiyini bildirib. Latın Amerikasında həm siyasi, həm də iqtisadi maraqlarımızın təmin edilməsi üçün əlverişli şəraitin mövcudluğu, Azərbaycan investisiyalarının bu regionda tələb olunduğu və bu kimi məsələlərə çox diqqətlə baxdığımızı bildirib.

- Hazırda bu regionla əlaqələrin səviyyəsini necə qiymətləndirmək olar?

-Azərbaycanla Latın Amerikası regionu arasında əlaqələr son beş ildə yüksək inkişaf dövrünə qədəm qoyub. Bu illər ərzində Azərbaycanın region ölkələrində və həmin ölkələrin Bakıda diplomatik nümayəndəlikləri təsis edilib, çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, ikitərəfli sazişlər imzalanıb.

Bundan əlavə diplomatik təmsilçilikləri də vurğulamaq istəyirəm.  Azərbaycanın 2007-ci ildə Kubada, 2009-cu ildə Meksika (Kolumbiya, Panama, Honduras, Peru, Kosta Rika və Qvatemala da akkreditə olunub), bir il sonra Argentina (Uruqvay, Çili, Boliviya və Paraqvayda da akkreditə olunub), 2013-cü ildə Braziliyada (Ekvador, Surinam, Qayana və Trinidad-Tobaqoda da akkreditə olunub) səfirlikləri, ötən il Kolumbiya, Uruqvay, Çili, bu il isə Peruda diplomatik ofisləri təsis edilib. Azərbaycanda isə Kuba, Braziliya, Argentina, Meksika və Kolumbiyanın səfirlikləri fəaliyyətə başlayıb.

Qarşılıqlı olaraq xarici işlər nazirlərinin səfərləri həyata keçirilib. Parlamentlərarası əlaqələri də xüsusi qeyd etmək istəyirəm. Hazırda Argentina, Uruqvay, Çili, Paraqvay, Meksika, Kolumbiya, Braziliya, Peru və Kuba parlamentlərində Azərbaycanla parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Azərbaycan Milli Məclisində Argentina, Uruqvay, Meksika, Braziliya, Çili, Kolumbiya, Kuba, Peru ilə parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. Ötən 5 il ərzində qeyd olunan ölkələr ilə parlament nümayəndə heyətlərinin çoxsaylı qarşılıqlı səfərləri həyata keçirilib.

Ticari-iqtisadi əlaqələrə gəlincə, Azərbaycanla Latın Amerikası ölkələri arasında qarşılıqlı ticarət dövriyyəsi 2014-cü il ərzində toplam 300 milyon ABŞ dolları təşkil edib. Regionda ölkəmizin ən böyük ticarət tərəfdaşı Braziliyadır.

Azərbaycanla Latın Amerikası regionu ölkələri arasında siyasi, iqtisadi, mədəni, ticari, elmi-akademik və digər sahələr üzrə toplam 60-a yaxın müqavilə və saziş imzalanıb.

-Latın Amerikası ölkələrinin bəziləri həm də Xocalı soyqırımını tanıyıblar...

-Bəli, bu regiondakı bəzi ölkələrin parlamentləri həm Dağlıq Qarabağ münaqişəsi, həm də Xocalı soyqırımına dair sənədlər qəbul ediblər.  Məsələn, Meksika Milli Konqresinin müvafiq olaraq həm Senatı, həm də Deputatlar Palatasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sənədlər  qəbul edib. Sənədlərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu ərazisinin işğal edilməsi, münaqişə zamanı mülki əhalinin məhv edilməsi, xüsusən də Xocalı soyqırımı zamanı insanların öldürülməsi qətiyyətlə pislənilib.

2012-ci ilin 28 mart tarixində Kolumbiya Senatının II Konstitusional Daimi Komitəsində "Azərbaycan Respublikası ərazisinin qanunsuz işğal edilməsi" barədə qərar qəbul edilib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktının öz əksini tapdığı və Xocalı faciəsini soyqırımı aktı kimi tanıyan qərar ratifikasiya edilməsi üçün 102 senatorun iştirakı ilə Senatın plenar sessiyasına təqdim olunub və yekdilliklə qəbul edilib. Peru Konqresi, Panama Milli Assambleyası, Hondurasın Milli Konqresi, Qvatemala Konqresi də Azərbaycan ərazilərinin işğalı və Xocalıya dair sənədlər qəbul edib.

-Bu regiondakı ölkələrin bəzilərinin, xüsusilə Uruqvay, Argentinada güclü erməni diaspor və lobbisi var. Bu baxımdan onlar münasibətlərin inkişafına hansı maneəni törədirlər?

- Argentina, Braziliya və Uruqvayda mütəşəkkil erməni icması fəaliyyət göstərir. Onlar daxili siyasətə təsir edə biləcək gücə malikdir. 1989-1996-cı illərdə erməni lobbisi və diaspor təşkilatlarının səyi nəticəsində bu ölkələrin parlamentlərində  Qarabağ münaqişəsi ilə bağlı 5 sənəd qəbul edilib.

2011-ci ildən başlayaraq erməni tərəfi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni separatçı rejimin Uruqvay tərəfindən tanınmasına nail olmaq üçün çoxsaylı cəhdlər göstərib, ölkənin keçmiş xarici işlər naziri Luis Almaqronu da müvafiq təxribatlara cəlb edib və onun tərəfindən bir sıra təhlükəli bəyanatların səsləndirilməsinə nail olub. Hətta 2012-ci ilin may ayında L.Almaqronun Ermənistana səfəri vaxtı onun Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin təşkilinə cəhd göstərilib, lakin səfirliyin addımları nəticəsində bunun qarşısı alınıb. 2011-ci ilin noyabr ayında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni separatçı rejimin rəhbəri Bako Saakyanın Uruqvaya səfəri vaxtı onun Uruqvay rəsmiləri tərəfindən qəbul edilməsinin, habelə icmanın cəhd etdiyi digər təxribatların da qarşısı alınıb. Lakin 2012-ci ildə erməni tərəfi Uruqvay parlamentinin üzvlərinin, o cümlədən, Nümayəndələr Palatasının sədri Xorxe Orrikonun işğal olunmuş ərazilərə qanunsuz səfərini təşkil edə bildilər. Bu səbəblərdən də son illərdə Uruqvayla münasibətlərdə yüksək gərginlik mövcud olub, eyni zamanda Uruqvayda (hökumət və parlament) erməni tərəfinin müvafiq təxribatlarının, xüsusilə də separatçı rejimin tanıdılması cəhdlərinin qarşısını almaq üçün tərəfimizdən böyük səylər göstərilib.

Nəhayət, Uruqvayda 2015-ci ilin mart ayında yeni hökumətin formalaşması ilə XİN-in yeni rəhbərliyi münaqişə ilə bağlı mövqeyinə birmənalı aydınlıq gətirib. Xarici işlər naziri Rodolfo Nin Novoa mart ayında azərbaycanlı parlamentarları qəbul edərkən Uruqvayın Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini, bir ölkənin ərazisinin digər ölkənin hərbi qoşunları tərəfindən işğal edilməsinin yolverilməzliyini və münaqişəyə münasibətdə qəbul edilmiş BMT qətnamələrinin yerinə yetirilməsinin vacibliyini bildirib. Habelə 2015-ci ilin sentyabr ayında Azərbaycanda rəsmi səfərdə olmuş Uruqvay xarici işlər nazirinin müavini Xose Luis Kansela isə Uruqvay üçün dövlətlərin ərazü bütövlüyü prinsipinin vacibliyini qeyd edib. Onu da qeyd edim ki, hazırda XİN Latın Amerikasının digər ölkələri ilə də əməkdaşlığın inkişafı üzrə iş aparır.

PƏRVANƏ

 





15.10.2015    çap et  çap et