525.Az

"Azərbaycana səfir təyinatını böyük məmnunluqla qarşıladım"


 

"GƏLƏCƏKDƏ SƏFİR KİMİ FƏALİYYƏTIMDƏ ÜÇ ƏSAS PRİORİTETİM OLACAQ"

"Azərbaycana səfir təyinatını böyük məmnunluqla qarşıladım"<b style="color:red"></b>

Müsahibimiz Hindistanın Azərbaycandakı yeni səfiri  Sanjay Ranandır. Qeyd edək ki, səfir Bakıya ötən həftə gəlib. Azərbaycanda ilk dəfə olduğunu deyən diplomat daha əvvəl Maldiv adalarında çalışıb.

- Cənab səfir,  Azərbaycanda olduğunuz qısa müddət ərzində ilkin təəssüratlarınız nədən ibarətdir?

- Mən ötən həftə Azərbaycana iki övladım və həyat yoldaşımla gəlmişəm.  Qeyd etdiyiniz kimi baxmayaraq ki, qısa müddətdir Bakıdayıq, amma burada gördüklərimizdən çox təsirləndik. Ümumiyyətlə, şəhərin  çox gözəl arxitekturası,  müasir binaları var. Bakı dünyanın çox inkişaf etmiş şəhərlərindən biridir. Ölkənizdə hər şey var.  İlk növbədə isə mən çox mehriban, gülərüz, səmimi və qonaqpərvər insanlarınızı qeyd etmək istəyirəm.  Hər kəs bizi burada çox səmimi və gülərüzlə qarşılayır.  Azərbaycanda bu il keçirilən ilk Avropa Oyunları barədə də eşitmişəm.  Mən burada uzun müddət qalmağı və işləməyi səbrsizliklə gözləyirəm.

- Bildiyimizə görə, daha əvvəl Maldiv adalarında səfir kimi çalışmısınız. Azərbaycana təyin olmağı necə qarşıladınız?

-  Mən Azərbaycana səfir təyinatını böyük məmnunluqla qarşıladım. Çünki artıq ölkəniz  barədə məlumatım var idi. Hindistan şirkətləri burda çalışırlar, biznes  nümayəndələri fəaliyyət göstərirlər. Ölkələrimiz, insanlarımız arasında səmimi əlaqələr var. Hindistan Azərbaycan əlaqələri qədim tarixə əsaslanır. Azərbaycanlılar hindistanlıları tanıyır, hindistanlılar isə azərbaycanlıları tanıyır. Ümumiyyətlə, Hindistanda Azərbaycana qarşı böyük bir maraq var. Şirkətlər Azərbaycanda investisiya qoyuluşunu artırmağa maraq göstərirlər. Ona görə də Bakıya səfir təyinatını eşidəndə çox xoşbəxt oldum.   İki ölkə arasında qarşılıqlı olaraq yüksək səviyyəli səfərlər həyata keçirilir. Bu yaxınlarda digər yüksək səviyyəli səfərlərin  reallaşdırılmasını gözləyirik. Azərbaycanın Xarici İşlər Nazirliyi ilə bununla bağlı müzakirələr aparmışıq, yəni müəyyən planlarımız var və  gələcəkdə bunlar baş tutacaq.

- Azərbaycanda çalışacağınız müddət ərzində əsas prioritetləriniz nədən ibarət olacaq?

- Mənim Azərbaycanda gələcək fəaliyyətimdə üç əsas prioritetim olacaq. İlk növbədə iki ölkənin  siyasi səviyyədə ələqələrinin daha da inkişafı, qarşılıqlı olaraq  görüşlərin keçirilməsinə çalışacağam. Digər tərəfdən xalqlar arasında əlaqələrin intensivləşməsi vacibdir. Doğrudur, xalqlarımız bir-birini çox yaxşı tanıyır. Amma düşünürəm ki, bu əlaqələr daha da sürətlənməlidir. Nəhayət, iqtisadi sahə, xüsusilə biznes imkanlarının  inkişafı diqqətdə olacaq.

- Siyasi və iqtisadi əlaqələrin hazırkı vəziyyət sizi qane edirmi?

- Qeyd etdiyim kimi Bakıya yeni gəlmişəm və hazırda vəziyyəti öyrənməyə çalışıram. Onu deyə bilərəm ki, iqtisadi ticarət sahədə  əlaqələrimiz   inkişaf edib. İki ölkə arasında yüksək səviyyəli səfərlər həyata keçirilir. Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə biz bu səfərlərin intensivləşməsi məsələsini müzakirə etdik.  Onu da vurğulayım ki, Hindistanın ONGC  Videsh Limited neft şirkəti Azərbaycana 1 milyard dollar investisiya qoyub. Bundan əlavə,  bu ilin birinci yarısında maliyyə nazirimiz Arun Cetley  Azərbaycana səfər edib. İki ölkə arasında iqtisadi məsələlər üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir və bu çərçivədə də görüşləri olub. 2013-cü ildə xarici işlər naziri Elmar Məmmədyarov Hindistana səfər edib. Mən öz fəaliyyətim dövründə qeyd edilən sahələrin daha da inkişaf etməsinə, xüsusilə neft- qaz sahəsinə daha çox investisiya qoyulmasına çalışacam.

- Hindistan həm də  turizm ölkəsi kimi tanınıb. Azərbaycan da turizm potensialına malik ölkədir. Bu sahənin inkişafını necə görürsünüz?

- Azərbaycanla Hindistan arasında turizm potensialı yüksəkdir. Əsasən tibbi turizm  inkişaf edir Azərbaycandan  Hindistana müalicə məqsədilə çoxlu turistlər gedir, orada onlar müalicə alır, əməliyyat olunurlar.  Çünki qiymətlər çox məqsədəuyğundur, həkimlər də xəstələrə çox yaxşı qayğı  göstərirlər. Bizim çox yüksək səviyyəli həkimlərimiz var.  İki ölkə arasında tibbi turizm çiçəklənir və bu sahənin böyük potensialı var.

- Turizmin inkişafı üçün birbaşa reyslərin olması da vacibdir. Birbaşa reyslərin açılması gözlənilirmi?

-Hindistan və Azərbaycan 2013-cü ildə hava xidmətinə dair müqavilə imzalayıb. Artıq müqavilə əsası mövcuddur.  Amma birbaşa uçuşların həyata keçirilməsi aviareys şirkətlərinin öhdəliyindədir. Nə zaman bu, onlar üçün uyğun, əlverişli olacaq, onda uçuşlar həyata keçiriləcək. Mən də öz fəaliyyətim dövründə bunun təşviqinə çalışacam.

- Cənab səfir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Hindistanın mövqeyi necədir?

- Biz çox maraqlıyıq ki, Azərbaycanla əlaqələrimiz bütün sahələrdə inkişaf etsin. Həmçinin Hindistan üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenlik prinsipləri çox vacibdir və biz bu prinsipləri dəstəkləyirik. Məhz bu səbəbdən də biz Qarabağ münaqişənin sülh və danışıqlar yolu ilə həll olunmasını istəyirik. Bu konteksdə ümid edirik ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi münaqişənin sülh yolu ilə həllində faydalı olacaq.

- Bakıda növbəti "Hindistan sərgisi" açılıb. Hindistanda Azərbaycanla bağlı belə bir sərginin açılması mümkündürmü?

- Əvvəlcə, sərgi ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Bu sərgidə Hindistanın sənət nümunələri, əl işləri nümayiş olunur. Sərgiyə azərbaycanlılar tərəfindən maraq var. Amma istəyirəm ki, bu maraq daha böyük olsunlar. Onlar sərgiyə gəlsinlər, tanış olsun və və yararlansınlar. Biz qarşıdakı günlərdə başqa hind sərgiləri də keçirməyi düşünürük. Belə ki, 15 oktyabrda FİCCİ-Hindistan Ticarət və Sənaye Palataları Federasiyasının  təşkil etdiyi sərginin şahidi olacağıq. Sərgi çərçivəsində Bakıya müxtəlif şirkətlər gələcək. Hindistanda  da Azərbaycan mallarına çox böyük maraq var. Bunu nəzərə alaraq  Hindistanda da Azərbaycan mallarının sərgisi keçirilə bilər. Biz istərdik ki, ikitərəfli ticarət münasibətləri genişlənsin.

Pərvanə SULTANOVA

 





15.10.2015    çap et  çap et