525.Az

Dost haqqında söz - Yaxud kimdir Əflatun Amaşov?


 

Dost haqqında söz - <b style="color:red">Yaxud kimdir Əflatun Amaşov?</b>

Məncə ömrümüz bizim istədiyimiz, sevdiyimiz və bizi istəyən, sevən insanların, o cümlədən, dostların, səmimi yoldaşların, məsləkdaşların varlığı ilə tamdır. Yoxsa yaşamağın mənası və gözəlliyi olmazdı. Bu sarıdan nə yaxşı ki tale məni Əflatun Amaşovla rastlaşdırdı! Düz 36 ildir ki, onu tanıyıram...

Bakıda keçən günlər: Otağımızda bir qutu asmışdı. Kim danışığında əcnəbi, yaxud qəbih söz işlətsə, cəriməsini oraya salmalı idi. Yığılan pula sonra həmin ziyançəkən dostlarla birgə kafeyə gedərdik. Onun dəftərində Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasının mətni... Poemanı əzbər bilirdi.

Mənim kiçik bloknotumda Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasının mətni... O vaxt həmin əsərlərin çapı qadağan idi və bunun səbəbini hamı bilirdi.

Moskvadakı tələbəlik illərimiz: Stolunun üstündə "Azərbaycan" albomu... Sovet respublikalarına həsr edilmiş tədbirlərdə Azərbaycanın tarixindən və çağdaş həyatından bəhs edən slaydları böyük həvəslə öz şərhi ilə təhsil aldığımız Moskva Dövlət Universitetinin Sovet və əcnəbi tələbələrinə nümayiş etdirməsi... İndi Qırğızıstanın məşhur jurnalisti olan bir şəxsin milli mənsubiyyətini gürcü tələbələrin aşağılamasına sərt cavabı, Çingiz Aytmatovu, "Manas" eposunu misal çəkməsi... Ulu öndər Heydər Əliyevin həmin illərdə Moskvaya gəlməsini imkanımız daxilində bayram etdik. İkimiz də təzəcə aldığımız təqaüdləri bir yerə qoyduq, üstünü də düzəldib yataqxanada yaşayan yaxın münasibətlərimiz olan rus, ukraynalı, qazax, gürcü, belorus, latış və s. tələbələri də süfrəyə çağırdıq. SSRİ kimi dünyanın təxminən yarısını xəritələyən bir dövlətin sükanını hərləyənlərdən birinin də azərbaycanlı olacağını dərk etdiyimizdən qəlbimizi milli qürur hissi sarmışdı, sevincimizin həddi-hüdudu yox idi. Çoxları bizə qibtə edirdilər.

Sonralar: Dünyadan vaxtsız getmiş bir tələbə yoldaşımızın balasına maddi və mənəvi havadarlıq etməsinin, onun təhsili ilə məşğul olmasının şahidi oldum. Məcburi köçkünlərə təmənnasız köməyinin, illərlə kirədə yaşayan istedadlı jurnalistləri öz səlahiyyəti daxilində mənzillə təmin etməsinin şahidi oldum. Moskvada beynəlxalq media forumlarda onun Azərbaycanın dövlətçiliyini şəstlə mühafizə etdiyinin, Qarabağla bağlı tarixi həqiqətləri dünyaya çatdırmaq cəhdlərinin şahidi oldum...

Beləcə taleyin süzgəcində hər şey süzüldü, illər sapa düzüldü və gördüm ki, insan mələk deyil. Amma...Əflatunun insanlığı, istiqanlılığı, vicdanlılığı, mərdliyi, dostluğa sədaqəti onun adına bağladığım şeirə çevrildi:

İki zəvvar

Əziz dostum, qardaşım Əflatun Amaşova

Ey könül həmdəmim, ürək sirdaşım,
İlahi nurudur qəlbində sevgin.
Zirvəyə ucalan ömürüm, yaşım,
Adınla məğrurdur, ününlə öygün!

Səninlə keçən ilk gənclik günlərim,
Şirin duyğulara qəlbimi bələr.
Qoy ötən illərə məktub göndərim,
Bəlkə uzaqlardan dönüb gələlər.

Bəlkə tarix dönə, qaytara geri,
Neçə-neçə itən səsi, avazı...
Atalar dünyadan köçəndən bəri,
Solğun güllər açır illərin yazı.

Zaman sınağından keçirdi bizi,
Qara qasırğalar ötdü aradan.
Məmləkət ağrılı ürəyimizi,
Bizə çox görməsin ulu Yaradan.

Tanrı bizi özü imtahan edir,
Bu dünya sədəfdir, saf incisi sən.
Bir cüt zəvvar haqqa doğru yol gedir,
Birincisi sənsən, ikincisi mən.

12.07.2006, Moskva

Bu günlərdə Əflatun müəllimin 62 saylı Saatlı seçki dairəsindən millət vəkilliyinə namizədliyinin irəli sürülməsini internetdə oxudum. Sevindim: Allah köməyi olsun! Bilirəm ki, bu istək şəxsi ehtirasdan yox, hər şeydən əvvəl, onun Milli Məclisdə xalqın layiqli elçisi olmaq arzusundan doğub. Əflatun Amaşov Millətimizi, Vətənimizi, dilimizi, dinimizi və mədəniyyətimizi sevən insandır. O, görkəmli ictimai xadim və jurnalist kmi bu sevginin yolunda az işlər görməyib. Onun lehinə və səsinə səs verənlər yanılmayacaqlar!

Bu yazını özümün özümə monoloqum kimi yazdım. Bu mənim layiqli bir Vətən oğlunu, bir şəxsiyyəti necə tanıdığımı bildirmək, daha da tanıtdırmaq istəyimdir. Allah hər kəsə öz fikrindən haqqa, həqiqətə zərərsiz və qərəzsiz xeyir versin!

Əliş ƏVƏZ 
Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər irliklərinin üzvü
Moskva

 





16.10.2015    çap et  çap et