525.Az

Azərbaycan multikulturalizminin İndoneziyadakı təntənəsi - Fotolar


 

Multikulturalizm həyat tərzimizdir

Azərbaycan multikulturalizminin İndoneziyadakı təntənəsi - <b style="color:red">Fotolar</b>

Azərbaycan multikulturalizminin İndoneziyadakı təntənəsi

30 sentyabr-2 oktyabr tarixlərində İndoneziya Bali adasının Denpasar şəhərində Xaricilərə İndoneziya dilini Tədris edən Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib. IX beynəlxalq konfrans “Dünya keçid mərhələsində: qloballaşma, multikulturalizm və xaricilərə dilin tədrisinin inkişaf strategiyası” mövzusuna həsr edilib.

Azərbaycanı bu konfransda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) nümayəndəsi professor Həbib Zərbəliyev təmsil edib. Professor bu ölkədə bir sıra vacib tədbirlərdə iştirak edib, İndoneziyanın müxtəlif dairələrində Azərbaycan multikulturalizminin təbliğatı ilə bağlı görüşlər keçirib.

lll

Bugünlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində İndoneziyaya ezam edilən professor Həbib Zərbəliyevin iştirak etdiyi tədbirlərdəki fəaliyyətinə həsr edilən hesabatı dinlənilib.

Professor əvvəlcə İndoneziyanın Coqyakarta şəhərində Muhammadiyyah dini-sosial təşkilatının üzvləri ilə keçirilən “Azərbaycan multikultural ölkə modeli kimi” mövzusunda dəyirmi masa, sonra isə İndoneziya Bali adasının Denpasar şəhərində Xaricilərə İndoneziya dilini Tədris edən Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə düzənlənən beynəlxalq konfrans barədə ətraflı məlumat verib: “Dəyirmi masa Mərkəzin xarici ölkələrin intellektual və administrativ məkanlarında Azərbaycan multikulturalizmi mövzusunda birdəfəlik mühazirələrin (dəyirmi masalar) təşkil edilməsi layihəsi çərçivəsində baş tutub”.

Alim dəyirmi masada bu təşkilatın baş katibi, professor Agung Danarto, Ahmad Dahlan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sabiran, Coqyakarta Muhammadiyah Universitetinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Toni Hariadi və digər şəxslərin iştirak etdiyini diqqətə çatdırıb: “Maraqlı keçən dəyirmi masada İndoneziyanın hər iki universitetinin nümayəndələri Azərbaycan multikulturalizmi ilə daha çox insanın ətraflı tanış olması üçün “Azərbaycan multikulturalizmi” fənninin həmin universitetlərdə tədris edilməsində maraqlı olduqlarını deyiblər. Bunun üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edəcəklərini, İndoneziyanın da multikultural ölkə olduğunu nəzərə alaraq bu sahədə sıx əməkdaşlığın vacib olduğu qeyd edilib”.

Professor İndoneziyanın Bali adasının Denpasar şəhərində Xaricilərə İndoneziya dilini Tədris edən Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Dünya keçid mərhələsində: qloballaşma, multikulturalizm və xaricilərə dilin tədrisinin inkişaf strategiyası” mövzulu IX beynəlxalq konfransın gedişatı haqqında da məlumat verib. Konfransda multikulturalizm və qloballaşma şəraitində xaricilərə qeyri-ana dilinin tədrisinin mövcud durumu ilə bağlı İndoneziya, Almaniya, Avstraliya, Azərbaycan, Çin, Taliand və digər ölkələrin nümayəndələri məruzə ilə çıxış edib. Professor konfransda “Multikultural şəraitdə dilin fənlərin inteqrasiyasında tədrisi” mövzusunda məruzə edib. H. Zərbəliyev məruzəsində çoxlu sayda etnik qrupların və milli azlıqların məskunlaşdığı Azərbaycan və İndoneziyada dövlət dili ilə yanaşı, etnik və milli azlıqların dilləri və mədəniyyətlərinin öyrənilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Məruzədə ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindən biri olan multikulturalizmin mövcud durumu barədə ətraflı məlumat verilib. Məruzənin mühüm hissəsini dövlət dili və etnik dillərin tədrisində ortaya çıxan problemlərin də araşdırıldığı və bu sahədə tipoloji oxşarlıq və fərqliliklərin müəyyənləşdirilməsi mövzusu təşkil edib. Maraqla qarşılanan məruzə ətrafında geniş müzakirə aparılıb. Məruzəçi sonda Azərbaycanda mövcud olan mulltikultural və multilinqual durum haqda daha ətraflı məlumat almaq üçün konfrans iştirakçılarının ünvanladıqları sualları cavablandırıb. 

Hər iki tədbirdə professor BBMM-in fəaliyyəti və Azərbaycandakı multikultural mühit barədə ətraflı məlumat verib. Alim qeyd edib ki,  Prezident İlham Əliyevin fərmanı ilə belə bir Mərkəzin yaradılması ölkəmizdə mutikulturalizm dəyərinə verilən önəmin göstəricisidir: “Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini yenidən bərpa edib. Ümummilli lider multikulturalizm siyasətini hər zaman ölkəmizin demokratik inkişafının ayrılmaz tərkib hissəsi kimi görüb. Bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəldilmiş bu siyasəti uğurla davam etdirir”.

lll

Bugünlərdə professorla söhbətləşib İndoneziyada Azərbaycan multikulturalizminin təbliği və təşviqi ilə bağlı daha hansı tədbirlərdə iştirakı ilə maraqlandıq. H. Zərbəliyev vurğuladı ki, Coqyakarta şəhərində Qacah Mada Universitetində (UGM) Beynəlxalq Əlaqələr Departamentinin müdiri İ Made Andi Arsana ilə görüşüb və bu universitetdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi məsələsini müzakirə edib: “Müzakirələr nəticəsində bu fənnin Mədəniyyətşünaslıq fakültəsində magistratura səviyyəsində həftədə 1 dəfə olmaqla bir semestr (14 həftə x 2) ərzində tədrisi barədə razılıq əldə olunub. İ Made Andi Arsana UGM-in rektoru adından başqa əməkdaşlıq sahələri üzərində düşünməyi də təklif edib”.

Professor sentyabrın 28-də Coqyakarta şəhərində təkcə burada 100 mindən çox üzvü olan Muhammadiyah dini-sosial təşkilatının üzvləri ilə “Azərbaycan multikultural ölkə modeli kimi” mövzusunda keçirilən dəyirmi masanın əhəmiyyətindən, bu tədbirdən sonra Azərbaycan multikulturalizminə daha dərin maraq yarandığından söz açıb. 

“Dünya keçid mərhələsində: qloballaşma, multikulturalizm və xaricilərə dilin tədrisinin inkişaf strategiyası” mövzusunda İX beynəlxalq konfransın da önəmindən danışan H. Zərbəliyev  konfransdan sonra qonaqların ona yaxınlaşdığını, Azərbaycandakı dini və etnik tolerantlıq, mültikulturalizm ənənələri ilə yaxından maraqlandıqlarını diqqətə çatdırıb: “Konfransın 3-cü günü - oktyabrın 1-də mən çoxlu sayda etnik və milli azlıqların məskunlaşdığı Azərbaycan və İndoneziyada dövlət dili ilə yanaşı, etnik və milli azlıqların dilləri və mədəniyyətlərinin öyrənilməsi məsələlərinə və multikultural şəraitdə dövlət dili və etnik dillərin tədrisində ortaya çıxan problemlərə həsr olunmuş “Multikultural şəraitdə dilin fənlərin inteqrasiyasında tədrisi” mövzusunda plenar məruzə ilə çıxış etdim. Məruzə böyük maraqla qarşılandı və mövzu ətrafında aparılan geniş müzakirədə konfrans iştirakçıları Azərbaycanda mövcud olan multikultural və multilinqval şəraitlə daha ətraflı tanış olmaq üçün müxtəlif suallarla müraciət etdilər və ətraflı cavablar aldılar”.

H. Zərbəliyev oktyabrın 2-də konfransın yekununda  müvafiq komissiyanın tərkibində təklif və tövsiyələrin hazırlanmasında da iştirak edib.

lll

Deyilənlərə, görünənlərə və yazılanlara sözardı: Yuxarıda haqqında söz açdığımız uğurla həyata keçirilən layihələr və tədbirlər silsiləsi Azərbaycan multikulturalizminin daha bir böyük ölkəni -İndoneziyanı da öz çoxəsrlik dəyəri ilə fəth etdiyinə sübutdur. İnanırıq ki, Cənub-Şərqi Asiyanın ən böyük dövləti olan İndoneziyada Azərbaycan multikulturalizminin tədrisi ölkəmizə, milli-mənəvi dəyərlərimizə marağı artırmaqla yanaşı, müxtəlif sahələrdə yeni perspektivli əməkdaşlıqların yaranmasının da əsasını qoyacaq.

Sevinc MÜRVƏTQIZI

 





17.10.2015    çap et  çap et