525.Az

"Haqqını bərpa etmək istəyən dövlət hərbi gücə, iqtisadi potensiala malik olmalıdır"


 

ELŞAD HƏSƏNOV: "AZƏRBAYCAN DÖVLƏTİNİN TUTDUĞU KURS MƏHZ BU PRİNSİPİN REALLAŞDIRILMASINDAN İBARƏTDİR"

"Haqqını bərpa etmək istəyən dövlət hərbi gücə, iqtisadi potensiala malik olmalıdır"<b style="color:red"></b>

Müsahibimiz 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd, hüquq üzrə fəlsəfə doktoru Elşad Həsənovdur.

- Elşad müəllim, Milli Məclisə deputat seçilmək istəyən hər bir namizəd platformasının ilk maddəsi kimi Dağlıq Qarabağ probleminin həllini ön plana çəkir. Millət vəkili işğal altında olan torpaqlarımızın qaytarılması istiqamətində hansı səyləri göstərə bilər?

- Haqlısınız, hər bir Azərbaycan vətəndaşı kimi, millət vəkilinin də başlıca amalı Azərbaycanın ərazi bütövlüyünün bərpası olmalıdır. Biz tez-tez belə bir ifadə işlədirik - ölkənin başlıca problemi. Əgər söhbət qarşımızda duran ən mürəkkəb və taleyüklü problemdən gedirsə, xüsusilə qanunverici orqanda təmsil olunan millət vəkili də nəinki istisna olmalıdır, əksinə, qazandığı kürsüdən, imkandan yararlanıb dövlətimizə, dövlət başçımıza bu istiqamətdə əlindən gələn köməyi göstərməlidir.

Bugün ölkə rəhbərliyinin Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin qaytarılması üçün yürütdüyü siyasətin fikrimcə, alternativi yoxdur. Bu siyasət beynəlxalq təşkilatlarda qəbul edilmiş və Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən sənədlərdən istifadə edərək problemin diplomatik yolla həllinə nail olmaqla yanaşı, həm beynəlxalq birliyə, həm də düşmənə torpaqlarımızın güc vasitəsilə qaytarılması imkanlarına malik olduğumuzu da göstərməkdən ibarətdir. Prezident İlham Əliyevin ordu quruculuğu, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi yönündə atdığı addımlar özündə məhz bu xətti ehtiva edir. Əvvəllər çox təsadüf edirdik, indinin özündə də görürsünüz ki, hansısa erməni hərçbisi və yaxud siyasətçisi belə bir fikir işlədir: Ermənistan ordusu güclüdür, çünki müharibəni udub. Əslində isə bütün dünyaya məlumdur ki, ermənilər bizim torpaqları xarici dəstəklə işğal ediblər. Azərbaycan yeni müstəqilliyini elan etmiş dövlət idi, formalaşmış hərbi potensiala malik deyildi. Azərbaycanda ordu quruculuğu 1993-cü ildən etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilməyə başlandı. Hazırda bizim peşəkar ordumuz var, silah-sursat istehsal edən müdafiə sənayesi obyektlərinə malikik. Yəni qüvvələr balansı real surətdə Azərbaycanın xeyrinə dəyişib.

Fikrimcə, Milli Məclisə seçilən hər bir millət vəkilinin ilk işi vətəndaşlara məhz bu reallığı çatdırmaq üçün dövlətlə cəmiyyət arasında bir növ körpü rolunu oynamaqdan ibarət olmalıdır. Eyni zamanda, qeyd etdiyim kimi, deputat beynəlxalq strukturlardakı fəaliyyəti ilə dövlətin beynəlxalq birliyə yönəlik siyasətinin aktiv təbliğatçısı kimi çıxış etməlidir...

- Ancaq bu da bir reallıqdır ki, həmin beynəlxalq birlik ərazilərimizin qaytarılması üçün heç bir səy göstərmir...

- Bilirsiniz, bunu gözləməyin özü bir sadəlövhlük olardı. Yaxın tariximizə fikir verin: İsrail-Fələstin qarşıdurması neçə onillikdir davam edir və heç bir ümid yeri də görünmür. Son bir neçə ildə Yaxın Şərqi bürümüş xaosa baxaq: hansı beynəlxalq təşkilat bu acınacaqlı durumun aradan qaldırılmasına səy göstərib? Siz ən ali beynəlxalq struktur olan BMT-nin Suriyadakı insan dramının qarşısının alınması üçün hansısa bir ciddi addım atdığını görmüsünüzmü? Məncə, beynəlxalq birlik XX əsrin ən dəhşətli soyqırımlarından biri olan Xocalı faciəsinə göz yumandan sonra dünyada nə desən baş verə bilərdi. Ona görə də torpaqlarımızı nə vaxtsa digər dövlətin, güc mərkəzinin, yaxud beynəlxalq təşkilatın qaytaracağına ümid etməklə vaxt itirmiş olarıq. Prezident İlham Əliyevin xarici siyasəti də məhz ondan ibarətdir ki, Azərbaycan güclü orduya, iqtisadiyyata malik olmayınca nə düşmən bizdən ehtiyatlanar, nə də beynəlxalq aləm hesablaşar.

- Son zamanlar bir sıra beynəlxalq strukturların, xarici dövlətlərin və ayrı-ayrı şəxslərin Azərbaycana təzyiq etmək istək və cəhdləri də məhz buradan qaynaqlanmırmı?

- Fikir verin, müstəqillik qazandığımız dövrdən bu yana bizim bu təşkilatlarla, xüsusilə də Avropa strukturları ilə əməkdaşlığımız yüksələn xətlə müşahidə olunurdu. Ancaq onlar gördükdə ki, Azərbaycan ayağa qalxıb, onu nə zəif iqtisadiyyatla, yoxsulluq və kasıbçılıqla, nə də güc nümayişi ilə qorxutmaq mümkündür, dərhal kurslarını dəyişərək təzyiq və siyasi şantaja əl atırlar. Mən tam əminəm ki, bütün bu aksiyaların, ədalətsiz qətnamələrin hamısı Azərbaycanın mövcud status-kvonu dəyişə biləcək qüdrətə sahib olmasından qaynaqlanır. Azərbaycanın müstəqil siyasəti onları narahat etməyə bilməz.

- Sizin dediklərinizdən belə hiss olunur ki, torpaqlarımızın qaytarılması istiqamətində Azərbaycanın hərbi potensialı amilini başlıca faktor hesab edirsiniz...

- Bilirsiniz, mən hərbçi deyiləm, ancaq bir hüquqşünas kimi bilirəm ki, Azərbaycanın sabah hərbi yolla ərazi bütövlüyünü bərpa etməyə tam haqqı var. Bütün beynəlxalq sənədlərdə ərazi bütövlüyü prinsipi əsas prinsipdir, yoxsa dünya bir anda fəlakətə sürüklənər. Bu prinsip Azərbaycanın işğal altında olan torpaqlarına münasibətdə BMT qətnamələrindən tutmuş, Avropa Şurası, Avropa Birliyi kimi regional təşkilatların qəbul etdikləri sənədlərdə əks olunub. Hətta ayrı-ayrı dövlətlərin parlamentləri belə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini təsdiqləyən sənədlər qəbul ediblər. Bu, məsələnin hüquqi tədrəfidir. Digər problem isə güc amilidir. Tarix boyu belə olub və indi bu, daha da aktualdır: hüquq və ədalət bir çox halda gücün yanında olur. Yəni haqqını bərpa etmək istəyən dövlət mütləq hərbi gücə, iqtisadi potensiala, firavan cəmiyyətə və rifahı yüksək olan vətəndaşa malik olmalıdır. Azərbaycan dövlətinin tutduğu kurs məhz bu prinsipin reallaşdırılmasından ibarətdir.

- 1 noyabr parlament seçkiləri regionumuzda görünməmiş mürəkkəb geosiyasi şəraitə təsadüf edir...

- Mən buraya qardaş Türkiyədəki seçkiləri də əlavə edərdim, noyabrın 1-də orada da qanunverici orqana seçkilər keçiriləcək. Türkiyə ilə Azərbaycan qardaş dövlətlər olmaqla yanaşı, bizi müştərək böyük iqtisadi layihələr birləşdirir. Bu baxımdan, biz qardaş dövlətdə baş verənlərə biganə yanaşa bilmərik və mən əminəm ki, Türkiyə növbəti dəfə tarixin sınaqlarından üzüağ çıxacaq.

O ki qaldı bütövlükdə regiondakı vəziyyətə, həqiqətən də çox ciddi və sürətli dəyişikliklər dövrünü yaşayırıq. Yaxın Şərqdə faktiki olaraq növbəti bölgü prosesi gedir və heç kimə sirr deyil ki, başlıca amal regionun enerji mənbələrinə, habelə enerji daşıyıcılarını nəql edən kommunikasiyalara nəzarətdən ibarətdir. Azərbaycan bu bölgəyə çox yaxınlıqda yerləşir, orada baş verən proseslər bizdən də yan keçmir. Dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar, terror və s. bu kimi təhlükələr Azərbaycan dövlətçiliyi üçün də bir çağırışdır. Nəzərdən qaçırmayaq ki, Azərbaycan da neft-qaz ölkəsidir. Yəni enerji mənbələri uğrunda mübarizə, habelə bu mübarizə nəticəsində dünya bazarında enerji daşıyıcılarının qiyməti problemi Azərbaycanı yaxından maraqlandıran və narahat edən amillərdir. Belə bir geosiyasi mənzərə hər bir dövlətdən, dövlət başçısından soyuqqanlı, praqmatik, hisslərə qapılmayan xarici siyasət kursu tələb edir. Bugün Afrikanın şimalından tutmuş Yaxın Şərq də daxil olmaqla bölgəmizədək hansı ölkədəki siyasi sabitsizlik, anarxiya və hakimiyyətsizlikdir, hamısı qeyd etdiyim prinsiplərə riayət olunmamasından irəli gəlir. Xarici siyasət olduqca incə məsələdir, dərin diplomatik səriştə, mövcud situasiyanı və atılacaq addımın səbəb olacağı fəsadları hesablamaq bacarığı tələb edir. Biz Yaxın Şərqin, Ukraynadakı son olayların timsalında görürük ki, bu bacarıq və imkanlara heç də bütün dövlətlər və yaxud onların rəhbərləri sahib deyillər.

Bu baxımdan hesab edirəm ki, bugün Azərbaycanda hökm sürən siyasi sabitlik, ardıcıl iqtisadi yüksəlişin başlıca səbəbi prezident İlham Əliyevin həyata keçirtdiyi tarazlaşdırılmış, dövlətimizin milli maraqlarına, eyni zamanda regionun özəlliklərinə istinad edən xarici siyasət kursudur. Şübhə yoxdur ki, 1 noyabr parlament seçkiləri Azərbaycanda demokratiyanın növbəti dəfə təntənəsi olmaqla yanaşı, həm də xarici siyasətimiz üçün bir uğur olacaq. Dünyaya güclü iqtisadiyyatımız və ordumuzla yanaşı, bərqərar olmuş, belə demək mümkündürsə, dərin kök salmış demokratik ənənələrimizi nümayiş etdirəcəyik. Seçilən yeni tərkib Milli Məclisimiz isə prezidentin yürütdüyü xarici siyasətə güclü dəstək verən hakimiyyət qanadı olacaq. 

 





20.10.2015    çap et  çap et