525.Az

Müasir Azərbaycanın sürətli inkişaf modeli


 

VÜQAR BAYRAMOV: "PREZİDENTİN REALLAŞDIRDIĞI SON İQTİSADİ İSLAHATLAR MULTİ-EFFEKTLƏRƏ MALİKDİR"

Müasir Azərbaycanın sürətli inkişaf modeli<b style="color:red"></b>

Prezident İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziyaların sadələşdirilməsi və "ASAN xidmət" mərkəzlərinə verilməsini nəzərdə tutan yeni qaydaların müəyyənləşməsi ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov "525"ə müsahibə verib. 

-Vüqar müəllim, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və lisenziyaların sadələşdirilməsi iqtisadiyyatımıza, sahibkarlığın inkişafına necə təsir edəcək?

- Müasir Azərbaycanın sürətli inkişaf modelinin yaradıcısı olan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq özəl sektorunun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatlar məhz dövlət başçısının adı ilə bağlıdır. Bu islahatlar Azərbaycan iqtisadiyyatında şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühüm mərhələ olacaq. Bu mənada, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışından çox qısa zaman sonra sahibkarlığın inkişafı ilə bağlı real və strateji addımlar atılmaqdadır. Dövlət başçısı sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə etməklə yanaşı vergi  yoxlamaları istisna edilməklə bütün növ yoxlamaların 2 il müddətində dayandırılması ilə bağlı qanun layihəsini parlamentə təqdim edib. Beləliklə, dövlət başçısının bir neçə gün öncə tezisləri ilə anonsu verilən sahibkarlığın inkişafındakı yeni mərhələ reallaşmaqdadır. İqtisadiyyatın tam liberallaşması, qeyri-neft sektorunun dayanıqlığının təmin edilməsi və dövlət büdcəsində vergili daxilolmaların artırılması və nəhayət iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunması istiqamətində ciddi addımlar atılmaqdadır.

- Qlobal iqtisadi böhran fonunda, ilin 9 ayı ərzində Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı əldə olunan nəticələri necə qiymətləndirirsiz?

- Qlobal və regonal çətinliklərin müşahidə edildiyi bir dövrdə bu ilin 9 ayının iqtisadi və sosial nəticələri bir daha təsdiq edib ki, Azərbaycanda həyata keçirilən düzgün iqtisadi siyasət öz real töhfələrini verməkdədir. İqtisadiyyatdakı artım tempi qorunub saxlanılmaqla yanaşı iqtisadi inkişaf neft sektorundan qeyri-neft sektoruna transfer edilir. İki rəqəmli iqtisadi inkişafa malik olan qeyri-neft sektorunun inkişafı birbaşa sahibkarlığın dəstəklənməsi nəticəsində özəl sektorun genişlənməsi ilə əlaqədardır. Bu inkişafın dayanıqlığı isə birbaşa sahibkarlığın dəstəklənməsi ilə bağlı həyata keçiriləcək islahatlar ilə bağlıdır. Məhz dövlət başçısının hər zaman nümayiş etdirilən siyasi iradəsi ilə reallaşan son islahatlar da iqtisadiyyatın dayanıqlığını möhkəmləndirəcək. Qlobal iqtisadi durum çətinləşməkdədir. Böhran hətta inkişaf etmiş ölkələrdə belə müşahidə olunur. Belə bir şəraitdə Azərbaycan dövləti sahibkarlığın inkişafına hər cür dəstək həyata keçirir. Azərbaycan regionda sahibkarlığın inkişafına ən çox birbaşa maliyyə yardımı göstərən ölkədir. Artıq maliyyə yardımı ilə yanaşı, sahibkarları narahat edən bütün bürokratik problemlər aradan qaldırılmaqdadır. Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının imzaladığı son sənədlər isə sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsunun reallaşması kimi də qiymətləndirmək olar. Bu islahatlar sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə gətirib çıxaracaq. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq. Elektronlaşma yolu ilə sahibkarlarla dövlət qurumları arasında əlaqə məhdudlaşdırılacaq.

- Yeni qaydalarla sahibkarlığın inkişafına mane olan amilləri tamamilə aradan qaldırmaq mümkün olacaqmı?

- Prezidentin reallaşdırdığı son iqtisadi islahatlar sahibkarlığın inkişafını stimullaşdırmaqla yanaşı, sosial təsirlər də daxil olmaqla multi-effektlərə malikdir. Son iki sənəd dövlət başçısının sahibkarlığın inkişafı ilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirməklə yanaşı, eyni zamanda özəl sektorunun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar birbaşa ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoyur. Bu artıq özəl sektorun inkişafında yeni mərhələnin açılmasına səbəb olmaqla yanaşı, Azərbaycanın makro-iqtisadi göstəricilərinə də birbaşa pozitiv təsir göstərəcək. Sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəliliyin artırılması kimi məsələlərin öz əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm də sahibkarların özləri şəffaf şəkildə fəaliyyət göstərəcəklər. Dövlət qurumlarının müdaxiləsinin azalması sahibkarların da şəffaf şəkildə öz fəaliyyətlərini qurmalarına səbəb olmalıdır. Bu sahibkarlıq sferasında artıq yeni, liberal və sivil münasibətlərin formalaşması deməkdir.

Bu mənada, lisenziyaların "ASAN xidmət"ə həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Monitorinqlər göstərir ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmirlər, bunun üçün əlavə pul verməli olurlar. Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var idi. Lisenziyaların sektoral olması da olduqca vacib idi. Məsələn, qida sənayesində fəaliyyət göstərən sahibkarlar istər-istəməz qida növlərinə uyğun olaraq ayrı-ayrı lisenziyalar almalı olurdular. Təbii ki, buna ehtiyac yox idi. Sektoral  sistemin tətbiqi iman verəcək ki, sahibkar yalnız bir lisenziya almaqla eyni sektorda fəaliyyət göstərmək imanları əldə etsin. Yeni qaydaların tətbiqindən sonra həm lisenziyaların sayının azaldılması, həm də onların verilməsi bütün bürokratik əngəllərin aradan qaldırılması üçün müşahidə ediləcək. Hamı razılaşır ki, "ASAN xidmət"in səlahiyyətinə daxil edilən bütün xidmətlərdə korrupsiya, rüşvət, süründürməçilik kimi neqativ hallar tamamilə aradan qaldırılır. Bu o deməkdir ki, artıq sahibkar lisenziya almaq üçün nə növbəyə durmalı, nə də "vasitəçi" axtarmalı olacaq, o sadəcə dövlət rüsumunu ödəməklə qısa zamanda lisenziyaya sahib olacaq. Bu isə inkişaf etmiş ölkələrdəki təcrübəyə tətbiq edilən islahat deməkdir. Lisenziyaların sayının azaldılması eyni zamanda sahibkarların xərclərini azaldacaq. Bu həm leqal xərclərin azaldılması, həm də qeyri-leqal xərclərin birdəfəlik ləğv edilməsi deməkdir. Eyni zamanda, İqtisadiyyat və Sənaye Nazirliyi həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən "Elektron lisenziya" portalının yaradılması istiqamətində işləri sürətləndirəcək. Bu lisenziyalar ilə yanaşı digər sənədlər üçün də elektron müraciət və əldə etmək imkanları deməkdir.

Yoxlamaların sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini tam planlaşdırma, iş rejimində hər hansı inzibati fasilələrin baş verməməsi, xərclərə qənaət və ən əsası özəl sektorun genişlənməsi deməkdir. Aparılan monitorinqlər də göstərir ki, sahibkarların fəaliyyətini daha çox yoxlama hüququ olmayan bir sıra dövlət orqanları  yoxlayırlar və bu, heç də sahibkarlara xoş niyyətdən irəli gəlmir. Yoxlama hüququ olan dövlət orqanlarının fəaliyyətinin də tənzimlənməsi, yoxlamaların elektron qeydiyyatının aparılması zəruri idi. Artıq sözügedən qurumlar növbəti 2 ildə sahibkarların fəaliyyətini yoxlamaq və eləcə də müdaxilə etmək imkanına malik olmayacaqlar. Aydındır ki, elektron mexanizmlər tam formalaşdırıldıqdan sonra sözügedən müddət limitsiz uzadılacaq. Yeni sistem məmurların, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrə heç bir halda imkan verməyəcək. Sahibkar sadəcə dövlət qarşısında məcburi öhdəliklərini, o cümlədən, dəqiq hesablanmış vergiləri vaxtında ödəməklə öz işlərini azad şəkildə qura biləcəklər.

- Ölkədə bəzi iş yerlərinin bağlanmasında sahibkarların fəaliyyətinə edilən qanunsuz müdaxilələrin təsiri varmı?

- Sahibkarlığın inkişafına dövlət dəstəyinin genişləndirilməsi eyni zamanda sosial əhəmiyyət daşıyır. İnkişaf etmiş özəl sektor daha çox yeni iş yeri deməkdir. Bu ilin 9 ayında 30 min iş yeri bağlansa da 67 min yeni iş yeri yaradılıb. Təbii ki, dayanıqlı inkişafa malik olan ölkəmizdə iş yerlərinin bağlanması heç bir halda arzuolunan deyil. Aparılan tədqiqatlar göstərir ki, iş yerlərinin bağlanmasında sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin təsiri az deyildi. Belə müdaxilələr sahibkar üçün əlavə xərc və iş fəaliyyətində fasilələr ilə nəticələnirdi. Yersiz müdaxilələrin tamamilə aradan qaldırılması sahibkarlara vəsaitlərə qənaət etməyə imkan verməklə yeni iş yerlərinin sayını artırmağa şərait yaradacaq. Bu baxımdan, son islahatlar eyni zamanda məşğulluğun tam təmin baxımdan böyük təsirlərə malik olacaq. Bu bilavasitə əmək qabiliyyətli əhalinin daha yüksək maaşlı və dayanıqlı işlə təmin olunması imkanları deməkdir. Deməli, son islahatlar eyni zamanda yeni iş yerlərinin yaradılması və biznes mühitinin daha da canlandırılmasına səbəb olacaq.

Sahibkarlığın inkişafı maliyyə və məzənnə stabilliyi baxımından da olduqca vacibdir. Belə ki, sahibkarlığın inkişafı idxaldan asılılığın aradan qaldırılmasında ciddi rol oynayır. Xüsusən də ərzaq və gündəlik istehlak mallarının yerli istehsal hesabına təmin edilməsi ölkədən valyuta axınının qarşısını alır. Aydındır ki, idxal ölkədən valyuta aparır. İdxalın həcminin yerli istehsalın genişləndirilməsi hesabına azaldılması isə valyutanın ölkədə qalmasına səbəb olur. Bu baxımından, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi eyni zamanda maliyyə və məzənnə stabilliyi baxımından olduqca əhəmiyyətlidir. Özəl sahibkarlığın inkişafı milli valyutaya iqtisadi və psixoloji təzyiqin ciddi azaldılmasına gətirib çıxara bilər.

- Prezident İlham Əliyevin vurğuladığı kimi, 2016-cı il ölkəmiz üçün asan il olmayacaq. Bu mənada, dövlətin iqtisadi sahədə, xüsusilə sahibkarlığın inkişafı baxımından atdığı son addımlar Azərbaycanı iqtisadi problemlərdən qoruyacaqmı?

- Son islahatlar ölkəmizdə dayanıqlı iqtisadi artım tempinin qorunub saxlanılmasına imkan verəcək. 2016-cı ildə 1,8 faiz artım proqnozlaşdırılan ölkəmizdə ümumi daxili məhsuldakı artım Avropa üçün orta göstəricidən də çox olacaq. 2016-cı il də daxil olmaqla növbəti illərdə dayanıqlı iqtisadi inkişaf tempi birbaşa sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi hesabına baş verəcək. Artıq qeyri-neft sektoru iqtisadiyyatın lokomotivinə çevrilib. Bu isə o deməkdir ki, növbəti illərdə də Azərbaycan qlobal və regional çətinliklərin, o cümlədən, neftin dünya bazar qiyməti aşağı səviyyədə qalmasının təsirlərindən sığortalana biləcək.

Sahibkarlığın inkişafında yeni mərhələnin başlaması həmçinin dövlət rezervlərimizin həcminin qorunub saxlanılması baxımından əhəmiyyətlidir. Dünya bazarında strateji məhsulların qiyməti qənaət rejiminə uyğun olaraq xarici valyuta aktivlərinin həcminin qorunub saxlanılması strategiyasının reallaşmasına səbəb olub. Göründüyü kimi, artıq sahibkarlığın inkişafında yeni və olduqca mühüm mərhələ başlayır. Liberal iqtisadiyyat və azad bazarı əsas iqtisadi prinsiplər elan edən ölkəmizdə sahibkarlığın inkişafında başlanan yeni mərhələ xarici faktorların milli iqtisadiyyata təsirlərini minimumlaşdıra biləcək. Bu isə dayanıqlı iqtisadiyyatın möhkəm təməllər üzərində formalaşmasına imkan verəcək.

Ceyhun ABASOV

 





21.10.2015    çap et  çap et