525.Az

Keçmiş MTN-çilər reket jurnalistikası ilə gizli işbirliyində?


 

MTN-nin NƏZARƏTİNDƏKİ MƏTBUAT ORQANLARI REKETÇİLİKLƏ MƏŞĞUL OLUBLAR

Keçmiş MTN-çilər reket jurnalistikası ilə gizli işbirliyində?<b style="color:red"></b>

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı yeni dəhşətli faktlar məlum olub.

"AzNews.az" məlumatına görə,  istintaqdan və MTN əməkdaşlarından mətbuata hələlik açıqlanmayan cinayət əməlləri barədə bəzi detallar öyrənilib. Məlum olub ki, Milli Təhlükəsizlik Nazirliyi hədəfə götürdüyü qurumu və ya şəxsi ictimai nüfuzundan asılı olaraq müxtəlif üsullarla ləkələməyə çalışıb, sonra da öz niyyətlərini həyata keçirirlərmiş. Bu yolda onlar mətbuat rıçaqlarından əhəmiyyətli dərəcədə yararlanmağı bacarıblar. Araşdırma zamanı məlum olub ki, MTN-nin nəzarətində bir sıra mətbuat orqanları var və onlar açıq reketçiliklə məşğuldur. Həmin mətbuat orqanları vasitəsiylə hədəfə götürdükləri "obyekt" əvvəlcə "vurulur", onların "cinayət əməlləri", "korrupsiyaya yol vermələri" tirajlanır, sonra isə guya, bunu əllərində əsas götürən MTN-çilər hərəkətə keçib soyğunçuluqla məşğul olublar.

Ən maraqlı məqam odur ki, soyğunçu MTN-çilərin hədəfi təkcə iş adamları, müəssisə rəhbərləri olmayıb. Onlar hətta iri ranqlı məmurlara, onların nəzarətindəki şirkətlərə də "əl uzadıblar". Məsələn, məlum olub ki, bir neçə ay əvvəl DİN-in tabeliyində olan bir qurumun rəhbəri zorla MTN-nin zirzəmisinə salınıb və ondan 1 milyona yaxın pul alınıb. O da məlum olub ki, bu əməliyyatdan öncə reket saytlardan birində onun korrupsiya əməlləri, aldığı rüşvətlərlə bağlı geniş yazı dərc olunubmuş.

Məlumatlı şəxs bildirir ki, ağır cinayətlər törədən MTN-çilər təkcə özlərinin hazırladıqları materialların nəzarətlərindəki mətbu orqanlara ötürüb, sonra əməliyyat qurmaqla kifayətlənmiyiblər. Həmçinin xüsusi bir qrup bütün mətbu orqanları izləyib, "vurula" biləcək "obyektlərin" siyahısını hazırlayırmışlar. Hansı qurum və şirkətlə bağlı şikayət və ya tənqidi material çap olunurmuşsa, dərhal onlarla bağlı araşdırılma aparılıb, "basqının" perspektivləri müəyyənləşdirilirmiş.

Çox güman ki, bu işlərdə MTN-lə əlbir olan bəzi mətbu orqanların rəhbərləri də istintaqa cəlb ediləcək. Onların adları və məhz mətbuatda gedən yazılara əsaslanaraq zərər yetirilən şəxslərin bəzilərinin kimliyi bizə bəlli olsa da, istintaq getdiyindən tirajlamağı məqsədə uyğun saymırıq.

Qeyd edək ki, Eldar Mahmudov nazir postundan uzaqlaşdırıldıqdan sonra onun rəhbərlik etdiyi qurumun ağır cinayətlər törətdiyi məlum olub. Faktlarla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.

İstintaqın gedişində MTN-nin bir neçə yüksək rütbəli əməkdaşı saxlanılıb. Onlardan bir neçəsi barədə Səbail rayon Məhkəməsi tərəfindən artıq həbs-qətimkan tədbiri seçilib.

Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Haqqında həbs-qətimkan tədbiri seçilən şəxslərdən üç nəfərinin adı artıq məlumdur. Onlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Mürvətova və polkovnik Füzuli Ələsgərzadədir.

Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan "haqq tələb edilməsi", onların yersiz incidilməsi, MTN-nin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.

Maraqlıdır ki, MTN-in sifarişlərini yerinə yetirən həmin reket media qurumları nə Eldar Mahmudovun işdən azad olunması, nə də bu proseslə bağlı informasiya dərc ediblər.

Xatırladaq ki, illər əvvəl "reket" qəzetlərinin ölkənin bəzi səlahiyyətli şəxsləri tərəfindən maliyyələşdirilməsi ilə bağlı "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov və Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuata sensasion açıqlamalar verib.

Beş il bundan əvvəl B.Sadıqov "APA"ya bildirib ki, müxtəlif pullu, imkanlı və hətta səlahiyyətli insanların əllərinin altında qəzetlər qrupundan ibarət "qoçular" saxlanılır: "Onlar il boyu belə qəzetlərin buraxılışını maliyyələşdirir, lazım gələndə açıq, yaxud gizli formada dəstəkləyirlər, belə deyək, xata-bəladan qoruyub sovuşdururlar".

Həmin dövrdə məsələ ilə bağlı Ə.Amaşov isə hüquq mühafizə orqanlarına müraciət edərək reket qəzetlərin arxasında məmurların dayandığını bildirib.

Mətbuat Şurasının sədri bəzi dövlət qurumları ilə "reket" mətbu orqanların birgə, planlaşdırılmış şəkildə hərəkət etməsindən şübhələnib: "Ciddi qəzetlərin yazdıqlarına diqqət yetirilmir, ancaq dövlət orqanları reket qəzetlərin yazılarına diqqət ayırır, o qəzetlərin yazdıqları əsasında yoxlamalar aparırlar. Bu, bizi narahat edir və bizdə müəyyən şübhələr yaradır".

Ceyhun ABASOV

 





21.10.2015    çap et  çap et