525.Az

"Bir uzun küçə" işıq üzü görüb


 

BEŞ ŞAİRİMİZİN YARADICILIĞINDAN SEÇMƏLƏR BİR KİTABDA TOPLANIB

"Bir uzun küçə" işıq üzü görüb<b style="color:red"></b>

Bugünlərdə "Nurlar" nəşriyyatında "Bir uzun küçə" adlı şeirlər toplusu işıq üzü görüb.

Kitabda "səksənincilər" nəslini təmsil edən beş şairin - Məmməd İlqar, Qoca Xalid, Sabir Sarvan, Əjdər Ol və Ramiz Qusarçaylının poeziyasından nümunələr təqdim olunub. Üslub və yaradıcılıqları bir- birindən fərqlənən şairlərin poeziyası ən əsası vətən, istiqlal, Qarabağ və təbiət mövzularından qaynaqlanır. Xalq ruhuna yaxınlıq və milli düşüncə tərzinin ifadəsi yeni dövr ədəbiyyatının məhsulu kimi nəzərə çarpır. Şeirlərdə vətən sevgisi, vətənpərvərlik duyğuları tərənnüm və təbliğ olunur.

Kitaba İlham Abbasov "Zamanına oxşayan nəsil" adlı önsöz yazıb. İ. Abbasov "səksənincilər" nəslini yeni tarixi eranın başlanması mərhələsi kimi səciyyələndirib: "Yaradıcılıq baxımından XX yüzilliyin 80-ci illərinin övladı olan bu ədəbi nəsil də ən aparıcı bir əlamətə - köhnədən yeniyə keçid göstəricisinə görə öz zəmanəsinə çox bənzəyir. Ədəbi yaradıcılığın bütün sahələrində, xüsusən poeziyada onların hər biri istedad yönümü, düşüncə tərzi, yaradıcılıq manerasına görə nə qədər fərqli, bənzərsiz olsa da, ruh doğmalığı, mənəvi qan qrupunun eyniliyi mənasında bir-birinə çox oxşayırlar. Bu da onlara yalnız təmsil etdikləri dövrə görə yox, həm də bir ədəbi hadisə olaraq fərqli mənəvi-estetik kredoya malik vahid ədəbi nəsil adlanmaq haqqı verir".

Məmməd İlqar xalq şeiri ənənələrinə bağlılığı ilə fərqlənir. Onun, xüsusilə, təcnis janrında yazdığı şeirləri "səksənincilər" poeziyası müstəvisində yüksək qiymətləndirilir. Qoca Xalidin poeziyasını "kənd həyatından fraqmentlər" də adlandıra bilərik. Onun şeirlərində doğma torpağa bağlılıq, kənd adamlarının daxili dünyalarının tərənnümü əsas yer tutur. Sabir Sarvanda yeni poetik qəliblər üzərində insanın daxili çəkişmələri, öz-özüylə mübarizəsi təsvir olunur. Əjdər Ol "səksənincilər"dən müasir forma və məzmun axtarışlarında fərqlənir, pafosdan uzaq, dəqiq ifadə tərzi ilə xüsusi dəst-xətti yaradır. Ramiz Qusarçaylının yaradıcılığı isə təbiət lövhələri ilə bağlı və fəlsəfi çalarlarla zəngindir.

Qeyd edək ki, 26 oktyabr saat 14-də Azərbaycan Yazıçılar Birliyində "Bir uzun küçə" kitabının təqdimat mərasimi keçiriləcək.

Müşfiq ŞÜKÜRLÜ

 





22.10.2015    çap et  çap et