525.Az

Məhəmməd ağa Şahtaxtlı və onun "Şərqi-Rus" qəzeti haqqında yeni bilgilər


 

Məhəmməd ağa Şahtaxtlı və onun "Şərqi-Rus" qəzeti haqqında yeni bilgilər<b style="color:red"></b>

1903-cü il mart ayının 30-da Tiflis ədəbi-ictimai mühiti böyük sevinc içində idi. Azərbaycanın milli mətbuatının çağırışçısı olan "Şərqi-Rus" qəzeti nəşrə başlamışdı.
 
Qeyd edək ki, həmin illərdə Tiflis həm də Qafqaz xalqlarının mədəni mərkəzi idi. Bu səbəbdən Tiflisdə yaşayan xalqların qabaqcıl ziyalıları bir-birləri ilə yaradıcılıq əlaqəsi saxlayırdılar. Belə səmimi yaradıcılıq münasibətlərinin nəticəsiydi ki, "Şərqi-Rus" qəzetinin nəşri digər xalqların da yazıçılarının, jurnalistlərinin sevincinə səbəb olmuşdu.

Rusiyada yaşayan bütün türkdilli xalqların ziyalıları, habelə İran, Türkiyə və digər ölkələrin də qələm sahibləri Azərbaycan dilində nəşrə başlayan "Şərqi-Rus" qəzetinin işıq üzü görməsinə ürəkdən sevinirdilər.

"Şərqi-Rus" qəzeti əvvəlcə həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri, 1904-cü il iyunun 8-dən isə hər gün buraxılmağa başladı.

XX yüzilliyin ilk Azərbaycan qəzeti olan "Şərqi-Rus"un banisi, naşiri və baş redaktoru özünün ictimai-siyasi, fəlsəfi görüşlərində daha irəli addımlamış, çoxcəhətli fəaliyyəti ilə seçilən, çoxlu sayda ədəbi, publisist, siyasi və fəlsəfi xarakterli məqalələrin müəllifi olan qətiyyətli, hünərli və cəsarətli şəxsiyyət Məhəmməd ağa Şahtaxtlı idi. Bir məsələni qeyd etmək yerinə düşər: Məhəmməd ağanın 1920-ci ilədək rəsmi sənədlərdə familiyası Şahtaxtinski kimi yazılmışdır.

Əvvəlcə Məhəmməd ağanın mənsub olduğu nəsil haqqında azacıq məlumat vermək maraqlı olardı. Azərbaycanın milli dövlətçilik tarixinin inkişaf yollarını araşdırdıqda görürük ki, bu inkişafda nəsillərin də böyük rolu olub.

Doğma Azərbaycanın milli dövlətçilik tarixində və taleyində Şahtaxtinskilər - Kəngərlilər də böyük xidmətlər göstərmişlər. Əvvəllər Atabəylər dövlətində, Səfəvi və Osmanlı imperiyalarında, sonralar Naxçıvan və İrəvan xanlıqlarında, XIX əsrdə və XX yüzilliyin keçmiş Sovet İttifaqında, Avropanın bir çox ölkələrində hərbi, siyasi və elm, maarif, səhiyyə və digər sahələrdə müstəsna xidmətləri olmasına baxmayaraq, Şahtaxtinski - Kəngərlilər haqqında ətraflı tədqiqat aparılmadığından az qala bu qədim sülalə unudulmuşdu...

Azərbaycan Respublikası 1991-ci ildə yenidən müstəqilliyini bərpa edəndən sonra Şahtaxtinskilərin - Kəngərlilərin Azərbaycanın milli dövlətçilik tarixində fəaliyyətləri haqqında tədqiqat işləri aparılmağa başlanmış və müstəqil dövlətimiz tərəfindən onların xatirəsi əbədiləşdirilmişdir. "Tariximizdə və taleyimizdə Şahtaxtinskilər" (2010) kitabının nəşrindən sonra da axtarışlarımızı MDB məkanının bir çox arxivlərində, xüsusilə Tiflisdəki Gürcüstan Milli Arxivinin fondlarında və muzeylərdə davam etdirmişik. Xeyli orijinal sənədlər, faktlar və fotoşəkillər tapıldığından xalqımızın taleyüklü məsələlərində xüsusi xidmətləri olan Şahtaxtinskilər haqqında yeni bir kitabı nəşrə hazırlayırıq.

Aparılan axtarışlar zamanı görkəmli publisist, filosof, naşir, pedaqoq, poliqraf, tərcüməçi, diplomat, maarifçi Məhəmməd ağa Şahtaxtlıya aid maraqlı sənədlər qovluğunu da tapa bildik. "Qafqaz canişinliyi"nin və "Canişin dəftərxanası"nın fondlarında Məhəmməd ağa haqqında maraqlı sənədlər saxlanılır.

"Qafqaz canişinin dəftərxanası" fondundakı sənədlər qovluğu 69 səhifəlikdir. Həmin qovluğun üzərində (rusca) yazılıb: İrəvan quberniyasının Naxçıvan şəhər sakini, hazırda Tiflisdə yaşayan Məhəmməd Sultanoviç Şahtaxtinskiyə "Şərqi-Rus" qəzetinin nəşri üçün icazə verilməsi haqqında". Buradakı sənədlərin tarixi 1902-1905-ci illərə aiddir. Məlumat üçün deyək ki, Sovet hakimiyyəti illərində "Şərqi-Rus" qəzetinin nəşri ilə bağlı bir sıra tədqiqatlar aparılmışdır. Tədqiqatçı alim, həmyerlimiz Şövqi Heydər oğlu Novruzov "Şərqi-Rus"la bağlı elmi tədqiqat işi də yazmışdır. Onun zamanına görə bəzi ziddiyyətli fikirlərinə baxmayaraq, yazdığı monoqrafiya öz aktuallığı ilə seçilir.

Ədəbiyyatşünas alim Əziz Şərif böyük yazıçımız Mirzə Cəlil haqqında yazdığı "Molla Nəsrəddin" necə yarandı" kitabında "Şərqi-Rus" qəzetinin fəaliyyətindən də söhbət açıb. Müstəqillik illərində isə akademik İsa Həbibbəyli Məhəmməd ağa Şahtaxtlının "Seçilmiş əsərləri"ni tərtib edib və nəşr etdirib. Onun yazdığı geniş və əhatəli girişdə ilk dəfə olaraq bir çox qaranlıq məsələlərə aydınlıq gətirilib.

Qeyd edək ki, digər tədqiqatçı alimlərin də maraqlı elmi məqalələri vardır. Amma tapılan arxiv sənədləri ilə tanışlıq imkan verir deyək ki, Məhəmməd ağanın böyük elmi və siyasi fəaliyyətinin dərindən və kompleks şəkildə araşdırılmasına böyük ehtiyac vardır.

Məhəmməd ağa Şahtaxtlı müxtəlif ölkələrdə və şəhərlərdə təhsil aldığından, müəllimlik etdiyindən, bir cəsur jurnalist kimi tanındığından və siyasi fəaliyyətindən, diplomatik xidmətdə olduğundan onun haqqında doğru-düzgün yazmaq üçün dərindən tədqiqat aparmaq lazımdır.

Tapdığımız sənədlər onun yüksək erudisiyasından, cəsarətindən, milliliyindən aydın və böyük mənalı publisistikasından xəbər verir.

Məhəmməd ağa Şahtaxtlı "Şərqi-Rus" qəzetini nəşr edəndə Rusiyada, Avropada və Yaxın Şərq ölkələrində tanınmış bir mütəfəkkir idi. O, XIX əsrin sonunda və XX əsrin əvvəllərində çoxcəhətli fəaliyyət göstərən jurnalist idi. XIX əsrin 70-ci illərindən dövri mətbuatda çıxış edən Məhəmməd ağanın ədəbi-tənqidi məqalələrinin mövzu dairəsi çox genişdir: Şərq xalqlarının tarixi və müasir həyatı, beynəlxalq əlaqələr, dil və mədəniyyət, maarif, din və fəlsəfə. Bu siyahını uzatmaq da olar. Arxiv sənədləri ilə tanışlıq belə söyləməyə əsas verir. Məhəmməd ağanın ədəbi-jurnalistlik fəaliyyəti Azərbaycan və rus mətbuat tarixi ilə çox bağlıdır.

Tapılan sənədlərdə onun öz əli ilə yazdığı və imzaladığı ərizələr maraq doğurur. 1863-cü ildə Naxçıvan şəhər məktəbini bitirən, sonralar İrəvanda və Tiflisdə təhsilini davam etdirən Məhəmməd ağanın taleyində Tiflis şəhərinin xüsusi yeri olmuşdur. XIX və XX əsrin əvvəllərində Qafqazın mərkəzi olan Tiflis şəhərində klassik kişi gimnaziyasını bitirən Məhəmməd ağa Rusiyanın və Avropa ölkələrinin sayılıb-seçilən universitetlərində təhsil aldıqdan sonra yenidən Tiflisə qayıtmışdır. Onun elmi dünyagörüşünün formalaşmasında Tiflisin ədəbi və elmi mühitinin böyük mənəvi təsiri olmuşdur. Məhəmməd ağanın ən böyük arzularından biri Azərbaycan dilində qəzet nəşr etdirmək olub. O, müxtəlif illərdə (fasilələrlə) Tiflisə dönmüş və Qafqaz canişinliyinin vasitəsi ilə Rusiya hökumətinə ərizə ilə müraciət etmişdir. Hələ 1896-cı ildə Məhəmməd ağa Şahtaxtlı Qafqaz Senzor Komitəsinə və Rusiya Daxili İşlər Nazirliyinə ərizə ilə bildirmişdir ki, ona Azərbaycan, türk, ərəb və fars dillərində "Tiflis" adlı qəzeti nəşr etməyə icazə versinlər. O, ərizəsinə geniş bir proqram da əlavə etmişdi. Ancaq çar məmurları bu proqramdan ildırımdan qorxduqları kimi ciddi narahatçılıq keçirmişdilər. Rəsmi qaydada rədd cavabı versələr də, qətiyyətli və çox cəsur olan Məhəmməd ağanın arzusunu söndürə bilməmişdilər. O, Peterburqa getmiş və yüksək rütbəli çar məmurlarına müraciətlər etmişdi.

1889-cu ildə yenidən Fransaya gedən Məhəmməd ağa 1902-ci ildə yenidən Tiflisə qayıtmış və doğma Azərbaycan dilində qəzet çıxarmaq üçün Rusiya hökumətinə ərizə ilə müraciət etmişdir. Tapılan qovluqda onun yazdığı geniş əhatəli ərizələr vardır. Yazdığı ərizələrdə elmi, maraqlı dəlil və sübutlarla Qafqazın canişinini inandırmağa çalışmış və uzun-uzadı müraciətlərdən sonra onların müqavimətini qıra bilmişdir. Məsələn, onun general-adyutant knyaz G.S.Qolitsına yazdığı ərizə çox əhatəlidir. Burada Məhəmməd ağanın nəşr üçün tərtib etdiyi proqram da vardır. O, burada maraqlı izahatlar verərək çar hökumətini inandırmağa çalışır ki, "Şərqi-Rus" qəzeti nəşri ilə Rusiya hökumətinə xeyir verə bilər və sair. Ərizədə 50 yaşında olduğunu da qeyd edir. (Amma bu vaxtlar onun 56 yaşı vardı - müəllif). Tiflisdə yaşadığı ünvanı (Olqinski küçəsi, Qoqniyevlərin evi № 16) göstərən Məhəmməd ağa ərizənin axırında qeyd edib: "Arzu edirəm ki, qəzetin həcmi "Svet" (İşıq)" qəzetinin həcmində olsun". Hətta o bu ərizədə qeyd etmişdi ki, qəzet Libermanın mətbəəsində çap ediləcək. Görünür ki, bu mətbəə çar hökumətinin inandığı yer imiş. Amma sonralar Məhəmməd ağa doğulduğu Şahtaxtı kəndindəki mülkünü sataraq Tiflisdə müasir avadanlıqlı mətbəə açmışdı.

(Ardı var)

Musa QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 





22.10.2015    çap et  çap et