525.Az

Ədəbiyyat İnstitutu ilə "Literaturnaya qazeta"nın üçüncü birgə buraxılışı


 

Ədəbiyyat İnstitutu ilə "Literaturnaya qazeta"nın üçüncü birgə buraxılışı<b style="color:red"></b>

Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Rusiyada nəşr edilən "Literaturnaya qazeta" ilə üçüncü birgə buraxılışı çap edilib.
 
Buraxılışda zəngin ənənələrə malik olan Azərbaycan aşıq ədəbiyyatından seçilmiş örnəklər "Müdriklik və sevgi bağçası" adı ilə rusdilli ədəbiyyat məkanına çıxarılıb. Məşhur "Kitabi-Dədə Qorqud" dastanlarının proqram xarakterli müqəddiməsinin görkəmli rus şərqşünası, akademik Vasili Bartoldun tərcüməsində böyük oxucu auditoriyasına çatdırılması Azərbaycan Prezidenti İlham Əliyevin bu qədim abidənin aşkara çıxarılmasının 200 illiyi haqqındakı Sərəncamının icra edilməsi baxımından da aktual səsləşir. Yeni birgə buraxılışda Azərbaycan aşıq ədəbiyyatının böyük klassikləri Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Dəllək Murad, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Bəsti, Molla Cuma, Aşıq Qurban Ağdabanlı, Aşıq Hüseyn Bozalqanlı, Çoban Əfqan, Aşıq Şəmşir, Xəyyat Mirzə və başqalarının qoşmaları və gəraylılarından seçmələrin ən yaxşı tərcümələrinin oxuculara çatdırılması ədəbiyyatımızın bu böyük qolu haqqında dolğun və ümumiləşmiş təsəvvürlərin yaradılmasına xidmət edir. Bu əlavədə də Azərbaycan aşıq ədəbiyyatının inkişaf yolunun və qüdrətli nümayəndələrinin ölməz irsinin özünəməxsus incəliklərinin asanlıqla, aydın təsəvvür edilməsi üçün müəyyən elmi-informasiya təminatının "Literaturnaya qazeta"nın ayrılmış səhifələrində öz əksini tapması təmin edilib.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ilə ədəbi əlaqələr üzrə ixtisaslaşmış tanınmış ədəbiyyatşünas Abuzər Bağırovun "Musiqidən yaranmış şedevrlər" adlı məqaləsində milli aşıq ədəbiyyatının çoxəsrlik ənənələri və müasir inkişaf səviyyəsi haqqında geniş və sistemli elmi araşdırmalar diqqətə çatdırılıb. Bundan başqa, "Literaturnaya qazeta"nın Azərbaycan aşıq ədəbiyyatı buraxılışında şeirləri verilmiş xalq sənətkarlarının təvəllüd və vəfatı tarixlərinin qeyd edilməsi inkişaf prosesini həm də mərhələlər üzrə təsəvvür etməyə imkan yaradır.

Geniş oxucu auditoriyasına təqdim olunan "Literaturnaya qazeta"nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə buraxılışı böyük formatda çıxan bu qəzetin 4 səhifəsi həcmindədir.

Bir qayda olaraq "Literaturnaya qazeta" hər dəfə Ədəbiyyat İnstitutu ilə birgə buraxılışında Azərbaycan rəssamlarının rəsm əsərlərindən illüstrasiyalar da təqdim edir. Üçüncü buraxılışda tanınmış Azərbaycan rəssamı Elçin Məmmədovun "Kitabi-Dədə Qorqud" dastanlarının motivləri əsasında çəkdiyi rəsmlərdən nümunələr Azərbaycan aşıq ədəbiyyatına aid səhifədə yer alıb.

Azərbaycan-Rusiya ədəbi əlaqələrinin yeni və əhəmiyyətli səhifəsi olan "Literaturnaya qazeta"nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə buraxılışlarını filologiya elmləri namizədi, dosent Abuzər Bağırov hazırlayıb.

Ölkələrimiz arasındakı ədəbi əlaqələrin inkişaf etdirilməsi sahəsində səmərəli iş aparan Abuzər Bağırovun hazırladığı "Moskvalı Azərbaycan şairləri" adlı antologiya da bu yaxınlarda Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında çapdan çıxıb. Antologiyada Moskvada yaşayıb-yaratmış 18 Azərbaycan şairinin şeirləri toplanıb.

Nizami adına Ədəbiyyat İnstitutunun "Literaturnaya qazeta" ilə birgə buraxılışının növbəti saylarında klassik və müasir Azərbaycan poeziyasından rus dilinə tərcümələr oxuculara çatdırılacaq.

S.ABDULLAYEVA

 





22.10.2015    çap et  çap et