525.Az

Azərbaycanın xarici siyasəti elmi-politoloji tədqiqat prizmasında


 

Azərbaycanın xarici siyasəti elmi-politoloji tədqiqat prizmasında<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müəllifi olduğu "Dış Politika: Gerçekler ve Geleceğe Bakış" adlı kitab Türkiyənin "Berikan" nəşriyyatında (Ankara) nəşr edilib.

Kitab tələbələr, aspirantlar, ali məktəb müəllimləri, beynəlxalq münasibətlər sahəsində ixtisaslaşan mütəxəssislər, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. Türkiyənin siyasi, ictimai və elmi dairələrinin mühakiməsinə təqdim olunan bu kitab müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin nəzəri və praktiki aspektlərini bütün tərəfləri ilə tədqiq edən dəyərli mənbədir.

Dörd fəsildən ibarət bu kitabı əhatə etdiyi mövzu dairəsinə görə ümumilikdə iki ayrı-ayrı hissələrə bölmək olar: birinci hissədə XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və Qərbin Samuel Hantinqton, Alvin Toffler, Zbiqnev Bjezinski, Henri Kissincer, Sol Kohen, Pyer-Mari Qallua, Frensis Fukuyama, Cozef Nay və başqa bu kimi nəhəng geosiyasi konsepsiyalar yaradan siyasətşünaslarının əsərlərində təqdim olunan beynəlxalq münasibətlər sistemi araşdırılır. İkinci hissə isə əsas etibarilə Azərbaycanın xarici siyasətinin müstəqillik dövrünə həsr olunmuşdur. Bu hissədə Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin yaradıcılıqla davam etdirdiyi xarici siyasət kursu qlobal və regional dəyişikliklər kontekstində təhlil edilir. "Sərt güc” anlayışından "yumşaq güc” anlayışına keçidin siyasi və geosiyasi xüsusiyyətləri dəqiqləşdirilir. Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və prioritetləri yeni dünya nizamına keçid aspektində araşdırılır. Balanslaşdırılmış siyasətin mahiyyəti güclü dövlət quruculuğu və regional lider statusu arasındakı sıx əlaqə müstəvisində təqdim olunur. Xarici siyasətin transformasiyası Azərbaycanın modernləşməsi kursunun mərhələləri ilə əlaqəli şəkildə verilir. Müasir tarixi mərhələdə "yumşaq güc” siyasətinin formalaşmasının müxtəlif aspektlərinə diqqət yetirilir. Bu prosesin fonunda xarici siyasətdə müdafiə mövqeyindən hücum strategiyasına keçid mexanizmi tədqiq olunur.

Kitabın birinci fəsli geosiyasi nəzəriyyələrin XX əsrdəki transformasiyasına həsr edilmişdir. Həmin ideya təkamülü prizmasından müasir geosiyasi konsepsiyalar nəzərdən keçirilir.

İkinci fəsildə Azərbaycanın xarici siyasətinə qlobal və regional geosiyasi tendensiyaların qarşılıqlı əlaqəsi müstəvisində baxılır. Burada ölkənin xarici siyasət kursunun prioritetlərinin bir-biri ilə sıx bağlı olan konkret vəzifələri reallaşdırmaq imkanları əsaslandırılır. Güclü dövlət konsepti ilə regional liderliyin uzlaşması məsələsi həmin aspektdə təhlil olunur.

Üçüncü fəsildə güclü dövlət konsepti və regional liderlik arasındakı əlaqəyə bölgə səviyyəsində geosiyasi oyunçu kimi formalaşma imkanları müstəvisində baxılmışdır. Problem yeni dünya nizamının təşəkkül tapdığı bir dövrdə bu prosesə geosiyasi təsiri olan çoxlu sayda ölkələrin meydana çıxmasından ibarətdir. Müəllif bu fəsildə Azərbaycanın bu proses qarşısındakı mövqeyi, həmin istiqamətdə müxtəlif tendensiyalara qarşı hazırlığı ilə bağlı məsələləri və bir sıra mülahizələrini türkiyəli oxucularla bölüşür. Təhlillər nəticəsində Azərbaycanın bu aspektdən imkanlarının geniş olduğu ortaya çıxır.

Nəhayət, sonuncu fəsildə xarici siyasətin prioritetləri bir-biri ilə qarşılıqlı əlaqədə və qlobal miqyasda geosiyasi dəyişmələr işığında nəzərdən keçirilir. Burada Azərbaycan rəhbərliyinin ardıcıl olaraq həyata keçirdiyi modernləşmə kursu ilə xarici siyasətin transformasiyası arasındakı daxili bağlılıq araşdırılır. Həmin əsasda proqnoz xarakterli müddəalar irəli sürülür. Müasir diplomatiyanın bir sıra xüsusiyyətlərinin təhlili nəticəsində onun gələcəkdə oynaya biləcəyi rol haqqında tezislər təqdim edilir.

Kitabın yekun hissəsində qənaətlər ümumiləşdirilmiş və bu mövzu ilə bağlı aktual hesab edilən gələcək tədqiqat istiqamətləri müəyyənləşdirilmişdir.

Kitabın özünəməxsus iki fərqli cəhəti vardır. Mövzuya yanaşmanın qısa səciyyəsini ayrıca vermək məqsədilə "Metodoloji qeydlər” bölməsində hansı metodoloji yanaşmaya üstünlük verildiyi şərh edilmişdir. Müəllif hər bir tədqiqatda aydın metodoloji yanaşmanın mövcud olmasını zəruri hesab edir. İkincisi, müəllif hər bir fəslin sonunda nəzəri ümumiləşdirmələrin aparılmasını təklif edir. Müəllifə görə, bu cür ümumiləşdirmələr irəli sürülən fikirlərin daha konkret və dəqiq başa düşülməsinə və oxucunun əsərin ideya inkişafını aydın görməsinə xidmət edir.

Əminliklə deyə bilərik ki, beynəlxalq münasibətlər sahəsində öz metodologiyası, mövzuya yanaşma tərzi və məzmun dərinliyi ilə seçilən, müstəqil Azərbaycanın xarici siyasətinin kompleks şəkildə və incəliklə təhlil olunduğu "Dış Politika: Gerçekler ve Geleceğe Bakış" kitabı Türkiyədə geniş oxucu kütləsi qazanacaqdır. Kitabı Ankara şəhərinin kitab satışı mağazalarından və "Berikan" nəşriyyatından əldə etmək mümkündür (http://www.berikanyayinevi.com.tr/yayinlar/kitap-580-DIS_POLITIKA_GERCEKLIKLER_VE_GELECEGE_BAKIS.html).

Newtimes.az

 





22.10.2015    çap et  çap et