Məlum olduğu kimi, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərdiyi qanun layihəsi oktyabrın 20-də parlament tərəfindən qəbul olunub. Qanun layihəsinə əsasən noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Ümumilikdə, yoxlamaların dayandırılması sahibkarlar təbəqəsinin dövlətə inamının daha da artmasına səbəb olacaq, biznes sahəsinin genişləndirilməsinə, sahibkarların gəlirlərinin artaraq yeni iş yerləri yaratmasına, yeni investisiyalar qoymasına və beləliklə də, vergi ödənişlərinin çoxalmasına gətirib çıxaracaq.
Eyni zamanda, dövlət başçısının imzaladığı Fərmanla lisenziyaların sayının azaldılması, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıqla bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulur.
Bütün bunlar onu göstərir ki, birmənalı şəkildə Azərbaycan Prezidenti ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində deyil. Sahibkarlığın inkişafına mane olan bir sıra amillərin aradan qaldırılması üçün ciddi islahatlar aparılması İlham Əliyevin öz qərarında qəti olduğunu və heç kimə güzəştə getməyəcəyini göstərir. Bu onu deməyə əsas verir ki, ölkənin siyasi rəhbərliyi korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq və neqativ halları aradan qaldırmaq üçün böyük siyasi iradə nümayiş etdirir. Bundan sonra da biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün ciddi addımlar atılacağı gözləniləndir.
"Ölkə rəhbəri İlham Əliyevin imzaladığı son sərəncam və fərmanlar, verdiyi göstərişlər, Milli Məclisə göndərdiyi qanun layihələri Azərbaycanda sahibkarlığın inkişafına çox ciddi təkan verəcək". Bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində yeni qaydaların müəyyənləşdirilməsilə bağlı danışarkən deyib. Deputat hesab edir ki, bununla kiçik və orta biznesin inkişafında yeni mərhələ başlayır: "Bütün bunlar ölkə iqtisadiyyatının hərtərəfli və şaxələndirilmiş inkişafına müsbət təsir göstərəcək və münbit hüquqi şərait yaranması ilə nəticələnəcək".
M.Quliyev bildirib ki, Prezidentin təşəbbüsü ilə yoxlamaların iki il müddətinə dayandırılması sahibkarların rahat şəkildə nəfəs almaları, bizneslərini inkişaf etdirmələri, onlara qarşı bəzi məmurlar tərəfindən irəli sürülən qeyri-qanuni tələblərin aradan qaldırılması, korrupsiyanın kökünün kəsilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə inhisarçılığın qarşısının alınmasında əvəzsiz rol oynayacaq: "Bütün dünyada gedən maliyyə-iqtisadi böhran şəraiti, neftin qiymətinin aşağı düşdüyü bir vaxtda Azərbaycan dövlətinin başçısının atdığı bu addım ölkədə iqtisadiyyatın tarazlılığını qoruyub saxlayacaq, vətəndaşlarımızın məşğulunu tam təmin edəcək, sosial rifah halını daha da yüksəldəcək və Azərbaycanda rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin olunmasına imkan verəcək".
Deputat qeyd edib ki, lisenziyalaşdırma prosesinin "ASAN xidmət"ə həvalə olunması korrupsiya, məmur süründürməçiliyi, bürokratiyanın aradan qaldırılması, Azərbaycanda elektron hökumətin inkişafına müsbət təsir edəcək və ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarın istənilən sahədə öz biznesini qurması və inkişaf etdirməsinə imkan verəcək. Onun sözlərinə görə, eyni zamanda, bu, fərman və göstərişlər xarici iş adamlarının Azərbaycana gəlmələri və müxtəlif sahələrə investisiya yatırmalarına şərait yaradacaq.
Dövlət rəhbəri İlham Əliyev tərəfindən müəyyənləşdirilən yeni qaydaların bötüvlükdə əhalimiz tərəfindən müsbət qarşılandığını diqqətə çatdıran M.Quliyev əlavə edib ki, Gəncədə seçiciləri ilə keçirdiyi görüşlərdə sakinlər ölkədə aparılan islahatları, sahibkarlığın inkişaf istiqamətində atılan addımları yüksək qiymətləndirdiklərini və bütün bunlara görə Prezident İlham Əliyevə təşəkkür etdiklərini bildiriblər.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli isə hesab edir ki, istənilən ölkənin iqtisadi inkişafı kiçik və orta sahibkarlığın inkişaf dərəcəsindən asılıdır: "Dünyada ümumi daxili məhsulun yarıya qədəri kiçik və orta sahibkarlığın payına düşür. Hansı ölkələrdə kiçik və orta sahibkarlıq inkişaf edibsə, böhran dövründə həmin dövlətlərin iqtisadiyyatı üçün lokomotiv rolunu oynayıb və ölkə iqtisadiyyatını qlobal böhranın mənfi təsirlərindən qoruyub".
Deputat qeyd edib ki, oktyabrın 12-də Nazirlər Kabinetində ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə dair keçirilən iclasda Prezident İlham Əliyev sahibkarlıq sahəsindəki mövcud problemlərlə bağlı çox ciddi bəyanatlarla çıxış edib, sahibkarlığın qarşısında duran əsas maneələrin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib və problemlərin aradan qaldırılması zərurətini kəskin formada ortaya qoyub. Onun sözlərinə görə, bir neçə gündən sonra bu sahədə inkişafı təmin etmək məqsədilə konkret addımlar atılmağa başlanılıb: "Burada əsas iki məqam - sahibkarlıq sahəsində yoxlamaların iki il müddətinə dayandırılması, lisenziyaların sadələşdirilməsi və "ASAN xidmət"ə həvalə edilməsi xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bütün bu addımların sistemli şəkildə həyata keçirilməsi, sahibkarlıq fəaliyyətində iqtisadi azadlıqların təmin olunması, sahibkarlığın inkişafının qarşısında duran maneələrin aradan qaldırılması və biznes sahiblərinin fəaliyyətinin stimullaşdırılması, həm onların fəaliyyətinin genişləndirilməsi, həm də büdcəyə vergilər hesabına daxilolmaların artması baxımından aparılan ümumi işə böyük fayda verəcək".
Qeyd edək ki, oktyabrın 20-də Milli Məclis sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Ceyhun ABASOV
çap et