525.Az

"Çalışacam, bütün seçicilərim məni özlərinin bir parçası kimi qəbul etsinlər"


 

"Çalışacam, bütün seçicilərim məni özlərinin bir parçası kimi qəbul etsinlər"<b style="color:red"></b>

Müsahibimiz 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclisə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş iqtisad elmləri üzrə fəlsəfə doktoru Mahir Abbaszadədir.

- Hakim partiyanın 121 saylı Laçın Seçki dairəsindən namizədliyinizin irəli sürülməsini necə qarşıladınız? Gözlənilən idimi?

- Düzünü deyim ki, Yeni Azərbaycan Partiyasından namizədliyimin irəli sürülməsi həm gözlənilən idi, həm də gözlənilməyən. Gözlənilən idi ona görə ki, hakim partiyanın siyasi kursunu həmişə dəstəkləmişəm, daim partiyanın yanında olmuşam. Açığı, böyük bir partiyanın mənə bu dərəcədə etimad göstərməsi bir qədər gözlənilməz olsa da, sevindiricidir. Bu etimada görə ilk növbədə partiyanın rəhbəri İlham Əliyev cənablarına minnətdaram. Partiya sıralarındakı fəaliyyətimi yüksək qiymətləndirərək 121 saylı Laçın Seçki Dairəsindən namizədliyimi irəli sürən idarə heyətinin üzvlərinə də təşəkkürümü bildirirəm ki, mənə belə bir fürsət verdilər.Düşünürəm ki, - istər namizəd olaq, istər deputat, istərsə də adi vətəndaş, - laçınlının qarşısına ən əvvəl bir laçınlı kimi çıxmalıyıq. Həyatımın dərk etdiyim hissəsi, əməli fəaliyyətə başladığım hissəsi rayonumuza, elimizə, obamıza, respublikamıza çox mötəbər xidmətlərdən keçibdir. Seçki oldu-olmadı, gücüm, imkanım çatacaq səviyyədə rayonumuzdan olan insanlardan köməyimi əsirgəməmişəm. Amma Yeni Azərbaycan Partiyasının namizədi kimi bu siyasi proseslərə qoşularaq laçınlıların qarşısına çıxmaq və onlardan səs istəmək iqtidarını özümdə hiss edərkən məsuliyyətim bir az da artır. Mən indiyədək laçınlıların problemlərinə bir laçınlı kimi ürəyimin səsinə qulaq asaraq kənardan yaxınlaşırdımsa, millət vəkilliyinə namizəd olaraq problemlərin içinə girmək imkanı qazanır, onların qarşısına ən yaxşı təmsilçiləri olaraq çıxmağı öz öhdəmə götürürəm. Çalışacam ki, bütün seçicilərim məni özlərinin balası, qardaşı, əmisi oğlu, dayısı oğlu, bibisi oğlu və bir parçası, ayrılmaz hissəsi kimi qəbul etsinlər.

- Cəmiyyətdə tez-tez belə fikirlər səslənir ki, parlamentdə hüquqşünaslar və iqtisadçılar çoxluq təşkil etməlidir. Bu həm də sosial sifarişdir. Bir iqtisadçı alim olaraq parlamentdə yerinizi necə görürsünüz?

- Əslində bu cəmiyyətin çox doğru bir tələbidir. Eyni zamanda diqqətinizə çatdırım ki, əhalinin sosial sifarişi bir də onunla əlaqəlidir ki, parlamentdə gəncləşmə getməlidir. Bilirsiniz ki, ölkə rəhbərinin gənclərlə bağlı siyasətinin tərkib hissəsindən biri də gənclərin Azərbaycanın ictimai-siyasi həyatında əvəzedilməz rol oynamasıdır. Necə ki, bu gün gənclər əsgəri xidmətdə Vətənin keşiyində durur, necə ki, ölkə universitetlərində və xaricdə təhsillərini davam etdirirlər ki, gələcəyin çox yaxşı mütəxəssisləri, iqtisadçıları, alimləri, həkimləri, mühəndisləri kimi yetişsinlər, eyni zamanda onların ictimai-siyasi proseslərdə aktivliyi də vacibdir. Cənab Prezidentin birbaşa fikridir ki, ölkənin ictimai-siyasi həyatının ayrılmaz tərkib hissəsi olaraq parlamentdə də gənclərə xüsusi yer verilməlidir. Bu nöqteyi-nəzərdən YAP tərəfindən mənim və mənimlə bərabər digər gənclərin dəstəklənməsini ölkə başçısının gəncliyə olan diqqətinin bir hissəsi kimi qiymətləndirirəm.

O ki qaldı sualınızın əsas hissəsinə, Azərbaycan istər regionumuzda, istərsə də qitəmizdə iqtisadi cəhətdən çox inkişaf etmiş bir dövlətdir. Azərbaycanın qısa vaxtda qazandığı iqtisadi uğurlar digər dövlətlərin uzun müddət ərzində nail ola bildiyi iqtisadi uğurlardan üstündür. Bu, ölkə rəhbərinin apardığı iqtisadi siyasətin məntiqi nəticəsidir. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan bu siyasət indi də İlham Əliyev cənabları tərəfindən ləyaqətlə, yüksək səviyyədə yerinə yetirilir. Milli Məclisə üzv seçilərəmsə, başlıca məqsədim bu dövlətin iqtisadi sahədə həyata keçirdiyi tədbirlərin, onun qanunverici bazasının hazırlanmasında əməli fəaliyyətimlə yaxından iştirak etmək olacaq. Lazım olan təklifləri verərək, bu təkliflərin parlament səviyyəsində müzakirəsinə nail olmağa və onların iqtisadi sahədə qəbul olunmuş qanunlarda öz əksini tapmasına çalışacam. Təbii ki, bu iqtisadi qanunların qəbulu, onların parlament tərəfindən ratifikasiya olunması qanunları daha çox işlək vəziyyətə gətirib çıxardacaq və qanunlar işlək vəziyyətdə olduğu müddətdə iqtisadi sahədə Azərbaycanın uğurları daha da artacaq. Hər bir vətəndaş bu uğuru öz həyatında hiss edəcəkdir. Üzvü olduğum hakim siyasi partiyanın bu 23 ildə qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda iqtisadiyyatın yüksələn xətlə inkişaf etdirilməsidir. Hər bir insanın sosial vəziyyəti yaxşılaşmalı, bərabər hüququ qorunmalıdır. Parlamentə seçiləcəyim təqdirdə fəaliyyətimi bu istiqamətdə davam etdirmək niyyətindəyəm.

- Məcburi köçkünlük həyatı yaşayan seçiciləri təmsil etmək ikiqat məsuliyyətdir. Bu məsuliyyətə hazırsınızmı? Parlamentdə daha çox hansı problemləri qabartmaq istərdiniz?

- Doğru deyirsiz, məcburi köçkün həyatı yaşayan insanları parlamentdə təmsil etmək ikiqat məsuliyyətdir. Tam səmimi olaraq deyim ki, həm də çox şərəfli bir işdir. Seçicilərim mənə səs versələr, bu yüksək tribunadan təmsil olunmağıma şərait yaratsalar həm də üzərimə böyük bir məsuliyyət qoymuş olacaqlar.

Qaçqınlıq həyatı mənə yaxşı tanışdır. Bütün laçınlı soydaşlarım kimi 1992-ci ildə rus-erməni hərbi birləşmələrinin torpaqlarımızı işğal etməsi səbəbindən kəndimdən-kəsəyimdən qaçqın düşüb Sumqayıtda, Bakıda məskunlaşanlardan biriyəm. Yataqxana həyatına da yaxşı bələdəm. Təxminən 10 ilə yaxın yataqxana həyatı yaşamışam. Ailə üzvlərimlə birlikdə Sumqayıtın 41-ci məhəlləsində yerləşən 8 №-li tələbə yataqxanasında yaşamışam. Bir nəfər üçün, ən yaxşı halda iki nəfər üçün nəzərdə tutulmuş otaqda 7 nəfər qalırdıq. O həyatın nə qədər acılı, nə qədər çətin, nə qədər məşəqqətli olduğunu unutmamışam. Yəqin ki, ötən əsrin 92-93-cü illəri xatirinizdədir. Hakimiyyətin çox zəif olduğu və hərc-mərciliyin hökm sürdüyü bir zaman idi. Ölkənin iqtisadi qüdrəti olduqca aşağı bir vəziyyətə düşmüşdü. Gündəlik qayğılarını həll edə bilməyən yerli əhali belə bu qayğıların öhdəsindən gələ bilmirdi. O ki qala qismətinə məcburu köçkünlük həyatı yazılmış bir insan olasan. Evin olmaya, işin olmaya, yataqxana şəraitində yaşayasan. Ən pisi də odur ki, stabil bir dövlətin olmaya. Problemlərinin öhdəsindən gəlmək üçün hansı ünvana gedəcəyini, kimin qapısını döyəcəyini bilməyəsən. Biz bu günləri yaşamış insanlarıq.

Allaha şükürlər olsun ki, Ulu Öndərimiz 93-cü ildə hakimiyyətə gəldi. Bütün əhali bu gəlişi çox yüksək səviyyədə qarşıladı. Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycanda bütün problemlər zaman-zaman öz həllini müsbət istiqamətdə tapmağa başladı. Məcburi köçkünlərin də həyatında böyük dəyişiklik oldu. Hər şeydən əvvəl dərk etdik ki, ölkənin sahibi gəlib. Məcburi köçkünlər ulu öndər Heydər Əliyevin, bu gün isə dövlətimizin başçısı İlham Əliyevin siyasətini həmişə dəstəkləyiblər, bu siyasətin öncüllərindən olublar. Dövlət rəhbəri ilə xalqın birliyi nəticəsində qaçqınların və məcburi köçkünlərin həyatında demək olar ki, köklü dəyişikliklər baş verdi. Nədən ibarət idi bu dəyişmə?

Bilirsiniz ki, ölkə rəhbəri cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycanda məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb. Bu qəsəbələr çox yüksək səviyyədə inşa edilib və insanlar artıq çadır həyatını tərk edərək rahat evlərdə yaşayırlar. Laçınlılar da mənzil şəraiti yaxşılaşdırılanların içərisindədir, bunlardan kənarda deyil. Qaradağ, Abşeron rayonlarının ərazisində salınmış müasir qəsəbələrdə də laçınlılar məskunlaşdırılmışdır. Ağcabədi rayonunun ərazisindəki Taxtakörpü qəsəbəsində də laçınlı ailələr üçün fərdi evlər tikilib istifadəyə verilmişdir. Ən sevindirici hal burasındadır ki, bu gün də məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması birbaşa dövlət başçısının nəzarətindədir.

Bir məsələni də xatırlatmaq istəyirəm ki, cənab Prezidentin məcburi köçkünlərə, xüsusilə də laçınlılara olan məhəbbəti özünün ad günündə bir daha nümayiş olundu. Prezident ad gününü laçınlılarla bir yerdə qeyd etdi və orada bir ifadə işlətdi ki, hər kəs öz ad gününü öz evində, ailəsində keçirdir, bu gün Ağcabədidəki Taxtakörpünü özümə ev hesab edirəm, laçınlıları özümə ailə hesab edirəm və sizinlə birlikdə ad günümü qeyd edirəm. Bu cənab Prezidentin bir daha laçınlılara olan diqqətinin, qayğısının göstəricisidir. Düşünürəm ki, zaman gəldikcə ölkə rəhbərliyinin xüsusi qayğısı ilə bütün məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşdırılacaq, onlar yataqxanalardan, məktəblərdən və bağçalardan çıxarılaraq rahat evlərdə yerləşdiriləcəklər. Amma qaçqın və məcburi köçkünlərə burada nə qədər gözəl şərait yaradılsa da, bu insanlar nə qədər ev-eşiklə təmin olunsa da, hamımızın içində bir nisgil var. Bu nisgil Vətənə, itirilmiş torpaqlarımıza qayıtmaq nisgilidir. Vəziyyətin, şəraitin yaxşılaşdırılması heç də insanları torpaqlarından soyutmur. Əksinə, xalq görür ki, ölkə rəhbəri, Ali Baş Komandan ona qarşı necə diqqətlidir. Mənə elə gəlir ki, mənzil şəraiti yaxşılaşdırılan hər bir laçınlının dövlətə inamı bir daha artır və düşünür ki, dövlət başçısının qətiyyəti və xalqın birliyi sayəsində torpaqlarımızı geri alacağıq. Cənab Prezident öz çıxışlarında torpaqların alınma yollarını da dəfələrlə qeyd edibdir. Qeyd edibdir ki, hələ ki siyasi yollar tükənməyib, hələ ki siyasi mübarizə aparılır və siz görürsüz ki, ölkəmizin iqtisadi qüdrəti, hərbi potensialı artdıqca onun siyasi gücü də artır. Beynəlxalq miqyaslı ən mötəbər tədbirlərdə, ən ali kürsülərdə ortaya prinsipal mövqe qoyan dövlət başçısı işğal olunmuş torpaqların, xüsusilə Laçının tarixi Azərbaycan torpaqları olduğunu dönə-dönə vurğulayır.

İkinci bir məsələni deyim, əgər siyasi müstəvidə danışıqlar bir nəticə verməsə, Azərbaycan nəyin bahasına olursa-olsun, öz torpaqlarını geriyə alacaqdır. Bu alınmanın içərisində təbii ki, hərbi yol istisna deyil və bu sahədə Azərbaycan dövlətinin üstünlükləri göz önündədir. Danılmaz faktdır ki, dövlətimizin hərbi sahəyə ayırdığı vəsait Ermənistanın ümumi büdcəsinə bərabərdir. Eyni zamanda Azərbaycan Respublikasının Hərbi Sənaye Nazirliyi yaradılıbdır. Hərbi Sənaye Nazirliyi bu gün dünyanın ən müasir silahlarını istehsal etmək gücündədir. Azərbaycan artıq dünya arsenalında silah istehsal edən bir dövlət kimi də tanınmaqdadır. Ordumuz da günü-gündən möhkəmlənir. Ordumuzun möhkəmlənməsi, iqtisadi gücünün artırılması, müasir silahlarla təchiz olunması bir daha Azərbaycan dövlətinin işğal altındakı torpaqlarımızı hansı yolla olur-olsun geriyə qaytarmaq gücünü özündə saxladığını göstərir. Elə sizə müsahibə verdiyim ərəfədə, 3-4 gün bundan öncə Azərbaycan ordusu cəbhə xəttində nəyə qadir olduğunu göstərdi. Erməni tərəfinin artıq təşvişə düşməsi, böyük itkilər verərək geri çəkilməsi və bunu Ermənistanın müdafiə nazirinin etiraf etməsi bir daha ordumuzun gücündən, qüdrətindən xəbər verir.

- Laçınlı məcburi köçkünlər həm də respublikanın 60-a yaxın rayonunda məskunlaşıblar. Regionlarda yaşayan seçicilərin hamısı ilə görüşmək planınız varmı? Çətin olmayacaq ki?

- Bildirim ki, deputatlığa namizəd irəli sürüldükdən sonra bu dislakasiya ilə bağlı bir az dərindən tanış olmağa başlamışam. Rayonumuzun əhalisi respublikanın təxminən 58 rayonunda yerləşib. Bizim bunların hamısının səsini almaq fikrimiz var. Laçın rayonunda 45-46 min seçici vardır ki, bunlar da müxtəlif bölgələrdə məskunlaşmışdır. Təxminən 24 mini Bakı, Sumqayıt və Abşeron ərazisində, 21 mini isə regionlarda yerləşir. Mərkəsi Seçki Komissiyası yalnız 20 gün təbliğat-təşviqat kampaniyası aparmağa icazə verir. Çalışacağıq ki, bu 20 gün müddətində həm Bakıda, Sumqayıtda, Abşeronda, həm də respublikanın digər rayonlarında məskunlaşan bütün seçicilərimizlə təmas quraq. Onların hamısı ilə görüşə bilməsəm belə, mənim səlahiyyətli nümayəndələrim mütləq o adamlarla görüşəcəkdir. Qəzetiniz vasitəsilə onların hamısına salam-dualarımı çatdırıram. Əgər mənə etimad göstərsələr, parlamentin deputatı olduqdan sonra da onların problemləri ilə yerindəcə tanış olacam. Bu seçki dönəmində isə mənim 20 günlük işim ancaq və ancaq seçicilərimlə işləməyə, onların suallarına cavab axtarmağa, arzu və təkliflərini dinləməyə yönələcəkdir. Elə məsələlər var ki, namizəd olaraq həll etmək mümkündür və deputatlıq dönəminə saxlamağa ehtiyac yoxdur. Ancaq elə məsələlər də var ki, həll etmək üçün ən azı millət vəkili səlahiyyətində olmalısan. Daha çətin problemləri isə uyğun nazirliklərin və komitə sədrlərinin qarşısında qaldıraraq bu problemin həlli yollarını seçicilərimizə göstərəcəyik. Yəni bu problemlər müxtəlif cürdür. Onlara yanaşmaq da müxtəlif formalarda olacaq. Eləsi var özümüz həll edəcəyik, eləsi var yerli hakimiyyət səviyyəsində, eləsi var nazirlik səviyyəsində həll olunacaq, eləsi var zaman-zaman o problemlərin həllinə yenidən qayıdacağıq. Bütün hallarda, yəni mənə səs verən, səs verməyən istənilən laçınlının probleminə heç bir fərq qoymadan yanaşacağıq. Unutmamalıyıq ki, deputat olmamışdan öncə laçınlıyıq. Eyni problemləri yaşayan insanlarıq. Ermənilər bizi öz torpaqlarımızdan didərgin salanda fərq qoymayıbdır ki, bu YAP-ın üzvüdür, o biri digər partiyanın. Kimsə deputatdır, yaxud sadə bir fəhlədir. Vəzifəli şəxsdir, yoxsa işsizdir. Ona görə də Laçına qayıtmaq bizim hamımızın problemidir.

Vaxt qısa olsa da, seçki kampaniyası müddətində çalışacam ki, bütün seçicilərimlə görüşüm. Millət vəkili seçilərəmsə, qarşımda hələ 5 ilim olacaq. Tam məsuliyyətimlə bildirirəm ki, həmin müddətdə 58 rayonda məskunlaşmış heç bir laçınlı diqqətdən kənarda qalmayacaq.

- İndiyədək bizi təmsil edən deputatlar da laçınlı olublar. O da məlumdur ki, laçınlılar kiçik istisnalarla rayonun rəhbərinə də, deputatına da həmişə ehtiramla yanaşıblar. Amma Laçından seçilən deputları parlamentdə qeyri-fəal olduqlarına görə qınayanlar da az deyil. Bu sindromu sındıra biləcəksinizmi?

- Partiya namizədliyimi irəli sürərkən və bu siyasi aksiyaya razılıq verərkən təbii ki, bunların hamısını ölçüb-biçmişəm. Bir az təvazökarlıqdan uzaq olsa da deyim ki, mən iqtisad elmləri üzrə fəlsəfə doktoruyam, İqtisadiyyat İnstitutunun doktoranturasında ikinci ildir təhsil alıram, 7 elmi məqalənin, 3 elmi tezisin, 1 elmi monoqrafiyanın müəllifiyəm və bir neçə xarici dil bilirəm. İntellekt səviyyəm, dünyagörüşüm imkan verir ki, məsuliyyəti öz üzərimə götürərək bu sindromu sındırım. Çalışacam ki, bundan sonra Laçın rayonunu Milli Məclisdə təmsil edən deputat haqqında "qeyri-fəal" ifadəsi işlədilməsin. Çünki millət vəkili haqqında o ifadənin işlənməsi hər bir laçınlıda təəssüf doğurur. Onu da bildirim ki, namizədliyimiz irəli sürülərkən partiyamızın rəhbəri cənab İlham Əliyevin qarşımıza qoyduğu əsas tələblər və tapşırıqlar da diqqətimizə çatdırılıb. Deyilib ki, Yeni Azərbaycan Partiyasının sədri hər bir deputatdan istər siyasi, istər iqtisadi, istərsə də gündəlik ictimai-sosial proseslərə münasibətdə xüsusi fəallıq tələb edir. Hər kəs yaxşı anlamalıdır ki, problemlərin hamısını cənab Prezident həll etməli deyil. Bütün siyasi partiyalar, xüsusilə parlamentdə böyük səs çoxluğuna malik Yeni Azərbaycan Partiyasının dəstəyi ilə seçilmiş millət vəkillərinin borcudur ki, onların arxasında duran seçicilərin fikirlərini efadə etsinlər. Seçici noyabrın 1-də millət vəkilini seçərkən səhv etmədiyinə, səsinin havayı getmədiyinə və düzgün qərar verdiyinə inanmalıdır.

 





23.10.2015    çap et  çap et