525.Az

Frida... Dieqo... Və əzablar! - Fotolar


 

Frida... Dieqo... Və əzablar! - <b style="color:red">Fotolar</b>

Frida Kalo - dünyaca məşhur meksikalı rəssam qadın. O rəssamlıq tarixində qeyri-adi avtoportretləriylə qalıb. Və bu rəsmlərə, Fridanın özünün çəkdiyi “Fridalara” baxanda istər-istəməz sual yaranır: bütün tablolardan (biri də istisna deyil!) görünən bu kədərli baxışlara, son dərəcə ciddi və dərdli simaya, göz yaşına səbəb nədi? Nə üçün gerçək həyatda şux, şən, əyləncələrə meyilli olan, mahnılar oxuyan, şıltaq, dəcəl qadın özünü yalnız qəmli, ciddi, ağrılı çəkirdi? Nə, yaxud nələr idi ona əzab verən? Fridanın tənhalığı, ağrıları, gözündəki kədər həm fiziki, həm də mənəvi “qəza”larıyla bağlıydı.

Avtobus qəzası... Özüylə təkbətək! 

Sonsuz sayda avtoportretlərinin səbəbini Frida belə izah edirdi:

“Mən daha çox öz rəsmlərimi çəkirəm... Ona görə ki, əsasən tək qalıram, özümlə oluram. Həm də Frida mənim ən yaxşı bələd olduğum mövzudu!”

O, hələ uşaqikən poliomielit (onurğa beynin iflici) xəstəliyi keçirmişdi. Xəstəliyin fəsadları da qalmışdı, bir ayağı o birindən nazik idi, həm də axsayırdı. Əzablara meydan oxumaq da o vaxtdan, uşaqlıqdan vardı Fridada. Dostlarının onu “taxtaayaq” deyə ələ salmasına, yaxud çox gəzəndə, qaçanda yaranan dözülməz ağrılara fikir vermirdi. Oğlanlara qoşulub idman edirdi, qaçırdı, atılıb düşürdü. Hə, bir də məktəb divarlarında freskalar çəkən şişman rəssama, Dieqo Riveraya atmacalar atırdı, “yekəqarın” - deyib gülürdü. O zaman artıq məşhur olan Dieqo bu balaca qızın dəcəlliyindən hirslənmişdi də... Amma nə biləydi ki, hələ o vaxt balaca Frida “Dieqoya ərə gedəcəm” - deyib məqsəd qoymuşdu qarşısına. Belə də oldu! Ancaq o məşum avtoqəza olmasaydı, “ona oğlan doğacam” arzusu da həyata keçərdi.

18 yaşlı yeniyetmə qız  məktəbdən evə qayıdanda dəhşətli qəza keçirir. Avtobus tramvayla toqquşur. Sevgilisi Alexandro yüngül yaralanır. Frida isə ömürlük şikəst olur.

Dəmir tutacaq qarnını deşib keçmişdi, (buna görə Frida heç vaxt ana ola bilmədi) sonsuz sayda sınıqlar, daxili orqanların zədələnməsi, bütün bunlara tab gətirmək asan deyildi. Həkimlər də qızın sağ qalacağına inanmırdılar, sadəcə, möcüzə gözləyirdilər. Fridanın iradəsi, özünəinamı, həyatdan bərk-bərk yapışması həqiqətən möcüzəyə səbəb oldu. Az qala bir il yataqdan qalxmayan, bütün bədəni gips içində olan qızcığaz sağaldı, gəzməyə başladı. Bu bir ildə Frida üçün tale əhəmiyyətli bir neçə hadisə baş verdi; o, sevgilisi Alexandronu itirdi, qorxaq aşiq Fridanın ömürlük şikəst qalacağını düşünüb qaçdı. Amma ən böyük qazancı “fırça, molbert, kətan, rənglər, rəsmlər”, bir sözlə, rəssamlığı oldu. İndiyə kimi bu istedadına ciddi yanaşmayan Frida zamanını çarpayısına birləşdirilmiş xüsusi molbertlə, tavana yapışdırılmış güzgüylə təkbətək keçirirdi. Onun silsilə avtoportretləri də, rəssam bioqrafiyası da burdan - xəstəlikdən, çarpayıdan başlanırdı.

Bir il keçdi! Dieqo... ailə!

Fridanın qətiyyətli, mübariz xarakteri, iradəsi onun bioqrafiyasındakı bir çox hadisələrdə özünü göstərir. Amma mənə görə ən təsirlisi yataqdan qalxıb gəzməyə başlayan kimi bir ildə çəkdiyi rəsmləri götürüb Dieqo Riveranın yanına getməsidi. Yəni balaca qızın “ona ərə gedəcəm” - deməsi sadəcə, söz, ya da şıltaqlıq deyilmiş. Fridanın məqsədi var və ayağa duran kimi bu məqsədinə doğru getməsi xeyli düşündürücüdü. Özündən 21 yaş böyük, “yekəqarın” Dieqodan nə istəyirdi bu “sınıq-salxaq” (həm ruhən, həm də fiziki cəhətdən!) qız? Keçirdiyi əzablar, yaşadığı qəzalar, xəstəliklər azmış kimi, başını daha bir cəncələ salması nəyə lazım idi? Məncə, Frida sadəcə, özünü axtarırdı, ruhunu axtarırdı və hansısa fəhmlə o ruhun məhz bu qoca, kifir kişidə yuva saldığını hiss edirdi... Bir də axı Fridanın çoxlu cavabsız sualları vardı: rəssamdırmı, rəsm çəkməyə davam etməlidirmi, istedadı varmı bu sahədə, Qadındımı, xoşbəxtlik varmı, ana ola bilərmi, dünya nə rəngdədi??? Bütün bu sualların cavabı Dieqoda idi. O, Fridanın avtoportretlərini ilk baxışdaca dəyərləndirir. Onun qeyri-adi rəssamlıq istedadı haqqında sonralar deyirdi:

“Onun rəsmləri həyati hisslər ifadə edir. Bu hissləri sərt və güzəştsiz müşahidə qabiliyyəti tamamlayır. Mən aydın başa düşürdüm ki, bu qız anadangəlmə rəssamdı...”   

Frida ilə Dieqonu çox şeylər bağlayırdı. Onlar hər ikisi kommunist idilər. Dieqonun siyasi baxışlarıyla Fridanın düşüncələri üst-üstə düşürdü. Sənətə münasibətləri də eyniydi. Frida Dieqonun peşəkarlığına, Dieqo Fridanın həssaslığına, zərif ürəyinə heyran idi. Amma bütün bu hisslərin, münasibətlərin şirəsi, mayası sevgiydi. Dieqo onun qayğısını ana kimi çəkən balaca qızcığaza vurulmuşdu. Frida ipə-sapa yatmayan kişini ram etmək, özününküləşdirmək istəyirdi. O vaxta qədər Dieqo iki dəfə ailəli olmuşdu. İkinci xanımı meksikalı yazar, model, əsrarəngiz gözəlliyə malik Quadalupe Marindən iki qızı vardı. Amma bütün bunlar maneə deyildi. Daha ciddi maneə, daha böyük çətinlik Dieqonun xarakteriydi. Onun üçün “vəfa”, “etibar” deyilən məhfum, ümumiyyətlə, yox idi. Bu xeyli dərəcədə onun əqidəsindən, kommunist baxışlarından gəlirdi. Qadın-kişi münasibətlərinin, daha çox da intim yaxınlıqların aşağılanıb, kiçildilib sadə, adi, gündəlik işə çevrilməsi, “bir stəkan su” (yəni fiziki yaxınlıq, sadəcə, su içmək qədər sadə bir ehtiyac təminatıdır) prinsipi, xəyanətin “əl sıxmağa” bənzədilməsi o dövrün, daha doğrusu bu əqidəyə xidmət edən mühitin eybəcərliklərindən biriydi. Frida bütün bunları qəbul etdiyini, Dieqodan sadiqlik, etibar gözləmədiyini bildirdi və onlar evləndilər. Amma ...

Növbəti QƏZA!

“Həyatımda iki qəza olub - biri avtobusla tramvay toqquşanda, biri də - Dieqo”.

...Bunu Frida Kalo deyirdi. Amma mənə görə Dieqo daha böyük, daha ağır  qəza idi. Əgər avtobus qəzasının fəsadları sadəcə, müalicəylə, yatağa düşməklə keçdisə, Fridaya fiziki ağrılar miras qoydusa, Dieqonun vurduğu qəlb yaraları, verdiyi ruh əzablarıydı. Bunlarınsa müalicəsi sənətdədir. Və heç şübhəsiz, Fridanın çağdaş zamanda milyon dollarlarla dəyərləndirilən rəsmlərinin, avtoportretlərinin səbəbi bu əzabları, ağrılarıydı. Bu məqamda onun bir tablosu gəlir gözümün önünə: çılpaq bədəninə korset geyinib, onurğa sütunu çat-çatdı, bütün vücuduna mismarlar çalınıb. Baxdıqca havalanır adam. Xəstə, fiziki və mənəvi ağrılar içində çabalayan, əzablardan xilas yolu axtaran qadını bundan gözəl necə təsvir etmək olardı görəsən?! Heç necə! Dieqonun modellərlə və əsasən də “keyfiyyətsiz” qadınlarla bitib-tükənməyən xəyanətlərini “mənəvi terrorizm” də adlandırmaq olar. Frida zərbənin, əzabın birindən qurtulmamış növbətisi gəlirdi. Cənab Rivera  müsahibələrindən birində deyirdi:

“Frida mənim hansısa üstün, qeyri-adi qadına meylimi bağışlayardı. Amma özümə layiq olmayan, aşağı səviyyəlilərlə əlaqələrimi anlaya bilmirdi. Ancaq nə edim, bu məndən asılı deyil, qadını nə qədər çox sevirəmsə, o qədər də  iztirab çəkməsini istəyirəm”.

Bu yerdə “sinik”ləri necə yada salmayasan?! Dünyaya abırsız, insan münasibətlərinə həyasız yanaşma aşılayan cərəyandı, “sinizm” sözü də məhz burdan gəlir. Axı insan hisslərinə bu cür oyunbaz münasibəti ayrı necə yozmaq olar?! Yaxud da “mərhum” Markiz de Sadı xatırlamayıb nə edəsən?! Çünki sevdiyin, məhz Sevdiyin insanı incitmək ehtiyacına, istəyinə başqa ad tapmaq olmur.

Və bu yerdə Fridanın sevgisinin qəribəliyi, Dieqoya aid hisslərinin əndrəbadiliyi haqda düşünürəm. Axı, qadın təbiətən başqa cür yaranıb. O sığınmağa, söykənməyə meyillidi, rahat bucaq, isti yuva istəyir. Kişi isə genetik olaraq “qoruyan”dı, “yuva”dı. Qadın kişinin yanında özünü beşiyindəki kimi rahat, qayğısız hiss etmirsə, onun qoynunda dərdlərini unutmursa, əksinə, əlavə dərd, yeni ağrı qazanırsa, hansı sevgidən söhbət gedə bilər?! Amma Frida klassik Qadın obrazına, xarakterinə uyğun idimi? Məncə, yox...  Onun xarakterində kişi başlanğıcı, kişi elementləri daha üstün idi. Bütün fiziki və mənəvi əzablara dözümündə məhz kişi iradəsini sezmək olar. Bu xarakter onun yaşam tərzinə də təsir edirdi. Çoxlu içirdi, əsasən də tekila içməyi sevirdi, fasiləsiz siqaret çəkirdi, hələ üstəlik arabir qadınlarla da əylənirdi. Dieqonun əlindən aldığı, özünə aşiq etdiyi qadınlar da vardı. Və bu gündəlik əyləncələr, haylı-küylü məclislər, içki mərasimləri xəyanətləri çox da ürəyinə salmamağa kömək edirdi. Amma... O gün ki, Frida kiçik bacısı Kristinanı Dieqo ilə eyş-işrət üstündə yaxaladı... O gün ki, Frida sadəcə, xəyanət yox, satqınlıqla üz-üzə durdu... Hər şey sındı, dağıldı, məhv oldu... Dieqonun sonsuz sərbəstliyini başa düşən, dərk edən, bağışlayan qadın məhz bunu başa düşə, bağışlaya bilməzdi... Bağışlamadı da! Boşandılar.

Rəsmlərə həkk olunmuş kədər...

Frida Kalo gözəl deyildi. Əməliyyatlardan, xəstəliklərdən ən müxtəlif fiziki qüsurları da qalmışdı. Axsayırdı, simmetrik olmayan bədən quruluşunu, ayaqlarını gizlətmək üçün uzun ətəklər geyinirdi. Amma onun qalın, çatma qaşlarında, gur saçlarında sirli bir obraz, qadınlıq, zəriflik duyulurdu. Dieqodan ayrılan kimi isə ilk olaraq saçlarını kəsdi. Uzun, qalın hörüklərindən azad oldu. Oğlansayağı saç düzümü etdi, kişi kostyumu geyindi. Psixologiya elminin düşünməli, araşdırmalı olduğu məqamdı bu; depressiyaya düşən qadınların saçlarını kəsməsi, qısaltması, kişi kostyumları geyinməsi. Bəlkə dərdli qadın sadəcə, zəriflikdən, incəlikdən, zəiflikdən imtina edirdi bununla?! Bu boyda zərbədən sonra nə qadınlıq, nə zəriflik, nə saç, nə hörük?! Amma Fridanın dünyanın da, taleyinin də, Dieqonun da zərbələrinə qarşı ciddi “silahı”, fırçası vardı. O öz avtoportretlərində ən adi, kiçik detallarla böyük iztirablarını ifadə edirdi. Depressiyada olduğu günlərdə mətbuatdan oxuduğu kiçik xəbər növbəti şedevrinin ideyasını vermişdi. “Çarpayıda qadın cəsədi. Bədəni qan içindədir, sonsuz sayda bıçaq izləri var. Çarpayının yanında əlində bıçaq tutmuş kişi”. Rəsmin adı isə belədi: “Sadəcə bir neçə zərbə...” Qadına sonsuz sayda bıçaq zərbəsi endirib onu qətlə yetirən caninin müsahibəsindən təsirlənib rəssam. Cani “qadını niyə öldürdünüz?” sualına, “mən neylədim ki? Sadəcə bir neçə zərbədir də...” - deyə cavab verib. Nə qədər maraqlı simvoldu, deyilmi? Axı Dieqo da “mən neyləmişəm ki?”, “Sadəcə, fiziki yaxınlıqdı, əl sıxmaq bundan daha emosional işdir” - deyirdi. Bir sözlə, Fridanın bütün şəxsi həyatı qısa müddətdə tablolarında əksini tapırdı. Onun rəsmlərini gözdən keçirmək bütün bioqrafiyasına nəzər salmaq deməkdi. O həkimini də, Stalini də, atasını da kətan üzərinə “köçürürdü”... Öz düşüncəsindən, təfəkküründən keçirərək edirdi bunu. Onun qadın bioqrafiyasının ən kədərli tərəfi - üç dəfə uşaq itirməsi də məşhur tablosunda əksini tapıb. Frida itirdiyi uşağı, daha doğrusu, hələ formalaşmamış embrionu şüşədə, maye içərisində saxlayırdı. Amma o öz “övlad”ının rəsmini də çəkmişdi: Frida çarpayıda qan içində, gözüyaşlı, embrion və qadının sonsuzluğunu ifadə edən müxtəlif detallar damarlarla ona birləşib. Dieqo bu rəsmi görəndə hönkürtüylə ağlamışdı. Axı həqiqətən bu qədər iztirab olmaz?! Frida canından ayrılan, qopan, tələf olan övladını Dieqoya bənzər çəkib...  

Bütün bu qəmli taleyi və kədərli tablolarıyla yanaşı, Fridanın həyata sevgisini, nikbinliyini göstərən məqamlar da az deyil. Elə onun özünün gündəliklərində xarakterinin bu tərəflərini, yaşamaq eşqini ifadə edən qeydlər var. O, yazırdı: “Gülüşdən  önəmli  heç nə  yoxdu. Gülüş vasitəsiylə özündən ayrılmaq, çəkisiz olmaq mümkündü”.  Başqa bir yerdə isə qeyd edirdi ki, “dünyada ən gülməli şey - faciədi”. Görünür, Frida öz faciələrinə gülə-gülə öyrənmişdi bunu... Həm də onun düşüncəsində iki Frida vardı: biri hamının gördüyü, tanıdığı - güləyən, şən, şux, içki içən, hay-küylü zarafatlar edən, əyləncələrdən başı açılmayan... Digəri, yalnız özünə bəlli olan - dərdli, ağrılı, gözləri qəmli, ürəyi yaralı Frida. Rəssam xanım bu Fridaların ikisini də təsvir edən tablo da çəkmişdi... İki Frida əl-ələ tutub oturublar. Birinin paltarında qan izləri də var. O biri al-əlvan geyinib. İkisi də ciddidir, gözlərindəki ifadə düşündürücüdü. Ən əsası isə hər ikisinin ürəyinin açıqda, göz önündə olması təsirlidi. 

Xəyanətə xəyanət...

Dieqo ilə Fridanın birgəliyi, yaxud ayrılmağı elə ciddi fərqlənmirdi. Evli olanda çox vaxt ayrı-ayrı yerlərdə yaşayırdılar. Boşanandan sonra da ünsiyyətləri kəsilməmişdi. Dieqo Fridanın rəsmləri haqda yüksək fikirlər deyir, onu ruhlandırırdı. Frida hər uğuru haqda Dieqoya məktublar yazırdı.

Dieqonun dostu, məşhur kommunist, Stalin rejimində çox şeylərlə razılaşmayıb Rusiyadan qaçan Lev Trotski Mexikoya gəlib sığınacaq axtaranda rəssam öz dostunun təhlükəsizliyi üçün məhz Fridanın evini seçir. Frida eks ərinin qonaqlarını məmnuniyyətlə qəbul edir. Hər an təhlükəylə üz-üzə olan Trotskinin təmkini, eyni zamanda sənətə, daha çox da Fridanın rəsmlərinə münasibəti rəssam xanımı yaman həyəcanlandırır. Və çox güman ki, Lev də qapılarını açıb ona sığınacaq verən, heyran olan qeyri-adi, çılğın qadına biganə qala bilmir. Frida Trotskinin dəmir təmkinini pozur, onu özünə aşiq edir. Lakin Levin xanımı ərinin halını başa düşüb etirazını bildirir, onlar Fridanın evini tərk etməli olurlar.

Kiçik bir haşiyə: 2002-ci ildə rejissor Culi Teymor Frida Kalo haqqında “Frida” adlı film çəkib. Bu film rəssam xanımın günümüzdə də populyarlığını itirməməsinə, daha artıq tanınmasına səbəb olub. İstedadlı aktrisa Salma Hayekin canlandırdığı Frida rəssamın real görünüşünə, xarakterinə xeyli uyğunlaşdırılıb. Süjet də demək olar ki, reallığı əks etdirir. Və mənə görə filmin ən təsirli səhnəsi, məhz Trotskinin Fridanın evini tərk etdiyi məqamdı. Dieqo - heç nə anlamıram, axı, o niyə getdi? - deyəndə Frida onluğa vuran cavab verir: “Çünki o yanındakı qadının hisslərinə hörmət edir”. Məhz bu cümlə Fridanın revanşı sayıla bilər.     

Həyatın sonu, karyeranın başlanğıcı

Fridanın avtobus qəzasından başlayan fiziki əzabları həyatının sonuna doğru artırdı, çoxalırdı. Ömrü boyu 32 əməliyyat keçirmişdi, illərlə gipsdə qalmışdı. Həyatının sonuna doğru dözülməz ağrılarını yalnız narkotik vasitələrlə sakitləşdirirdi. Eyni vaxtda həm dərmanlar qəbul edir, həm də tekila içirdi. Ayağında başlanan qanqrena amputasiya ilə nəticələndi. Ancaq yenə də Frida həyatla, sevgiylə dolu idi. O öz sərgisinə xəstəxanadan birbaşa gəlsə də, mahnılar oxuyur, zarafatlar edirdi. Bir sözlə Fridanın sınmış, əzilmiş, həyatdan bezmiş halını görmək hər adama nəsib olmadı. Onun bir həyata, bir də Dieqoya sevgisi sirrdi. Sonralar xeyli populyarlaşan, surəti çıxarılıb yayılan məşhur gündəliyində ən çox rast gəlinən söz, ad “Dieqo” idi:

“Dieqo - başlanğıç, Dieqo - övladım, Dieqo - dostum, Dieqo - rəssam, Dieqo -atam, Dieqo - sevgilim, Dieqo - anam, Dieqo - mən özüm, Dieqo - hər şeyim”.

Dieqonun onun həyatındakı yerini müəyyənləşdirmək üçünsə aşağıdakı qeydini oxumaq kifayətdi:

“Ağzımın suyunda,
Kağızda,
Qarabasmada
bütün sətirlərdə,
Bütün rənglərdə,
Bütün kuzələrdə
Köksümün  içində,
çölündə...

Dieqo - dodaqlarımda, ürəyimdə, dəliliyimdə, yuxularımda, basma kağızda, qələmin ucunda, peyzajlarda, yeməkdə, metalda, xəyallarımda, xəstəliklərimdə, vitrinlərdə...  Fəndlərində, gözlərində, dediklərində və yalanlarında!”

Bir də Frida bir rəsmində alnının ortasında Dieqonu əks etdirib. Və Dieqonun özünün də təpəsində bəsirət gözü açıqdı. Məncə, məhz yuxarıdakı sözlər və bu tablo Dieqonun əbədi bir “avtoritet”, ilahi varlıq kimi göstərir. Yəni Fridanın düşüncəsində o beləydi... 

Boşanandan bir neçə il sonra Dieqo ilə Frida yenidən evlənmişdilər. Şübhəsiz ki, heç nə dəyişməmişdi. Dieqo öz modelləriylə qısamüddətli eşqlərini yaşayır, Frida bunları bilir, amma artıq sakit yanaşırdı, təmkinlə baxırdı. “Dieqo həm iblisdi, həm də mələk...” - deyirdi. Və məhz bu mərhələdə Fridanın karyerası, rəsmlərinin qəbul olunması, Parisdə sərgidə göstərilməsi, hətta Luvr muzeyinin onun bir rəsmini alması da həlledici məqamdı. O, sürealist olduğunu qəbul etmirdi. Ancaq hər halda sürealistlər onu özlərindən biri sayırdılar və bu, onun rəssam kimi tanınmasına kömək oldu.

Frida öz zəhmətinin bəhrəsini - bir-iki xırda uğurları, Paris səfərini çıxsaq - çox az gördü. Ölümündən sonra rəsmləri milyonlara satılırdı, indi də auksionerlər onun işlərinə külli miqdarda pul təklif edirlər. Görünür, bu da böyük sənətkarlığın qəribə ştrixlərindəndi: gerçək dəyərin məhz ölümündən sonra verilməsi. Ölümünü isə Frida sevə-sevə gözləyirdi: “Gedişimi sevinc içində gözləyirəm, ümid edirəm ki, daha heç vaxt qayıtmayacağam!”

“Bu vicdansız bədəni yandırarsız” - demişdi bir də... Və bu vəsiyyətin özündə nə qədər böyük ağrı var?! Həyatı boyu ağrı, xəstəlik, əzab daşımış bədəndən heç nə qalmasını istəmirdi Frida... O əzablardan dünyaya miras qalan isə yaratdığı rəsmlər, çəkdiyi şəkillərdi. Bir də əfsanəyə çevrilmiş sevgisi!

 





25.10.2015    çap et  çap et