525.Az

Həyat Şamlının şeirləri


 

Həyat Şamlının <b style="color:red">şeirləri</b>

SUNAMİ

Hərdən
çıxıram şəhərdən...
 Xəzərin yanına gedirəm,
kəsdirirəm dizinin dibini.
O da:  həm dəryadı,
həm də bircə damladı...
qalxıb üzümə su vurur hərdən.

Səni soruşuram,
Deyir, daha dəymir mənə,
ağıllanıb...

Son dəfə sunami oldu,
yuyub apardı hər şeyi:
səni, məni...
sənin sevmədiyin telefonunu,
mənim sevdiyim arabamı,
qulağımdan dodaqlarını,
daşımı, yaddaşımı,
fikirlərimi,
ağırlığımı-uğurluğumu...
Elə yüngülləşdim ki -
hər şeyim Səndin...

Azad oldum bu dünyadan,
Səndən, məndən...
yox olduq...

Durub evə gəldim,
gördüm ki, evdəsən...
Ay da!!!
Sunami olsun
bu Sevgiyə!

YENİ ŞEİRLƏRİM VAR SƏNƏ

Yeni şeirlərim var sənə,
Dünən bir uşaq
əlində pozan -
Qoy,  gözünün yaşını silim - dedi.

Gecə saat 10 radələrində
bir avtomobil qəzaya uğrayıb
aeroport  yolunda...
yanında sərnişin də vardı,
Nicat idi adı...
eşitdim,
ürəyim çatdadı.

Bu gün havam yaxşı olacaq, 
efirdə gördüm səni.

Ümid var da bağlandı...

Sabah
mən olmayacam...
Bu gün də gecdi...
Görüşməyənədək!

POTENSİAL

Ardı vardı hər şeyin,
dözmədin 15 dəqiqə,
vaxtıma girib
ayrılığı zamansız
reklam kimi yayımladın,
sonra da söndürdün Günəşi,
yayım yay olmadı...
qar yağdı ekrana...
Bir dilim sevgi düşdü payıma
içini yemiş ürəyindən,
dilimlə doyulmaz ki...
Sinəndə deşik xatirə gəzdirirdin
Qarabağdan gətirilmə...

Son gedişinin “ad günü”dür bu gün,
bu gedişə mən ad verə bilməsəm də,
sən verdin...

xoşbəxtsənsə,
bəs niyə yağış yağanda
divarların ağlayır?
Tikanlıqda şərqi deyənlərin
nəğməsi qədər
hüznlüdür divarlarının səsi...

Mən indi konfrans zalındayam:
- Cənablar, bilirik
dünyanın həqiqi sərvəti
onun “insan potensialı”dır.
Eləysə, niyə
Quba məzarlığında sümükləri,
Xocalıda dişləri,
Somalidə qabırğaları sananır
bu potensialın?
Eləysə,
niyə hələ də şəffaf yalanları
istehsal etməkdəyik!?

Bir görsəydin
Cumeyrahda söylədiklərinin üzünü...
soyuq rənglərin içində qızarırdı.

Mənimsə istehlak səbətim rənglidir:
məsələn, mən bu gün bir bənövşəyi jurnal,
bir üzü ağ kitab, bir qırmızı qələm aldım
ömrünü yeməyə...
bir də
səni satmamaq üçündür aldıqlarım.

ÜMİD VAR

Yağmayan qar yağmadıqca,
 boğulmadıqca yarpaqlar...
Yamyaşıl boy verən otlar
cücərdikcə,
ümid var deyir...
susursan uzun-uzadı...

Ürəyin ovcunun içində
cızıq-cızıq...
nə qədər yaxındır xətlər,
nə qədər uzaq?..
doğmadır adın...

Ümiddir hər yerin,
gözlərin dolu,
əllərin dərin,
ürəyinin atışı
“xoş gəldin” deyir -
Sən məndəydin,
çoxdan tanıyıram səni,
yaddaşımın alt qatından...

Doğmadır qoxun,
min illərin o üzündən üzümə vurdu
 meh kimi...
dümdüz kipriklərinin qoruduğu
mirvari gözlərin
səhər otları üzərindəki
şeh kimi saf və təmiz... 
bir də əziz...

Həyat ŞAMLI

 





26.10.2015    çap et  çap et