525.Az

Babulla Səlimovun şeirləri


 

Babulla Səlimovun <b style="color:red">şeirləri</b>

İctimai xadim və şair Babulla Səlimov 1945-ci ildə anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib. Mühəndis-mexanik, politoloqdur.

Uzun illər neft sənayesində çalışıb, Əli Bayramlı (indiki Şirvan) Neft Texnikumunun direktoru, Şəhər İcraiyyə Komitəsinin sədr müavini, sədri, Əli Bayramlı Şəhər Sovetinin sədri, icra başçısının müavini kimi bir çox məsul vəzifələrdə çalışıb. Şəhərin quruculuğunda yaxından iştirak edib, milli memarlıq ənənələrinin təbliğinə və tətbiq edilməsinə xüsusi qayğı göstərib. Onun “Səməd Vurğun dühası xalqa məxsusluğun abidəsidir” layihəsi əsasında 1987-ci ildə Əli Bayramlı şəhərində Səməd Vurğun parkı salınıb, şairin abidəsi ucaldılıb.

“Kitabi-Dədə Qorqud” dastanının  1300 illik yubileyi şərəfinə onun işlədiyi layihə əsasında Əli Bayramlı şəhərində “Dədə Qorqud  meydanı” salınıb, Dədə Qorqud abidəsi ucaldılıb, dastanın motivləri və coğrafiyasını özündə əks etdirən abidələr kompleksi tikilib.

Babulla Səlimov, eyni zamanda, neft-mədən avadanlıqlarının təkmilləşdirilməsi ilə bağlı 42 səmərəli təklifin müəllifidir.

Ötən əsrin 70-ci illərindən başlayaraq o, respublikanın dövri mətbuatında  Babulla imzası ilə həm elmi-publisistik, həm bədii yazılarla çıxış edib, hər yazısında xalqımızın  tarixi ilə bağlı taleyüklü problemlərə toxunub.
Onun 20 Yanvar şəhidlərinə həsr olunmuş “Xiyabandan gələn səslər” şeirlər kitabı 1991-ci ildə, “Yaddaşın abidəsi” fəlsəfi-publisistik kitabı 2000-ci ildə, “Sonam” xatirat kitabı isə 2013-cü ildə nəşr edilib.

Bir çox dövlət təltifləri ilə, medallarla mükafatlandırılıb, “Yaddaş” Milli Mükafatına layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair və ziyalı Babulla Səlimovun 70 yaşı tamam olur. Bu münasibətlə Babulla müəllimi  ürəkdən təbrik edir, ona can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

BABULLA

Bu dünyanın dərdi özündən ağır...

Bu dünyanın dərdi özündən ağır,
Bu dünyanın dərdli sözü bilinməz!
Bu dünyanın teşti bağlamaz paxır,
Bu dünyanın odu, közü bilinməz!

Bu dünyanın şirini az, dadı çox,
Bu dünyanın doğması az, yadı çox,
Bu dünyanın toyundan fəryadı çox,
Bu dünyanın ağlar gözü bilinməz!

Bu dünyanın ərşə çatar kəməndi,
Bu dünyanın təntiməmiş səməndi,
Bu dünyanın sərhədsizdir sərhəddi,
Bu dünyanın kimdir özü? Bilinməz!

Bu dünyanın “müştərisi” çoxalmış,
Torpaq, insan, qan hərisi çoxalmış,
Dünya bizə verdiyindən çox almış,
Bu dünyanın dağı, düzü bilinməz.

Bu dünyanın möcüzəsi qədərsiz,
Tapmaq olmur bir insanı kədərsiz,
Bu dünyadan köçüb getsən xəbərsiz,
Bu dünyanın tərsi, düzü bilinməz!

Bu dünyanın harayına hay desən,
İnamınla imansızı teyləsən...
Dünya sənə: - “Dünyadaşım!” söyləsə,
Bu dünyanın dönük üzü bilinməz!

Xocalı soyqırımı bütün dünyanı xoflandırdı...

Haqqın, ədalətin silinir izi,
İlahi, xoflanıb Məkanla Zaman!
Ya çək zənbilinlə göylərə bizi,
Ya da zühur etsin Sahibi-Zaman!

Yerdə də, Göydə də qalmayıb dözüm,
Qov kimi alışır min ilin qarı,
Özündən küsübdür dünyanın özü,
Manqurtluq sürünür bəşərə sarı.

Bu qədər təriqət, bu qədər məzhəb,
Oturtmur yerində bici, gədanı.
Fəryad fələkdədir, çarə qıl, ya Rəbb,
Çuvalda gizlətmək olmaz cidanı.

Ey Haqq! Sən iblisi oddan yaradıb,
Bəla göndərmisən yer övladına.
Adəmi cənnətdən didərgin salıb,
İndi də əl atıb övladlarına.

Əcinnə məkrində düz bəndən yesir,
Toy vaya qarışıb, o, öz işində.
Bu fitnə-fəsaddan vücud ürpəşir,
Buzlaşır dünyanın buz gərdişində.

Dinsiz ədalətdən yenə dərs deyir,
Nəfsisə tuşlanıb özgə malına.
Ağ yalan “ağappaq, bəyaz” don geyir,
Niyə yanan yoxdu bəşər halına?!

Pozulub büsbütün mizan-tərəzi,
Dünyanın üzünə ağ olur qorxaq.
Fitnəyə tuşlanıb onun mərəzi,
Ədalət, həqiqət  - qəbahət, yasaq!..

Hər işdə başdadır bədxahın əli,
İnamın ayağı sürüşkən olub.
Dünyanın ağzından qan iyi gəlir,
İnsafın xırmanı göyə sovrulub.

Müsəlman bəndənəm - hiylədən uzaq,
Allah, küfrə yazma bu şikayəti.
Axı qudurubdu şeytan qurumsaq,
İndi əl atmaqdır sənə niyyəti.

Haqqın, ədalətin silinir izi,
İlahi, xoflanıb Məkanla Zaman.
Ya çək zənbilinlə göylərə bizi,
Ya da zühur etsin Sahibi-Zaman!..

 





26.10.2015    çap et  çap et