Bu günlərdə Azərbaycan MEA- nın müxbir üzvü, professor Nizami Cəfərovun "Elçin" məqalələr toplusu çapdan çıxıb. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı "Klassiklərdən müasirlərə qədər" (1987), "Xalq yazıçısı Elçinə açıq məktub" (2006), "Ədəbiyyat yaradıcısı, metodoloqu və təəssübkeşi" (2013), "Elçinin cümləsi" (2015), "Tarixin müasirliyi və ya "Baş"ın metafizikasından "O"nun apokalipsisinə" (2015) məqalələri daxildir.
Kitabdan "Bir neçə söz"ü təqdim edirik.
Elçinin bədii, elmi və publisistik yaradıcılığı Azərbaycan ədəbi- ictimai təfəkkürünün XX əsrin sonu XXI əsrin əvvəllərində (əslində, daha doğru olar deyək ki, II minilliyin sonu III minilliyin əvvəllərində) Azərbaycan hüdudlarını keçərək dünya miqyasına çıxmış mükəmməl (və kifayət qədər möhtəşəm) ideya- estetik, intellektual və humanitar hadisələrindən biridir.
Fikrimizcə, hər bir böyük yaradıcı şəxsiyyət kimi, Elçinin geniş miqyaslı uğurlarının əsasında ilk növbədə onun Tanrıdan gələn (və təbii ki, praqmatik təhlil, yaxud idrak təcrübəsi ilə izahı sona qədər mümkün olmayan, yalnız ən ümumi cizgilərilə təsəvvür edilə bilən) İstedadı dayanır... İkinci uğuru ondadır ki, Elçin sözün geniş mənasında Tarixi nə qədər dərindən, nə qədər mükəmməl mənimsəsə də, nə qədər irəliyə baxsa da, onun yaradıcılığının (həm bədii, həm elmi, həm də publisistik idrakının) strateji məqsədi həyatın, dünyanın və ya bəşəriyyətin həm keçmişini, həm də gələcəyini çox müxtəlif, çox mürəkkəb və çox mübahisəli şəkildə özündə həm birləşdirən, həm də ayıran Bu Gündür... Və nəhayət, Elçinin bir mütəfəkkir olaraq dünyamiqyaslı yaradıcılıq uğurlarını şərtləndirən üçüncü amil onun milli olduğu qədər də ümumbəşəri olması, ana dilində yaza- yaza planetar miqyasda düşünməsidir.
Elçini oxumaq, onun nə düşündüyünü, nə dediyini dərk etmək dünən Bu Gününün insanını mənən yüksəltdiyi kimi bu günün Bu Gününün insanını da yüksəldir... Və heç şübhəsiz, sabahın Bu Gününün insanını da yüksəldəcəkdir.
Müxtəlif illərdə (çoxu isə son illərdə) yazılmış bu məqalələri, kiçik də olsa, bir kitab halında ona görə nəşr etdirirəm ki, sabahın Bu Gününün oxucuları (və tədqiqatçıları) dünənin Bu Gününün oxucularından (və tədqiqatçılarından) birinin böyük yazıçı, alim və publisist (ümumən mütəfəkkir insanşünas!) haqqında nə düşündüyü barədə az-çox bütöv bir təsəvvür almaq imkanına malik olsun.