525.Az

Prezidentdən sahibkarlara maksimum sərbəstlik


 

PƏRVİZ HEYDƏROV: "TƏKCƏ SUMQAYIT TEXNİKİ AVADANLIQLAR ZAVODUNDA ON MİNƏ QƏDƏR DAİMİ İŞ YERİNİN AÇILACAĞI GÖZLƏNİLİR"

Prezidentdən sahibkarlara maksimum sərbəstlik<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 25-də Sumqayıt şəhərində "Azertexnolayn" Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki Avadanlıqlar Zavodunun açılış,"Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunun yeni qurğuların işə salınma, "SOCAR Polymer" layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun isə təməlqoyma mərasimlərinə qatılıb.

"AZƏRTAC"ın məlumatına görə, dövlət başçısı "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda təşkil olunan mərasimdə çıxış edərək sahibkarlığın inkişafına mane olan məsələlər barədə bir daha danışaraq son dövrlər korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına qarşı görülən tədbirlərin  ciddi nəticələr verdiyini bildirib.

Ölkə rəhbərinin sözlərinə görə, bütün xoşagəlməz hallara qarşı daha ciddi mübarizə aparılmalıdır: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir".

Prezident bildirib ki, son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar sahibkarlara heç kimin mane olmaması, süni əngəllərin aradan götürülməsi, maksimum sərbəst, rahat işləmələri, ölkəyə vəsait qoymaları, iş yerləri yaratmaları və Azərbaycanda biznes mühitinin daha da yaxşılaşması üçündür: "Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilib, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin. Bir daha deyirəm, kim ki, söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq".

Prezident bildirib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq: "İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək: "Mən bir daha bütün iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür".

İqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, sözügedən müəssisələrin açılışı və yenilərinin təməlinin qoyulması hökumətin bilavasitə iqtisadiyyatda qeyri-neft sektorunun inkişaf etdirməyi prioritet tutmasının nəticəsidir: "Azərbaycanda sənayeləşmə məlum olduğu kimi iqtisadi siyasətin əsas hədəflərindən birini təşkil edir. Bu tendensiya hələ 10 il bundan qabaq start götürüb. Prezident İlham Əliyev tərəfindən isə görülən işlər ardıcıl xətt halını alıb. 2014-cü ilin "Sənaye ili" elan etməsi bunun bariz nümunəsi idi".

İqtisadçı ekspert bildirib ki, sənayeləşmə ölkədə sənaye mərkəzlərinin yaradılmasını - bu sahədə parkların təşkil edilməsi, yüksək rəqabətqabiliyyətli müxtəlif sahələrin təsis olunmasını özündə birləşdirir: "Bütün bunlar isə, çoxlu sayda yeni iş yerlənin açılmasını, neftdənkənar mal və məhsulların istehsalını və son nəticədə ölkənin ixrac potensialının genişlənməsini şərtləndirəcək. Ümumiyyətlə, sözügedən parkların yaradılmasının əsas məqsədi ölkədə məhz innovativ yüksək səviyyəli texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalına nail olmaq, qeyd olunan sahədə sahibkarlığı inkişaf etdirmək, qeyri-neft sektorunun davamlı inkişafına nail olmaqla, xüsusən də əhalinin məşğulluğunu artırmaqdır. Təkcə Sumqayıt Texniki Avadanlıqlar Zavodunda 10 minə qədər daimi iş yerinin açılacağı gözlənilir".

Ceyhun ABASOV

 





27.10.2015    çap et  çap et