525.Az

Filoloqlarımızın Qars səfəri


 

Filoloqlarımızın Qars səfəri<b style="color:red"></b>

Oktyabrın 21-23-də  Türkiyənin Qars şəhərində Qafqaz Universitetinin təşkilatçılığı ilə "Azərbaycanşünaslıq: keçmişi, bu günü, gələcəyi" mövzusunda Beynəlxalq Simpozium keçirilib.

Simpoziuma dünyanın müxtəlif ölkələrindən - Türkiyə, Azərbaycan, Almaniya, Kipr, İran, İraq, Qazaxıstan, Qırğızıstan Gürcüstandan 100-ə yaxın elm adamı qatılıb.

Tədbirdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllimləri - professor Leyla Gərayzadə, dosentlər İslam Vəliyev, Rəhilə Quliyeva,  "Türkoloji araşdırmalar" laboratoriyasının əməkdaşları Pərvin Eyvazov və Ramil Bayramov  təmsil ediblər.

Açılış mərasimində Türkiyə və Azərbaycanın himnləri səsləndirildikdən sonra çıxış edən Qafqaz Universitetinin rektoru professor Sami Özcan, Ərdahan Universitetinin rektoru Ramazan Qorxmaz, ölkəmizin Qarsdakı baş konsulu Ayxan Süleymanlı, təşkilat komitəsinin sədri Adəm Balkaya bu möhtəşəm tədbirin mahiyyətindən, gələcək perspektivlərindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.

BDU-nun nümayəndə heyəti ilə ayrıca görüşən rektorlar S.Özcan, R.Qorxmaz  və baş konsul A.Süleymanlı elm müstəvisində də əlaqələrin genişlənməsinin xüsusi əhəmiyyət daşıdığını bildirərək Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmovun bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Açılış mərasimindən sonra bölmə iclasları başlayıb. İclaslarda L.Gərayzadə  "Türk xalqları ədəbiyyatında rus dilində yaranmış bədii əsərlərin rolu", İ.Vəliyev "Azərbaycan dilinin tarixi inkişafında  Suli Fəqihin "Yusif və Züleyxa" məsnəvisinin rolu", R.Quliyeva "Azərbaycan dilində nitqin inkişaf etdirilməsi yolları", P.Eyvazov "Bəkir Çobanzadənin Azərbaycan ədəbi dilinin tarixi haqqında araşdırmaları", R.Bayramov isə "Azərbaycan dilinin leksik qatında psixologiya terminlərinin təkamül və inkişaf tarixi" adlı məruzələrlə çıxış ediblər.

Simpozium müddətində BDU nümayəndələrinin Qafqaz Universitetindəki Heydər Əliyev Mərkəzi, məşhur "Qars qalası", o cümlədən, Qars şəhərinin görməli yerləri ilə tanışlığı gerçəkləşib. Həmçinin qonaqlar adından Qafqaz Universitetinin kitabxanasına dilçiliyə aid kitablar hədiyyə edilib.

Müşfiq ŞÜKÜRLÜ

 





28.10.2015    çap et  çap et