Azərbaycan Republikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin mütəxəssisləri Qərb zonasının zəngin bitki örtüyünün öyrənilməsi üzrə layihə həyata keçirməyə başlayıblar.
Məqsəd yabanı, eləcə də nadir və unudulmuş meyvə, tərəvəz və digər bitkilərin təsərrüfatlarda tətbiqi imkanlarının artırılmasıdır.
Bu ilin iyul ayından start götürən birillik layihə çərçivəsində 5 nəfərdən ibarət ekspedisiya qrupu respublikamızın Qərb bölgəsinin dağ və dağətiyi zonalarında meşə və yamacları tədqiq edərək oralarda bitən və insanlara və təsərrüfatlara müəyyən dərəcədə yararlı ola biləcək bitki növlərini aşkarlamaqla məşğuldur.
Ekspedisiya qrupunun rəhbəri, kənd təsərrüfatı elmləri doktoru, professor Zaur Həsənov bildirir ki, layihənin başlanmasından keçən 4 ay ərzində onlar Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz və Qazax rayonlarının dağ və dağətəyi zonalarında axtarış-tədqiqat işləri aparıblar. Artıq bunun nəticəsi kimi, yabanı halda bitən, eləcə də vaxtilə təsərrüfatlarda yer tutmuş, lakin son bir neçə onillikdə becərilməyərək sıradan çıxmış bitkilərin nümunələri toplanaraq siyahıya alınıb.
Müsahibimiz ekspedisiya tərəfindən ilk növbədə Qərb zonasının dağ meşələrində bitən fındıq, qoz, fıstıq və hətta badam kimi meyvələrin gözlənildiyindən daha geniş miqyasda yayıldığının müəyyən edildiyini bildirir.
"Məsələn, Gədəbəyin yasamal hissəsində, eləcə də Şəmkir su anbarının arxa zonasında yetişən yabanı badam aşkarladıq. Halbuki əksər ədəbiyyatda yalnız xarici ölkələr bu bitkinin vətəni kimi göstərilir. Elə bizim təsərrüfatçılar da badamı digər ölkələrdən gətirirlər. Amma bu qiymətli bitkini elə bizim meşələrdən gətirib yetişdirmək olar. Meşələrimiz həmçinin fıstıq və fındıq kimi ağacların bazası rolunu da oynaya bilər"- deyə, Z. Həsənov qeyd edir.
Ekspedisiyanın daha bir tapıntısı da Göygöl rayonu ərazisində, Aşıxlı meşələrində aşkarlanan nadir qoz növü ilə bağlıdır.
"Burada çox nadir və bizim heç bir ədəbiyyatımızda meşələrdə rast gəlinməsi qeyd olunmayan nazikqabıq qoz tapdıq. Faydalı məhsulu kifayət qədər iri olan bu qozun qabığı əllə asanca qırılır, həmçinin onun ləpəsi bütöv çıxır. Bunlar isə qərzəkli meyvə məhsulu üçün çox yüksək təsərrüfat göstəriciləridir"-deyə, mütəxəssis vurğulayır.
Ekspedisiyanın tədqiqatlarının bir qolu da unudulmuş yerli bitki sortlarının təsnif edilməsi və ənənəvi əkinçilik üsullarının bərpası məsələləridir. Bu baxımdan da ekspedisiya tərəfindən bir sıra bostan bitkilərinin yenidən təsərrüfatlara qaytarılması tövsiyə edilib. Misal üçün, indi demək olar ki, tam unudulmuş yerli qarpız sortlarının, o cümlədən, "Çillə qarpızı" və "Qara qarpız" ın təsərrüfatlarda bərpasının faydalı olacağı qeyd olunur.
"Tarixən bu zonada becərilmiş qarpız sortları yüksək qida və necə deyərlər, yerli istehlakın məziyyətlərinə uyğunlaşmış xüsusiyyətləri ilə seçilib. Bu yerlərdə son 20-25 ilədək müxtəlif sort - "yeməli", həmçinin "mürəbbəlik" və "bayramlıq", yəni Novruzadək xüsusi üsullarla saxlanılması mümkün olan qarpızlar çox geniş miqyasda yetişdirilib. Bu sıraya aid olan "Qara" və "Çillə" qarpızları mayda əkilir, sentyabrda yığılır. Bu qarpızların məziyyəti odur ki, bunlar çillələrin çıxmasına, fevralın axırına , hətta Novruz bayramınadək saxlanıla bilir"-deyə, Z.Həsənov bildirir.
Müsahibimiz gələn ilin iyulunda yekunlaşacaq layihənin nəticələri əsasında Qərb zonasının bitki örtüyünün bir daha korrektə ediləcəyini qeyd edir:
"Apardığımız tədqiqatların nəticələri kimi Qərb zonasındakı bitkilərin coğrafi arealı müəyyənləşdiriləcək, onların yayılma xəritələri tərtib ediləcək, eləcə də müxtəlif yabanı növlərin təsərrüfatlara gətirilməsi üzrə tövsiyələr təqdim olunacaq".
Qeyd edək ki, ekspedisiyanın aşkar etdiyi faydalı yabanı bitki növlərinin aqrar təsərrüfatlarda becərilməsi və seleksiya yolu ilə mədəniləşdirilməsi məsələləri də diqqətdə saxlanılacaq.
Zakir MURADOV
Gəncə
çap et