525.Az

Təhsil Nazirliyindən növbəti mediatur


 

Təhsil Nazirliyindən növbəti mediatur<b style="color:red"></b>

Dünən şagirdlərin elektron dərsliklərdən istifadə bacarıqları ilə tanış olmaq məqsədilə mediatur keçirilib. Mediatur çərçivəsində Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə olan media təmsilçiləri III və VIII sinif şagirdlərinin elektron dərsliklərdən istifadə prosesini izləyiblər.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Tofiq Sadıqov bildirib  ki, Təhsil sisteminin tam şəkildə informasiyalaşdırılması Təhsil Nazirliyinin prioritet məsələlərindən biridir. Təhsil Nazirliyi elektron dərsliklərin müasir təhsil sistemində aktuallığını nəzərə alaraq bu istiqamətdə fəaliyyətini genişləndirərək www.e-derslik.edu.az  elektron dərslik portalını yaradıb. www.e-derslik.edu.az  portalın hazırlanmasında məqsəd təhsil alanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırmaqdadır.

T.Sadıqov bildirib ki, Azərbaycan və rus bölmələri üzrə  www.e-derslik.edu.az portalında yerləşdirilən elektron kitabların sayı 66-dan 95-ə çatdırılıb.  Ən son olaraq IV, VI, VII və VIII sinif dərslikləri əlavə olunub. Yaxın aylarda VIII sinif üzrə bütün fənn dərsliklərinin hazırlanıb portalda yerləşdirilməsi nəzərdə tutulub. Hazırda I-IV və VI-VIII siniflər üçün Azərbaycan və rus bölmələri üzrə 95 ədəd dərslik tam olaraq elektron variantda portala yerləşdirilib. V və IX-XI sinif dərsliklərinin elektron versiyaları isə 2015-2016-cı tədris ilinin sonunadək hazırlanacaq.

Ötən bir  ildə elektron dərsliklər portalından 400 minə yaxın istifadəçi yararlanıb. Portala gündəlik 1500-2000 nəfər istifadəçi daxil olur. Portalda qeydiyyatdan keçən istifadəçilərin sayı isə 33000 nəfərdən çoxdur. Sentyabr və oktyabr aylarında portaldan 54.000-dən çox şəxs istifadə edib. Bu göstəricilər hər gün artmaqdadır.

Portala daxil olan istifadəçilərin onlayn və oflayn formada dərslikləri elektron versiyada oxumaq, dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq, axtarışlar etmək imkanı var.

Vəfa MƏMMƏDLİ

 





29.10.2015    çap et  çap et