525.Az

"Müxalifət partiyaları YAP-dan nümunə götürməlidir"


 

"Müxalifət partiyaları YAP-dan nümunə götürməlidir"<b style="color:red"></b>

Azərbaycanda noyabrın 1-ə təyin olunan parlament seçkilərinə hazırlıq prosesi, namizədlərin təbliğat-təşviqat kampaniyaları, gənclərin ictimai-siyasi proseslərdə rolu, qadınların seçkilərdə namizəd kimi iştirakı və digər məsələlərlə bağlı Demokratik İslahatçı Gənclər İctimai Birliyinin idarə heyətinin sədri Vüsalə Hüseynli "525"ə müsahibə verib.

- Parlament seçkilərinə hazırlıq səviyyəsini necə qiymətləndirirsiz?

- Azərbaycanda seçkiqabağı vəziyyət yüksək səviyyədədir. Bütün siyasi qüvvələrin sağlam rəqabət aparması üçün hər cür şərait yaradılıb. Hesab edirəm ki, müəyyən sosial bazaya, təcrübəyə malik olan siyasi qüvvələr qanunun tələblərinə əməl etməklə öz təbliğat-təşviqat kampaniyasını apara və müəyyən uğurlar qazana bilərlər. Bu şərtlər müstəqil namizədlərə də şamil olunur. Hazırda parlament seçkilərinə hazırlıq mərhələsi uğurla başa çatdırılıb və  təbliğat-təşviqat kampaniyası davam edir. Düşünürəm ki, xalqımız bu seçkilərdə layiqli namizədlərə səs verəcək və onların Milli Məclisində təmsil olunmalarını təmin edəcək.

- Gənclərin seçkilərdə rolu nədən ibarətdir?

- Parlament seçkiləri gənclərimizin diqqət mərkəzindədir. Onlar bu seçkilərdə həm könüllü, həm müşahidəçi, həm də namizəd kimi iştirak edirlər. Müəyyən qism gənclər isə sosial şəbəkələrdə namizədlərin dəstəklənməsi kampaniyasında, keçirilən görüşlərdə iştirak edirlər.  Bütün bunlar gənclərin seçkilərə tam hazır olduğunu söyləməyə əsas verir. Çünki Azərbaycan gəncləri ölkəmizin həyatında baş verən bütün önəmli hadisələrə hazırdırlar. Biz bunu "Avroviziya" beynəlxalq mahnı yarışması, Birinci  Avropa Oyunları zamanı müşahidə etdik. Azərbaycan gəncləri hər zaman ölkə Pezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti, dövlətimizin uğurlarını təqdir edib, bu siyasətin davamlı olmasına öz dəstəyini veriblər.

-Gender bərabərliyi baxımından qadın namizədlərin seçkidə iştirak səviyyəsi sizi qane edirmi?

-Seçkidən-seçkiyə qadınların namizəd kimi iştirakının artdığını müşahidə edirik. İstər bələdiyyə, istər parlament seçkilərində qadın namizədlərin uğur qazanması sevindirici haldır. Bu məsələdə Yeni Azərbaycan Partiyası nümunəvi bir dəsti-xətt yürüdür. Çox arzu edərdik ki, müxalif partiyalarından parlamentdə təmsil olunanlar da xanım həmkarlarının uğur qazanmasına dəstək versinlər. Bu işdə onlar YAP-dan nümunə götürməlidir. Ümumilikdə isə son vaxtlar ölkəmizdə gender siyasəti ilə bağlı kifayət qədər işlər görülür. Buna nümunə olaraq dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Abşeron İcra Hakimiyyətinə xanım başçının təyin edilməsini qeyd etmək olar.

-Bəzi Qərb təşkilatları - Avropa Parlamenti, AŞPA, ATƏT və digərlərinin ölkəmizdə keçiriləcək seçkilərə mənfi mövqe bildirməsinin arxasında hansı maraqlar dayanır?

-Təbii ki, onların Azərbaycanla bağlı çirkin maraqları var. Bir nüansa fikir verin. Necə olur ki, işğalçı Ermənistanda insan hüquqları kütləvi şəkildə pozulduğu, seçkilər saxtalaşdırıldığı halda həmin təşkilatların səsi çıxmır? Gürcüstanda ölkənin eks-prezidentı  Saakaşvilinin partiyasının ofislərinə 20-dən artıq basqınlar olur, ancaq nə Qərb dairələrinin, nə də beynəlxalq təşkilatların səsi çıxmır. İndi bu hadisə Azərbaycanda baş versəydi, həmin beynəlxalq qurumların hansı mövqe nümayiş etdirəcəyini hər kəs bilərdi.

-ABŞ-ın "Artur J. Finkelştayn and Assoşietys" Sorğu Şirkəti və Fransanın "Opinion Vay" Araşdırma Şirkətinin keçirdiyi seçkiqabağı sorğular bəs?

- Nüfuzlu beynəlxalq təşkilatların keçirdiyi rəy sorğularının nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə etimad göstərdiyini bir daha təsdiq edir. Ölkə başçısı xalq tərəfindən dəstəklənir. Xalqımız öz Prezidentinə inanır. Azərbaycanda xalq-dövlət birliyi var. Bunu bizi istəməyən qüvvələr də yaxşı bilirlər. Ona görə də, məlum çevrələr ölkəmizə qara yaxmaqla məşğul olur.

-ABŞ Senatında Azərbaycan əleyhinə təşkil olunan dinləmələri necə dəyərləndirirsiniz?

-Azərbaycanda mötəbər tədbirlər ərəfəsində bəzi Qərb dairələri ölkəmiz əleyhinə dinləmələr təşkil edir. Maraqlıdır, niyə bir dəfə də olsa onlar Azərbaycanın Dağlıq Qarabağ problemi, 1 milyondan artıq qaçqın və məcburi köçkünüylə bağlı dinləmələr keçirmirlər? Çünki onları insan hüquqları, demokratik dəyərlər deyil, ayrı-ayrı dövlətlərə təzyiq göstərərək onları öz təsir dairələrinə salmaq maraqlandırır. Budəfəki dinləmələr də eyni maraqlara xidmət edir.

Ceyhun ABASOV

 





30.10.2015    çap et  çap et