525.Az

“Azərbaycanda bizneslə məşğul olmaq asan və əlverişlidir”


 

"DOİNG BUSİNESS -2017" HESABATINDA AZƏRBAYCANIN MÖVQEYİ DAHA DA GÜCLƏNƏCƏK"

“Azərbaycanda bizneslə məşğul olmaq asan və əlverişlidir”<b style="color:red"></b>

Dünya bankı və Beynəlxalq maliyyə korporasiyasının hazırladığı "Doing Business -2016: Tənzimləyici sahədə Keyfiyyət və Səmərəliliyin Qiymətləndirilməsi Hesabatı"nda, Azərbaycanın mövqeyi yüksək qalmaqda davam edir. "Doing Business -2016" hesabatına görə sahibkarlıq fəaliyyətinin aparılmasının ümumi reytinqində ölkəmiz bu il 100 mümkün xaldan 67,8 xal toplayaraq 63-cü yeri tutur.

Azərbaycan "Doing Business -2016" hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. Ölkəmiz hesabatda "Biznesə başlama" göstəricisi üzrə biznesin qeydiyyatını sadələşdirməklə dünyanın ilk onluğuna daxil olub və Almaniya, İsveç, Estoniya, Slovakiya ilə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunub. Ötənilki hesabatla müqayisədə "Doing Business 2016" hesabatına "Tikinti üçün icazələrin alınması", "Elektrik təchizatı şəbəkələrinə qoşulma", "Müqavilələrin icrası", "Əmlakın qeydiyyatı" göstəriciləri üzrə biznes mühitinin qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin keyfiyyətinə nəzarət, elektrik təchizatının etibarlılığı, tariflərin şəffaflığı, məhkəmə proseslərinin keyfiyyəti və ərazi idarəetməsi keyfiyyəti indeksləri də əlavə edilib. "Doing Business" hesabatının mühüm elementi olan "Etalon Qanunvericiliyə Yaxınlıq" (DTF) indeksi üzrə ölkəmiz 67.8 balla qiymətləndirilib. Son zamanlar biznes və investiya mühitinin yaxşılaşdırılması ilə bağlı göstərilən təşəbbüslər növbəti reytinqdə Azərbaycanın daha da irəliləməsinə səbəb olacağı şübhəsizdir.

Pərviz Heydərov bildirib ki, "Doing Business" hesabatı Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən etibarən hər il hazırlanır: "Burada ölkələr üzrə biznesin tədbiqi sahəsində bir sıra göstəricilər baxımından əlverişlilik səviyyəsi nəzərdən keçirilməklə, bu sahədə mövcud vəziyyət qiymətləndirilir. Həmin göstəricilərə isə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin qorunması, vergi yığımı, xarici ticarət, müqavilələrin icrasına təminat, həmçinin iflas daxildir. Bu il sözügedən hesabata - "Doing Business -2016"-ya əsasən, ölkəmizin 100 mümkün xaldan 67,8 xal toplayaraq məhz 63-cü yeri tutması böyük nailiyyətdir. Dünyada kəskin iqtisadi böhran və maliyyə qıtlığı hökm sürdüyü bir vaxtda 17 pillə irəliləmişik. Bu rəqəm ayrı-ayrı göstəricilər üzrə isə, məsələn, "Biznesə başlama"da 5, "Tikinti üçün icazələrin alınması"nda 36, "Kiçik investorların maraqlarının qorunması"nda 15, "Elektrik təchizatı şəbəkələrinə qoşulma"da 49, "Xarici ticarətin aparılması"nda isə 72 pillə təşkil edir. Bütün bunlar sözsüz ki, ölkədə həyata keçirən islahatların və görülən işlərin nəticəsidir".

Ekspert hesab edir ki, istər Dünya İqtisadi Forumunun, istərsə də "Doing Business" kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə bundan sonra da irəliləməyimiz üçün biznes mühiti durmadan yaxşılaşdırılmalı, mövcud qanunlarda təkmilləşdirmə, habelə tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində islahatlar fasiləsiz xarakter daşımalıdır: "Çünki rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirlər məhz sahibkarlıq fəaliyyətini genişləndirməkdən və bunun üçün zəruri olan şəraiti inkişaf etdirməkdən keçir. Ancaq sahibkarlığın inkişafı isə təkcə, onu stimullaşdırmaqdan, qeydiyyatdan və ilkin fəaliyyət üçün hər hansı problemlərin yaranmasının qarşısını almaqdan, maliyyə dəstəyi, vergiyığımının səmərəli təşkili, beynəlxalq ticarət və müqavilələrin icrası kimi məsələlərdən ibarət deyil. Sahibkarları dəstəkləməyə hər zaman ehtiyac olduğundan müvafiq hökumət strukturları tərəfindən lazımsız və yersiz yoxlamalara yol verməmək, inzibati müdaxiləyə və məmur himayəçiliyinə son qoymaq da həlli vacib sayılan məsələlərdən sayılır".

P.Heydərov bildirib ki, hesabatda cari ildəki müsbət mövqe sıçrayışımızda sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin bu ilin mart ayının 3-ü tarixində imzaladığı Fərman mühüm əhəmiyyət kəsb edib: "Məhz həmin Fərmana əsasən, ölkədə sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi kimi məsələlərin həllində əhəmiyyətli irəliləyiş əldə olundu. Bu prizmadan yanaşsaq, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olan və artıq qəbul edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna görə yoxlamalar noyabrın 1-dən 2 il müddətinə dayandırılması daha böyük müsbət nəticələr verəcək. Bu tədbir, növbəti "Doing Business -2017" hesabatı üzrə daha da irəliləyəcəyimizi indidən deməyə əsas yaradır".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, "Doing Business" dünyanın ən aparıcı hesabatlarından biri hesab olunur: "Praktiki olaraq bu, hesabat ayrı-ayrı dövlətlərin iqtisadi inkişaf göstəricilərinin təqdim edilməsi deyil, ölkələrə investisiyaların cəlb edilməsi baxımından da vacibdir. Bu mənada, Azərbaycanın hesabatda mövqeyini yaxşılaşdırması birmənalı şəkildə həm ölkə iqtisadiyyatının, həm də aparılan islahatların təqdimatı baxımından önəmlidir. Bu, Azərbaycanın qeyri-neft sektoruna yeni investisiyaların cəlb olunmasına gətirib çıxaracaq".

İqtisadçı alim qeyd edib ki, "Doing Business-2016" hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması son dövrlər ölkədə aparılan islahatla bağlıdır: "Hesabatda xüsusilə üç istiqamətdə islahatların gücləndirildiyi qeyd olunub. Birinci istiqamət bizneslə məşğulolma prosedurlarının sayının ikiyə endirilməsidir. Bu göstərici inkişaf etmiş əksər ölkələrdə üçdən artıqdır. Bu onu göstərir ki, inkişaf etmiş ölkələrə nisbətən Azərbaycanda bizneslə məşğul olmaq daha asan və əlverişlidir. Digər istiqamət tikinti-inşaat sektorunda birpəncərə sisteminin tətbiq edilməsidir. Bu sistem daha qısa zamanda tikinti işlərinə başlamaq üçün müvafiq qurumlardan icazələrin alınmasına imkan verir. Bu da beynəlxalq reytinq cədvəllərində Azərbaycanın mövqeyinin yaxşılaşmasına imkan verir. Üçüncü istiqamət isə səhmlərinin sayı az olan investorların müdafiəsi ilə bağlıdır. Azərbaycanda səhmlərinin sayı az olan biznes adamlarının müdafiəsi ilə bağlı ayrıca qanun da qəbul olunub və qanunvericilik bazası formalaşdırılıb. Bununla az səhmli investorların müdafiəsi ilə bağlı daha real addımların atılmasına şərait yaranıb. Hesab edirəm ki, bu isqtiamətdə  də görülən  işlər Azərbaycanın hesabatda mövqeyinin güclənməsinə təsir edib. Bu bir daha təsdiq edir ki, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı aparılan  islahatlar beynəlxalq təşkilatlar tərəfindən  yüksək qiymətləndirilir. Neftin dünyada qiymətinin aşağı düşməsi fonunda, bu, ölkə iqtisadiyyatına xarici investorların cəlb edilməsi baxımından vacib amildir".

Ceyhun ABASOV

 





30.10.2015    çap et  çap et