525.Az

Biznes nümayəndələri üçün seminar-treninq təşkil olunub


 

TƏDBİR “QLOBAL SAZİŞ PRİNSİPLƏRİ BARƏSİNDƏ SAHİBKARLIQ SUBYEKTLƏRİNİN MAARİFLƏNDİRİLMƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ HƏYATA KEÇİRİLİR

Biznes nümayəndələri üçün seminar-treninq təşkil olunub<b style="color:red"></b>

Dünən Azərbaycan Türkiyə İş Adamları Birliyinin konfrans zalında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı və BMT-nin Qlobal Saziş təşəbbüsünün Azərbaycan nümayəndəliyi ilə birgə “Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi” layihəsi çərçivəsində Biznes nümayəndələri üçün seminar-treninq təşkil olunub.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın şirkət, sahibkarlar assosiasiyaları və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisi, “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev BMT-nin Qlobal Saziş təşəbbüsü haqqında iştirakçılara məlumat verib. O, bu şəbəkənin dünyanın ən böyük könüllü qrupu olduğunu bildirib. Onun sözlərinə görə, şəbəkəyə dünyanın 145 ölkəsindən 10 mindən çox kommersiya qurumu, universitet, ictimai təşkilat qoşulub: “Azərbaycanda isə bu layihə 2011-ci ilin noyabr ayından rəsmi şəkildə həyata keçirilməyə başlayıb. Qlobal Saziş təşəbbüsü bütün şirkətləri 4 başlıca istiqaməti özündə ehtiva edən 10 prinsip üzrə - insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və korrupsiya əleyhinə mübarizədə BMT ilə yaxından əməkdaşlıq etməyə çağırır”.

Daha sonra seminar-treninqdə Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisinin köməkçisi, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədova insan hüquqları, ətraf mühitin qorunması sahəsində, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse -prezidenti, beynəlxalq mühasibatlıq üzrə ekspert Radil Fətullayev əmək normaları, korrupsiya əleyhinə mübarizə üzrə mühazirə oxuyublar.

Tədbir bu gün başa çatacaq.

Qeyd edək ki, bu layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunur.

Ceyhun ABASOV

 





31.10.2015    çap et  çap et