525.Az

Musa Yaqubun şeirləri


 

Musa Yaqubun <b style="color:red">şeirləri</b>

Uzaq... uzaq...
             
Mənim incilərim hara daşındı?!
Bəlkə yaddaşımdır, bəlkə yaşımdır;
Sellər sal daşımı yudu apardı,
Xatirə gözlərin çıxıb yadımdan,
İllər yaddaşımı yudu apardı -
Gözümdən yaş kimi üzülüb gedib.
Saçın pəncərədə pərdələnərdi
O da qumaş kimi süzülüb gedib -
Sozala-sozala sönüb o çıraq,
Uzaq... Uzaq... Uzaq... Dünyadan uzaq.

Xatirə ulduza, xatirə aya,
Necə baxacağam mən bu dünyaya?
Daha səndən sonra şöhrət-şanım yox,
Sənə oxşatmağa bir nişanım yox,
Toranlıq içində bir xəyal sayaq,
Uzaq... Uzaq... Uzaq.. Dünyadan uzaq.

Qalsaydı aynada zərrə şəfəqin,
İşığı mənə də, bəlkə düşərdi.
Ruhun  yaşamağı yalandır yəqin,
Olsaydı üstümə kölgə düşərdi -
Nə yerdə xəbər var, nə göydə soraq
Uzaq... Uzaq... Uzaq... Dünyadan uzaq.
             
Bilmirəm, haradansa səsin gələrdi,
Deyərdim, yuxuma gəlsin, gələrdi.
İndi gecə uzun, gündüzlər yasaq,
İndi qürub yaxın, indi dan uzaq.

Allah, xatirə də ölərmiş belə,
İllər izimizi silərmiş belə...

Dünyanın sükutu üstümə enir,
Nə yarpaq oxuyur, nə çay danışır,
Nə torpaq diksinir, nə cığır dinir,
Yol duman içində, çöl-bayır sazaq,
Qapanıb o qapı, sönüb o ocaq,
Uzaq... Uzaq... Uzaq... Dünyadan uzaq. 

Sənli xatirəmi necə ayıldım?
Mən necə qayıdım evə-eşiyə-
Hicrana qayıdım, qəmə qayıdım,
Mən hara qayıdım, kimə qayıdım?
Şimal qütbü kimi xatirə otaq...
Uzaq... Uzaq... Uzaq... Dünyadan uzaq.

Bələd deyiləmmiş yaddaş sirrinə...
Dözdüm son dözümə, son taba kimi..
Payızlar bənzəmir biri-birinə,
Xınalı barmağın bir xəzəl üstə
O da əriyibmiş kəhrəba kimi -
Kəsilib o budaq, gedib o yarpaq...
Nə xəzan rəngi var, nə yazdan soraq -
Uzaq...Uzaq...Uzaq... Dünyadan uzaq.

Göynədi yaddaşı kor olan sinəm,
Bu hansı özüməm, bu hansı mənəm?
Mən məndən alınıb, cismi-can uzaq,
Nə fərqi, ya dünən, ya min il qabaq,
Məzar növbəsini dəyişdi torpaq -
Uzaq...Uzaq...Uzaq... Dünyadan uzaq.

Payız-2015
Buynuz

Qoca vələs
            

Budaqları yorğun düşən,
Yarpağına qırğın düşən,
Gövdən düyün, para-para,
Qabığında balta yeri
                                Köhnə yara,
İçin qalay, çölün bürünc,
Sonuncu səs, axır nəfəs,
                                Qoca vələs!
Bəs hardandı səndə bu güc? -
Bizə mətləb anlatmısan,
Kökün üstə kök atmısan,
Hər şivin bir ağac olub,
Pöhrən qulac-qulac olub -
İmana bax, amana bax
Güvəndiyim gümana bax.

Taqor deyir,
Hər doğulan təzə uşaq -
            Tək Allahın hələ bizə -
            İnsanlara inanmağı
Deməkdir bu,
Yəni insan tərəfində
Dayanmağı deməkdir bu -
Bu kəlama qulaq asdım,
Ürəyimə səni yazdım,
                         Qoca vələs!

Vuran insan, qıran insan..
Amma yenə
İnsanlara inanmısan,
Bu inanca görə sağ ol!
Şiv ağaca görə sağ ol!
Sən deyirsən:
- Mən gedirəm,
Qalanlara salam olsun!
Mən deyirəm:
- Kök üstə kök
Salanlara salam olsun!
Sən deyirsən:
- Qırğınlara xitam verən
Mişarlara, baltalara
Dəhrələrə salam olsun!
Mən deyirəm:
- Bizə qalan bu şivlərə,
                             pöhrələrə,
Qızılyarpaq çöhrələrə
                         Salam olsun!
Pöhrənəfəs, yaşılhəvəs
                           Qoca vələs!
        
Meşəmizin qoca yaşı,
Yurdun ulu vətəndaşı,
Ömür keçir, gün əriyir,
Doymaq olmur bu dünyadan,
Tamaşadır bu dünyanın
                                işi qərəz
Qoca vələs! Qoca vələs!

Payız-2015
Buynuz
                      
Payız üşüyür

Nə yaman tez gəldi qışın soyuğu,
Yuvası üşüdür qaratoyuğu,
Payız üşüyür...
 
Bir sərçə sığınıb quru budağa,
Payızın fikrini çəkir deyəsən.
Sünbülotu yerə dikib başını,
Yaza toxumunu əkir deyəsən.
Payız üşüyür...

Gün dəyən əbrüşüm yarpaqlarında
Sanki əllərini isidir payız.
Qızılı yarpaqlar qaralıb bir az,
Elə bil Gədəbəy misidir payız.
Payız üşüyür...

Üryanlar titrəyir soyuq küləkdə,
Söhbət indi oddan, körükdən gedir,
Qovaq yelpiklənir gümüşü rəngdə,
Budağın zəhləsi yelpikdən gedir.
Payız üşüyür...
Yoxdu yarpağında o zövqü-səfa,
Şehotu üstündə buğlanır hava.
Damlalar böyüyür, düşür torpağa,
Yapışıb qanadı kəpənəklərin
Arılar özünü çəkir qırağa.
Payız üşüyür...

Yığılıb bostandan əllər, ətəklər,
Çürük yemişlərin ağarır dişi.
Yığıb arısını qaçır pətəklər,
Şanda arıların yarımçıq işi,
Alıb yarısını qaçır pətəklər.
Payız üşüyür...

Addımdan qaralan qırov cığırlar,
Əriyə-əriyə yola çıxırlar.
Payız yoxuşunda sinəm tövşüyür,
Payız üşüyür...

Payız-2015
Buynuz  

Bir də gördüm...

Xətainin qılıncını suvardım...
M.Araz.

Bir də gördüm,
Xətainin qılıncından
Qan əvəzi bal süzülür,
Qılıncının dəstəyinə
Bülbül qonur, gül düzülür,
Qını dönür qələmdana,
Bu qılıncın özü dönür
Qələm olur yavaş-yavaş.
Qılınc qələm olan yerdə
Dünya başqa aləm olur
                               yavaş-yavaş,
Döyüş yeri çiçəklənir,
Gülüstani-İrəm olur
                               Yavaş-yavaş.

Bir də gördüm Xətaidi
Bu qələmlə şeir yazır,
Ürəklərə mehr yazır:
“Qızılgül, baği-bostanım
                           Nə dersən?!
Fəda olsun sənə canım,
                           Nə dersən?!”

Nə gözəldir, yarına
Şah yalvarışı...
Şükür, Tanrım, şükür sənə,
Bir qılıncı qələm edib
Öldürürsən bir qəzəbi,
Bir döyüşü, bir savaşı.

Köhnə yaram qövr elədi,
Bir də gördüm,
Xətainin qılıncıdır
                            Dövr elədi,
Gəlib oldu
Məmməd Araz karandaşı,
                                     Göyərdi...
 
Yay-2015
Buynuz

Qəzəl

Bu necə sevgidir, eşqin cövhəri,
Qanıma,canıma sirayət eylər.

Füzuli demişkən Kuyi-yar vətən,
Könlüm bu vətəni ziyarət eylər.

Ayəti-Kürsünün ucalığından,
Tanrım hər duamı gül ayət eylər.

Könlüm sən tərəfdən arxayın olsa,
Bütün hicranları nəhayət eylər.

Hələ ilk sevgiylə qiyamım qalıb,
Qiyamətə qədər qiyamət eylər.

Nə durub baxırsan xumar baxışlım,
Elə bir baxışın kifayət eylər.

Mənim gileylərim mehrimdən gəlir,
Sənə xırda-xırda şikayət eylər.

Kürreyi-ərzimiz eşq aləmidir -
Uçub könlüm quşu səyahət eylər.

Musa, məhəbbətin xalq dərgahıdır,
Məni eşq yoluna hidayət eylər.

Payız-2015
Buynuz             
                      
Zoğal ağacı

Mən də yaranmışam, mən də bitmişəm,
Bilmirəm heç hansı kama yetmişəm.
Demirəm baharla həmişəliyəm,
Sevgidə bir topa bənövşəliyəm.

Olmadım meşənin,
Şip-şumal ağacı, sığal ağacı,
Çiçəkdə tələsən, barda gecikən,
Zoğal ağacıyam, zoğal ağacı..

Yay-2014
Buynuz

 





01.11.2015    çap et  çap et