525.Az

Ledi Di... Qəlblərin kraliçası - Fotolar


 

Ledi Di... Qəlblərin  kraliçası  - <b style="color:red">Fotolar</b>

... Heç biri xoşbəxt etmədi Diananı! Nə şöhrət, nə pul, nə şahzadəlik... nə də analıq hissləri! Heç biri rahatlıq gətirmədi ona! Bəlkə elə ona görə tale özü bu qadını  faciə qəhrəmanına çevirdi. Əslində, axı bütün insanlar faciə qəhrəmanlarıdırlar. Çünki sonda hamı ölür. Amma Diananın ölümü arzuların, həyatın, sevginin kuliminasiyasında yaxaladı onu... Paparasilərdən qaça-qaça ölümə qovuşdu... Arxadan paparasilər qovur, qarşıda ölüm gözləyir. Sensasiya axtaran jurnalistlər  üçün əsl “şok xəbər” hazırlanırdı...

Mavi qan... Ayrılıq...

Diana Frensis Spenser İngiltərədə Sandriqem malikanəsində, zadəgan ailəsində dünyaya gəlmişdi. Onun atası Corc qədim Spenser-Çerçill zadəgan nəslinin nümayəndəsi idi. Bu nəsil qraf titulunu hələ XVII əsrdən, I Karlın vaxtından almışdı. Ailənin üçüncü qızı, daha doğrusu üçüncü “təəssüfü” idi Diana. Corc Spenser nəslinin davamçısını istəyirdi, oğul arzulayırdı. Ailənin sərt, qatı, ənənələrə söykənən qanunları vardı. Uşaqlar xüsusi təlim-tərbiyə, təhsil alır, qulluq görür, dəyişilməz rejimlə yaşayırdılar. 

Diana “Yeni İngiltərə” adlanan qapalı məktəbdə təhsil alırdı. Elmə, oxumağa xüsusi marağı olmasa da, artıq o zamandan xarakterinə xas əsas cəhət özünü göstərirdi. Məktəbdə  yoldaşlarına ən çox kömək edən şagird kimi xüsusi mükafata layiq görülməsini onun xeyriyyəçi “karyera”sının ilk uğuru saymaq olar.

Zadəgan ailələrinin uşaqları xüsusi hazırlıq, hərtərəfli təhsil görürdülər. Qızlara təkcə ayrı-ayrı fənlər deyil, evdarlıq - tikiş tikmək, yemək bişirmək, paltar ütüləmək, uşaq saxlamaq və s. də öyrədilirdi. Bir sözlə onlar bu məktəblərdə yetkin, bacarıqlı Qadın kimi formalaşırdılar. Və əgər Diananın bütün bu rahat uşaqlığının nizamını pozan hadisə - boşanma - olmasaydı...  

Dianadan sonra qardaşı dünyaya gəlmişdi. Amma bu da ailənin dağılmasının qarşısını ala bilmədi, atasıyla anası ayrıldılar. Uşaqlar atalarıyla qaldılar. Görünür elə “boşanma” sözü də o zamandan Dianada kədərli assosiasiyalar yaradırdı. Anası da, atası da tezliklə ailə qurdular. Corc Spenserin evlənməsiylə Diananın və bacılarının, qardaşının həyatı daha qəlizləşdi. Klassik bir ögey ana obrazına uyğun analığı atasıyla uşaqları ayırdı. Amma sonralar, Diana - artıq milyonların sevimli şahzadəsi müsahibələrindən birində deyirdi: “Biz onu sevmirdik. O da bizi xoşlamırdı. Amma atam xəstələnəndə qayğısına qalırdı. Bir də mənimlə həmişə maraqlanan “sarı mətbuat”a çox şeylər uydurub deyə bilərdi haqqımda, ancaq heç vaxt demədi...” 

Böyük bacıdan “miras”: Şahzadə Çarlz...

Diana o zamanlar çox prestijli sayılan kolleci bitirdikdən sonra Fransaya gedir. Orda pedaqogikanı, psixologiyanı öyrənib Londona qayıdır. Bağçada dayə kimi işə düzəlir. Zadəgan ailəsi qızının bağçada dayə kimi çalışması qəribədir. Amma bu da sayılıb-seçilən ailələrin yazılmamış qanunlarından idi: həddi-buluğa çatmış övladlara sərbəstlik verilir, özlərinin işləyib pul qazanmalarına şərait yaradılırdı.

... Əsas maraqlı məqamlardan biri də odu ki, belə ailələrdə qızların həyatı “siyasi məqsədlərlə” müxtəlif istiqamətlərdə yönləndirilə bilərdi. Elə Corc Spenserin də uşaqlarıyla bərabər Eltorp-hausa köçməsinin səbəbi kral ailəsinə yaxın olmaq istəyi idi. Diana gələcək ərini, Şahzadə Çarlzı ilk dəfə burda görüb... Amma onda balaca uşaq idi, hələ sevgi, ailə hayında deyildi! Bir də müxtəlif şaiyələrə görə Çarlz Diananın böyük bacısı Saraya göz qoyurmuş, ünsiyyətləri də varmış... Amma Çarlzın anası, Böyük Britaniya kraliçası II Yelizaveta onların münasibətlərinin dərinləşməsinə imkan vermir. Saranın kiçik bir ehtiyatsızlığı, mətbuata müsahibə verib, “İtə də gedərəm, təki sevgi olsun”. - deməsi kraliçanı qəzəbləndirir.

Kraliça II Yelizaveta ailəsinə aid məsələləri mətbuata çıxarmağı sevmirdi. Əsas problem oğlunun ərli qadına uyması, onunla görüşməsi idi. Bu haqda ən yüksək, səviyyəli məclislərdən tutmuş, sarı mətbuat səhifələrinə kimi hər yerdə, hamı danışır, dedi-qodu edirdi. Düzdü, kraliça oğlu Çarlzın Kamilla Parker Boulzla sevişməsinə ilk vaxtlarda ciddi yanaşmırdı, amma vəziyyət getdikcə qəlizləşəndə, şahzadənin bu ərli qadından əl çəkmədiyini görəndə  çıxış yolu axtarmağa başladı. Və məhz bu məqamda  Çarlzın Spenserlərin növbətisinə, Saranın kiçik bacısı Dianaya marağı ailəsi tərəfindən “bu abırsız aşiqləri” ayırmaq fürsəti kimi qəbul olundu. Görünür, “oğlumu evləndirim, əl-ayağı yığışsın” - düşüncəsi təkcə sadə azərbaycanlı ailələrində deyil. Ən yüksək səviyyəli ingilis kral ailəsi də məsələyə bu cür yanaşırmış. 

Şahzadə Diana... Əzabların əvvəli!

Diana gələcək ərinin Kamilla Parkerlə eşq macəralarını bilsə də, onun evlilik təklifinə müsbət cavab verir. 

29 iyul 1981-ci ildə Müqəddəs Pavel kilsəsində şahzadə Çarlzla Diana Frensis Spenserin nigah mərasimi baş tutur. Uels, İngiltərə və nəhayət bütün dünya bu hadisədən danışır. Amma balaca, yeni şahzadənin xoşbəxtliyi uzun çəkmir. Əslində, Çarlzın elə nigah mərasimində də, sonralar da Diana ilə fotolarına baxanda o boşluq hiss olunur. Yəni Çarlzın yoxluğu duyulur... Nigah zamanı da, oğlanları Uilyam, iki il sonra Henri dünyaya gələndən sonra da çəkdirdikləri fotolarda Çarlz “yoxdu”, hardasa başqa yerdədi. Gözlərində, üzünün ifadəsində “qayib”lik duyulur. Diana da bu “yoxluğu” duyurdu, ərinin başqa yerdə olmasını bilirdi. Və ən pisi odu ki, o “başqa yer”in də kim olmasını dəqiq başa düşürdü. Çarlz Kamillaya olan hisslərini, onunla münasibətlərinin davam etməsini bir neçə il gizlədə bilir. Həssas Diana hər şeyi hiss etsə də, ailəsini, oğlanlarını qorumaqdan ötrü, həm də krallıqda dedi-qodu, söz-söhbət yaratmamaqdan ötrü səbrlə gözləyirdi.

Ancaq təxminən 80-ci illərin sonunda Diananın həyatı məşəqqətə çevrilir. Çarlz anasının, həyat yoldaşının, atası Filipin bütün etirazlarına, mətbuatda yazılanlara məhəl qoymur. Kamillaya sevgisini, onunla mütəmadi görüşlərini daha heç gizlətmir də. Diana onların tez-tez ova çıxması, birgə gəzintilərə getməsi haqda söhbətləri eşidir, bilir. Doğrusu bu yerdə Diananın əzabkeş qadın obrazı qəribə gəlir adama. Yəni gözəl, cazibədar qadın, iki uşaq anası ərinin “minillik” eşq macərası qarşısında acizdi, heç nə edə bilmir. Bəlkə də bu mətbuatın  Diana üçün yaratdığı “zoluşka” obrazıdır, bilmirəm. Ancaq hər halda Ledi Diananın xeyriyyəçilik aksiyalarına ürəklə qoşulması, SPİD xəstələrindən tutmuş azyaşlı uşaqlara, qocalara, hərbçilərə kimi hamıyla görüşməsi, kömək əlini uzatması onun heç də zəif, gücsüz olmadığını deyir. Xalq Diananı sevirdi, dünya ictimaiyyətinin rəğbətini qazanmışdı bu qadın. Onu sadə xalqın şahzadəsi adlandırırdılar, ən adi məclislərə də çəkinmədən dəvət edirdilər və o da dəvətlərə müsbət cavab verirdi. Ən ağlagəlməz yerlərdə, məqamlarda Diananın qəribə, qeyri-adi hərəkətlərini görmək olardı. Məsələn, minaların təmizləndiyi çöllərdə, xəstəxanalarda... yaxud da Ağ evdə ballarda! Heç şübhəsiz ki, kral ailəsi, yəni kraliça II Yelizaveta bu cür sərbəst, komplekssiz gəlini, şahzadəni qəbul etmirdi.  Və sona kimi də Diana Vindzor sarayında sevilmədi, qəbul olunmadı. Nə əri, nə də onun ailəsi tərəfindən. Həm də Yelizaveta oğlunun Kamilladan uzaqlaşmamasının bir günahını da Dianada görürdü. Yenə də əbədi bir “gəlin-qaynana” konfliktinin kral ailəsindəki şəkli, forması. Mahiyyət isə eynidi əslində!

İctimailəşən dərdlər...

Diananın səbri tükənmişdi... Ərinin bitmək bilməyən eşq macərası, hələ üstəlik bunu həyasızcasına gizlətməməsi, soyuqluğu, biganəliyi dözülməz idi. Bura kraliça ilə düşmənçiliyi də əlavə etsək, Vindzor sarayında yaşamağın necəliyini təsəvvürə gətirə bilərik. Ona görə bəlkə bilərəkdən 90-cı ildən başlayaraq Ledi Di ailə problemlərini ictimailəşdirdi. Artıq bütün mətbuat “zoluşka” Diananın iztirablarından, Çarlzın intim sirrlərindən danışırdı. Onların boşanması təkcə ictimai qalmaqala, yaxud mənəvi ağrılara səbəb olmayacaqdı...  Həm də hansısa krallıq qanunlarına zidd sayılacaqdı. Amma bütün bunlara, hətta kraliçalıq perspektivini həmişəlik itirəcəyinə baxmayaraq Diana Çarlzdan ayrıldı. 1992-ci ildən ayrılsalar da, rəsmi boşanma 1996-cı ildə baş tutdu. Diana gələcək varisin anası kimi Uels şahzadəsi titulunu və uşaqlarının tərbiyə hüququnu itirmədi. O, əvvəlki kimi xeyriyyəçiliklə məşğul olurdu, bir sözlə azad, sərbəst həyatını yaşayırdı. Amma kiçik qisas planları da qururdu. Çarlzdan qisasını almaq üçün əvvəlcə at sürmək üzrə intrukturuyla, sonra cangüdəni ilə qısamüddətli eşqlər də yaşamışdı. Və heç şübhəsiz ki, ən balaca, yüngül əyləncələrindən tutmuş, böyük sevgilərinə kimi hər şey mətbuat səhifələrində idi. Diana paparasilərlə dostlaşmışdı artıq...

Eşq... İslam...

Diananın müsahibələrindən də, həyat hekayəsindən də sevgi ehtiyacı duyulur. Onu sadəcə qadın olduğu üçün sevə biləcək birinə ehtiyac. Dostlarının dediklərinə görə məhz pakistanlı kardiocərrah Hasnat Xanla Diananın sevgisi belə idi. Və Ledi Di  haqqında çəkilmiş “Diana. Eşq hekayəsi” filmi məhz onların sevgisi, münasibətləri haqdadır. Amma filmin dünya ictimaiyyətinə təqdim edilməsi ərəfəsində Hasnat Xan qəzetlərdən birinə müsahibəsində bunları deyib:

“Film yalnız və yalnız şaiyələrin əsasında çəkilib. Diana ilə mənim münasibətlərimə aid demək olar ki, heç nə bilməyən dostlarının fərziyyələrindən süjet qurulub. Ümumiyyətlə, bütün tarixçə, süjet fərziyyədir. O məndən ötrü şahzadə deyildi, mən də onun üçün sadəcə həkim deyildim”.

İllər sonra da Hasnat Xanın şahzadəylə yaşadığı qısamüddətli münasibət, sevgi   haqda bu cür hörmətlə, kişi kimi danışması təsirlidi. Diana ona görə İslam dinini də qəbul etməyə hazır imiş. Amma Hasnat sərbəst, açıq, azad Ledi Dinin Şərqin, İslamın qatı qanunlarına tabe olmayacağını bilirdi. Görünür, həm də buna görə tezliklə bitir münasibətləri.

Paris... Eşq nağılının sonu! Həyatın sonu!

Diananın sevgi və xoşbəxtlik axtarışları davam edirdi. Və nədənsə bunlar haqda oxuduqca adama elə gəlir ki, şahzadə bəzilərini darıxdığından, bəzən də mətbuatın diqqətində qalmaqdan ötrü özü uydururdu, oynayırdı. Misirli milyarderin oğlu, kinoprodüsser Dodi-əl-Fayedlə münasibətləri də qəribə, həm də təzadlıydı. Onun ətrafındakı hər kəs, elə Diananın özü də Dodiylə münasibətini inkar edirdi. Amma sarı mətbuat ara-sıra onların birgə - yaxtada dincələrkən, gəzintiyə çıxarkən - fotolarını yayımlayırdı. Diana üzdə bunlardan əsəbləşsə də, əslində nə düşündüyü bilinmir. Amma o məşum gün... Onlar yenə bir yerdə idilər. Dodi Diananı Parisə dəvət etmişdi. Və onlar Parisdə maşın gəzintisi zamanı paparasinin obyektivinə tuş gəldilər. Daha doğrusu motosikllə arxalarıyca qovan fotorepartyorlar cütlüyün şəklini çəkməyə çalışırdı.

... Maşın yüksək sürətlə tunelə girir... Qəza baş verir. Mətbuatın “arzuladığı” şok hadisə, istədiyi “xəbər”! Sürücü və Dodi-əl-Fayed yerindəcə keçinirlər. Diana xəstəxanaya çatdırılır. İki saat sonra ölür! Qəlblər Kraliçasının həyatı belə faciəvi sonluqla başa çatır. Bütün dünya Diana üçün yas saxlayır. Hətta kraliça Yelizaveta da, eks əri Çarlz da... Bəlkə də macərapərəst Diana məhz belə qəribə, şok sonluq, mətbuatı sarsıdacaq ölüm istəyirmiş, bilmirəm!

Qardaşı bacısının faciəli qəzada ölümündən sonra bunları demişdi: “Mən bilirdim ki, mətbuat əvvəl-axır öldürəcək onu. Bütün bu redaktorların, fotorepartyorların əli Diananın qanına bulaşıb”.

Amma hər halda o minlərin, milyonların qəlbində yaşayır... Hələ kömək etdiyi insanların duaları, sağaltdığı xəstələrin sevgisi!!! Ona görə də Diana ölməzdir - deyirlər! 

2002-ci ildə (ölümündən beş il sonra) BBC kanalının sorğusu əsasında Diana “Yüz dahi britaniyalı” siyahısında üçüncü yerə çıxıb.  

P.S - Kamilla... Şərhsiz!

Deməli... Kamilla Parker-Boulz zadəgan ailəsindəndi. Təxminən 70-ci illərin əvvəlindən Şahzadə Çarlzla tanış olub, onunla eşq yaşamağa başlayıb. Lakin kral ailəsi onu qəbul etməyib. O, Endryu Parker-Boulza ərə gedib. Çarlz Diana ilə ailə qurub. Kamilla ailəli ola-ola da Çarlzla görüşüb, Çarlz evlənəndən sonra bir müddət ondan uzaqlaşsa da, qısa vaxtda münasibətləri bərpa olub. Mətbuatı zəbt etmiş  qalmaqallı yazılara, Yelizavetanın oğlunu bu yoldan çəkindirmək cəhdlərinə, Diananın ərini qazanmaq üçün mübarizəsinə, ona iki oğul (varis!) dünyaya gətirməsinə baxmayıb bu qadın. Sadəcə əl çəkməyib Çarlzdan! 1995-ci ildə ərindən ayrılıb, 1996-cı ildə Çarlz Diana ilə boşanıb. Diana 1997-ci ildə vəfat edib. Kamilla bundan sonra da 8 il gözləyib! Və 2005-ci ildə Şahzadə Çarlza ərə gedib! Hal-hazırda da onun xanımı kimi, onunla bərabər Vindzor sarayında yaşayır... O, Diananın ruhuna hörmət əlaməti olaraq, Uels şahzadəsi titulunu qəbul etməyib.  Kornoul və Rotsey hersoqinyası titulunu daşıyır.

Kornoul və Rotsey hersoqinyası, Şahzadə Çarlzın xanımı Kamillanın indi 68 yaşı var. O bütün bunlara, arzuladığı kişiyə, yerə, titula yetişmək üçün 58 yaşına kimi mübarizə aparıb, gözləyib, səbr edib! Heyrət! Şərhsiz! No komment! Yorum yok!   

 





01.11.2015    çap et  çap et