525.Az

Rüfət müəllim hara, 70 yaş hara!


 

Rüfət müəllim hara, 70 yaş hara!<b style="color:red"></b>

İnana bilmirəm, Rüfət müəllimin 70 yaşı tamam olur. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmovu deyirəm - bizim sevimli Rüfət müəllimimizi. İnana bilmirəm, çünki mən onu ilk dəfə görəndə - 28 il qabaq - necəydisə, elə də qalıb. Zamanın təkcə zil qara saçlara, qara bığlara hökmü çatıb, ancaq zaman onun çallaşmış saçlarında gəncliyin izini itirməyə çalışsa da, bacarmayıb.

Rüfət Əşrəf oğlu Rüstəmov 1945-ci ilin 1 noyabrında Gədəbəy rayonunun Düzrəsullu kəndində dünyaya gəlib. Orta məktəbi doğma kəndində bitirəndən az sonra ordu sıralarına çağırılıb. Əsgəri xidmətini başa vurub yurduna dönən Rüfət Rüstəmov ötən əsrin 60-cı illərinin ikinci yarısında Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsinə qəbul olunub. Hələ tələbə olduğu dövrdə - 1972-73-cü illərdə Türkiyədə tərcüməçi kimi çalışıb. 1973-cü ildə universiteti bitirəndən sonra fakültə elmi şurasının qərarı ilə Yaxın Şərq dilləri kafedrasında laborant vəzifəsinə təyin edilib. Bununla da Rüfət müəllimin gələcək həyatı, fəaliyyəti həmişəlik doğma universitetə bağlanıb.

1980-ci ildə Rüfət Rüstəmov Tbilisidə “Müasir türk dilində nidalar” mövzusunda namizədlik, 1996-cı ildə isə “Türk dilində köməkçi nitq hissələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Respublikada ilk “Türk dili” dərsliyinin müəllifi, BDU-da Türk filologiyası kafedrası yarandığı vaxtdan həmin kafedranın müdiridir.

1985-ci ildə Rüfət müəllim ikinci dəfə Türkiyəyə işləməyə gedir, iki ildən sonra - 1987-ci ildə xidmətini başa vurub Bakıya qayıdır.

Bizim onu tanımağımız da elə həmin vaxta düşdü. 1986-cı ilin yayında universitetin Şərqşünaslıq fakültəsinin türk bölümünə qəbul olunmuşduq. Birinci semestrdə ixtisasdan bizə Əsgər müəllim (professor Əsgər Rəsulov - o zaman hələ elmlər namizədiydi) dərs deyirdi. Qış tətilindən qayıdanda məlum oldu ki, ixtisas müəllimimizi dəyişiblər, daha Əsgər müəllim bizə dərs deməyəcək. Əsgər müəllimi çox sevirdik, dördcə ay içində hamımız ona candan-könüldən bağlanmışdıq, dərsləri də olduqca maraqlı keçirdi. Ona görə də qanımız qaralmışdı, dilxorçuluqdan heç təzə müəllimin kimliyilə də maraqlanmırdıq. Heç yadımdan çıxmaz: Əsgər müəllim divardan asılmış cədvələ baxa-baxa yanındakı gövdəli kişiylə nəsə danışırdı, yəqin bir növ təhvil-təslim eləyirdilər. Yaxınlaşıb ondan nəsə soruşdum, daha doğrusu, bizim qrupu ondan aldıqlarına görə narazı olduğumuzu, təəssüfləndiyimizi nə cürsə izhar elədim. Bu vaxt Əsgər müəllimin yanındakı gur qara saçlı, qalın qara bığlı, həm zəhmli, həm də çox yaraşıqlı, görkəmindən də, geyim-kecimindən də yerli adamdan çox türkə (yəni türkiyəliyə) oxşayan (demə, Türkiyədən yenicə qayıdıbmış) həmin o gövdəli kişi dönüb məni tərs-tərs süzdü. Olduqca həssas, mülayim Əsgər müəllim mənim çaşqınlığımı tez aradan qaldırmaq üçün - araya ayrı söz, ayrı baxış girməmiş - yeni ixtisas müəllimimizi mənim timsalımda qrupumuza təqdim elədi: “Bu semestrdən sizə Rüfət müəllim dərs deyəcək”. Sonra da həmkarını layiq olduğu xoş sözlərlə təriflədi, yəni ki, narahat olmayın, sizi etibarlı əllərə tapşırıram...

Tezliklə Rüfət müəllimə də doğmalaşdıq - onun tərs baxışlarına, müəllimdən də çox bir paşanın, komandanın səsinə bənzər hökmlü qalın səsinə, təmkinli nitqinə, duzlu yumoruna könüldən bağlandıq. İlk dərsə başladığı gündən o, auditoriyada hələ-hələ hər istanbullunun danışa bilməyəcəyi tərtəmiz İstanbul türkcəsində danışırdı, bizdən də dərs zamanı ana dilimizi unutmağı, yalnız türkcə ünsiyyət qurmağı, sualları da türk dilində verməyi tələb eləyirdi. Adamda elə təəssürat yaranırdı ki, Rüfət müəllim doğma Azərbaycan türkcəsini yadırğayıb, bu ləhcədə danışa bilmir.

O vaxtlar tələbələr arasında fakültənin bəzi müəllimləri haqqında əfsanələr dolaşırdı: filan müəllim dörd dildə təmiz danışır, filan müəllimin ərəbcəsinə ərəblər özləri də heyran qalırlar, filan müəllim SSRİ-də fars dilinin bir nömrəli bilicisi sayılır... Rüfət müəllim haqqında da deyirdilər ki, bütün Sovet türkoloqları arasında türkcə onun qədər təmiz, səlis, aksentsiz danışan, onun kimi diksiyası olan kimsə yoxdur. Mən əfsanə sözünü işlətdim, ancaq bu danışılanlar qətiyyən əfsanə deyildi, hamısının arxasında bir gerçəklik dururdu.

Birinci kursu bitirəndən sonra yaşıdlarım kimi məni də əsgər apardılar deyə Rüfət müəllimin qrupundan da ayrılası oldum (qayıdanda gözəl, qayğıkeş insan Hüseyn müəllimin qrupuna düşdüm). Ancaq ilk semestrdə Əsgər müəllimin bizə əzbərlətdiyi “Səssiz gəmi” (Yəhya Kamal Bayatlı), ikinci semestrdə isə Rüfət müəllimin öyrətdiyi “Millət şərqisi” (Tofiq Fikrət) şeirlərini bu gün də unutmamışam. Əsgərlikdən qayıdandan sonra gördüm ki, bizim birinci kursda öyrəndiyimiz ikinci şeir artıq böyük, izdihamlı mitinqlərdə oxunur.

Yeri gəlmişkən deyim ki, Rüfət müəllim çox vətənsevər insandır. Onun mənsub olduğu ailə, ocaq torpaqlarımızın qorunması uğrunda savaşda dörd şəhid verib, onlardan biri - Məzahir İzzət oğlu Rüstəmov Azərbaycanın Milli Qəhrəmanıdır. 20 Yanvar qurbanlarının dəfn mərasimindən çəkilmiş lentlər efirdə göstəriləndə bəzən şəhid tabutu altına çiynini vermiş Rüfət müəllimin kameraya iri planda düşmüş hüznlü siması da ekranda görünür.

Bu yaxınlarda yenə rastlaşdıq, görüşdük, öpüşdük, qucaqlaşdıq - daha müəllim-tələbə kimi də yox, dostcasına, qardaşcasına. Yenə duzlu lətifələr danışıb bizi güldürdü. Keçənləri xatırladıq. Bir az kədərləndik, bir az da sevindik. İllər aramızdakı fərqi xeyli azaldıb. Rüfət müəllim cavan qalsa da, biz yaşlanıb ona çatmağa can atırıq. Ancaq bu 70 söhbəti məni lap çaşdırdı: Rüfət müəllim hara, 70 yaş hara! İnanın, ya sənədlərdə bir yanlışlıq var, ya da zamanın sayğacında texniki nasazlıq yaranıb. Mütləq - tələbələr, müəllimlər qarışıq - toplaşıb bunu birlikdə ayırd eləməliyik...

Yubileyin mübarək, əziz Rüfət müəllim! Həmişə belə cavan qal!

Fəxri Uğurlu

 





02.11.2015    çap et  çap et