525.Az

Mən şəhid olmuşam ki...


 

Şəhid eloğlum gizir Aydın Abdullayevin xatirəsinə

Mən şəhid olmuşam ki... <b style="color:red"></b>

Məzarımın önündə
Ay saçını yolanım.
Əli qoynunda gündə
Xəyallara dalanım.
Qardaş qəmiylə başa
Qara bağlayan bacım.
Qardaş qəmiylə beli
Ay bükülən qardaşım.
Qəlb-dindikcə diri
Qəm süzülən qardaşım.
Şəhidi ağlamazlar,
Ona yas saxlamazlar.

lll

Əgər vətən yolunda
Şəhid olmuşsa əsgər,
Məzarını tutarlar.
Doğma yurda bərabər
Şəhidlik ucalıqdır.
Hamı çıxmayan zirvə
Zirvə qan bahasına
Fəth olunur hər dəfə.
Mən vətənin yolunda
Şəhid olmuşam, ana.
Analar ağlamasın
Gərək şəhid oğluna.
Şəhidi ağlamazlar,
Ona yas saxlamazlar.

lll

Mən şəhid olmuşam ki,
Vətən mənlə öyünsün.
Mən şəhid olmuşam ki,
Ulu xalqın ürəyi
Hey fərəhlə döyünsün.
Mən şəhid olmuşam ki,
Bir də "qardaş vay" deyib
Bacılar ağlamasın.
Mən şəhid olmuşam ki,
Nənələr ağ saçına
Qaralar bağlamasın.
Analar ağlamasın,
Şəhidi ağlamazlar,
Ona yas saxlamazlar.

lll

Mən şəhid olmuşam ki,
Başına gül-çiçəkdən
Bacım çələng toxusun.
Mən şəhid olmuşam ki,
Adıma oğul deyib
Vətən rəhmət oxusun.
Mən şəhid olmuşam ki,
Yurdsuz-yuvasız kimi
Yağı xalqa gülməsin.
Mən şəhid olmuşam ki,
Dünya ucada görsün
Azərbaycan ölkəsin.
Şəhidi ağlamazlar,
Ona yas saxlamazlar.

lll

Mən şəhid olmuşam ki,
Dəfn olunduğum torpaq
Güllü vətənə dönsün.
Mən şəhid olmuşam ki,
Azərbaycan adı ilə
Bütün dünya öyünsün.
Mən şəhid olmuşam ki,
Od vətənlər ölkəsi
Daim, hər an yaşasın.
Mən şəhid olmuşam ki,
Mərd ərənlər ölkəsi
Azərbaycan yaşasın.
Şəhidi ağlamazlar,
Ona yas saxlamazlar.

lll

Mən şəhid olmuşam ki,
Bir də şəhidlik dağı
Qəlbləri dağlamasın.
Mən şəhid olmuşam ki,
Azadlıq binasının
Sütunu laxlamasın.
Mən şəhid olmuşam ki,
Qanımla suvarılan
Torpaq gül-çiçək olsun.
Mən şəhid olmuşam ki,
Azadlıq ölkəsində
Xoşbəxt gələcək olsun.
Şəhidi ağlamazlar,
Ona yas saxlamazlar.

lll

Mən şəhid olmuşam ki,
Yandırılan azadlıq
İşıqları sönməsin.
Mən şəhid olmuşam ki,
Yüksələn bayrağımız
Daha bir də enməsin.
Şəhidi ağlamazlar,
Ona yas saxlamazlar.

Mürvət QƏdimoğlu
(Həkəri)

 





03.11.2015    çap et  çap et