525.Az

Qırğızıstanda "Türk Dünyası Ədəbiyyatı"nın ilk sayı çapdan çıxıb


 

Qırğızıstanda "Türk Dünyası Ədəbiyyatı"nın ilk sayı çapdan çıxıb<b style="color:red"></b>

Oktyabrın 28-də Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucovun Qırğızıstanın Beynəlxalq Poeziya Akademiyasının prezidenti, Xalq şairi Omor Sultanov və "Türk Dünyasının Ədəbiyyatı" jurnalının baş redaktoru, görkəmli yazıçısı Aydarbek Sarmanbetov ilə Azərbaycan Səfirliyində görüşü keçirilib.

Qonaqlar Azərbaycan səfirinə iki qardaş ölkənin humanitar sahədə əlaqələrinin genişləndirilməsində gördüyü işlər üçün minnətdar olduqlarını bildiriblər.

Səfir qeyd edib ki, ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Son iki il ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan mədəniyyətinin Qırğızıstanda və qırğız mədəniyyətinin Azərbaycanda daha yaxından tanıdılması üçün ardıcıl iş aparılıb.

Sonra Omor Sultanov redaksiya heyətinin sədri olduğu "Türk Dünyası Ədəbiyyatı" almanaxının ilk sayını Səfirə təqdim edərək, toplunun redaksiya heyətinə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, Tatarıstandan Ravil Fayzulinin, Türkiyədən Yaqub Dəliöməroğlunun  və digər tanınmış ədəbi xadimlərin daxil olduğunu bildirib. Sayda Azərbaycan ədəbiyyatından Xalq şairi Rəsul Rzanın və Hidayətin, Türkiyədən  Yunus Əmrənin, Nazim Hikmətin, Özbəkistandan Şükrullonun, Qazaxıstandan Abayın, Qaraçay-Çərkəzdən Fəridə Sidəhmədovanın, Qaqauziyadan Todur Zanetin və digər türk xalqlarının görkəmli yazıçılarının əsərlərindən nümunələr çap olunub.

Səfir belə profilli dərginin çapına və Azərbaycan ədəbiyyatına göstərilən diqqətə görə təşəkkürünü bildirib, qonaqların xahişinin nəzərə alınacağını və nəşrin davam etməsi üçün yardımçı olacağını deyib.   

M.ŞÜKÜRLÜ

 





03.11.2015    çap et  çap et