525.Az

"Şərq" qəzetinin 19 yaşı tamam oldu


 

AKİF AŞIRLI: "ŞƏRQ" 100-dən ÇOX JURNALİST YETİŞDİRİB"

"Şərq" qəzetinin 19 yaşı tamam oldu<b style="color:red"></b>

Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən "Şərq" qəzetinin 19 yaşı tamam olub. Qəzetin əsası 1996-cı il noyabrın 1-də  jurnalist Akif Aşırlı tərəfindən qoyulub.

Qəzet yeni yarandığı dönəmdə maliyyə və müxtəlif tipli problemlərlə üzləşsə də, özünü yaşada bilib. "Şərq"in baş redaktoru Akif Aşırlı Modern.az saytına ad günü təəssüratlarını bölüşüb:

"Təvazökarlıqdan uzaq olsa da, deyim ki, "Şərq" qəzeti Azərbaycan jurnalistikasında öz möhürünü vurmuş mətbuat orqanıdır. Qəzet 19 ildir fəaliyyət göstərir və 4171 sayı işıq üzü görüb. Bu, kifayət qədər böyük rəqəmdir.

Ötən illər ərzində "Şərq" qəzeti Azərbaycan jurnalistikası üçün kadr yetişdirmək prosesində də fəal iştirak edib. Qəzet yaranandan indiyə kimi redaksiyada 100-dən çox jurnalist formalaşıb. İndi onlar müxtəlif mətbuat orqanları, xəbər portalları, televiziya kanalları və dövlət qurumlarında çalışırlar. Lakin ilk qələm təcrübələrini "Şərq"də öyrəndikləri üçün özlərini "Şərq"çi hesab edirlər".

Baş redaktor bununla bərabər qəzetin cari problemlərindən də bəhs edib:
 
"Ümumən Azərbaycan mətbuatına xas olan problemlər "Şərq"də də yaşanır. Reklam gəlirlərimiz qənaətbəxş deyil. Oxucuların əvvəlki illərə nisbətən sayının artdığını desək, düzgün olmaz. Bu isə son dönəmdəki proseslər, internet medianın sürətli inkişafı ilə bağlıdır. Amma "Şərq" qəzeti bu gün də böyük rəqabətə baxmayaraq, öz fəaliyyətini, oxunaqlığını qoruyub saxlaya bilib. Bu gün metroda, ictimai nəqliyyatda, yaxud başqa bir yerdə insanların əlində "Şərq" qəzetini görmək bizi daha da həvəsləndirir. Bundan sonra da "Şərq" qəzetinin yaşayacağına və inkişafına bizim heç bir şübhəmiz yoxdur. Gələn il qəzetin 20 illiyini yüksək səviyyədə qeyd edəcəyik. İndi isə 19 yaşını elə kollektiv daxilində keçiririk".

“525”dən: "Şərq" qəzetinin kollektivini bu əlamətdar gün münasibətilə təbrik edir, həmkarlarımıza yeni-yeni uğurlar arzulayırıq.

 





03.11.2015    çap et  çap et