525.Az

Milli-mənəvi dəyərlərimizin aydın güzgüsü


 

"SƏADƏT OCAĞI - AİLƏ" KİTABINDAN ALDIĞIM TƏƏSSÜRATLAR

Milli-mənəvi dəyərlərimizin aydın güzgüsü<b style="color:red"></b>

Dünyada sonsuz sayda kitablar var. Dövlət kitabxanaları, arxivlər, muzeylər və şəxsi kitabxanalarda, daha haralarda mühafizə olunanları bir araya gətirsək belə onların hesabını aparmaq olmaz. Məsələ ondadır ki, kitablar çoxçeşidli, rəngarəng mövzuları əhatə etməsilə də bitib-tükənməzdir. Bütün dövrlərdə bu müxtəlifliyin içərisində insanlarda ən çox keçmiş tariximizlə bağlı məlumatlar, elmi mənbələr, xalq təbabəti, ülvi hisslərin yaratdığı məhəbbət, qəhrəmanlıq, insanı mənəvi təmizliyə, zənginliyə hazırlayan, elmin, yeni kəşflərin mahiyyətini, əhəmiyyətini açan, ən ümdəsi də bizim üçün gərəkli olan İslam əxlaqına, milli-mənəvi dəyərlərimizə güzgü tutan kitablar daha çox maraq doğurub. Böyük mütəfəkkir, şair Nizami Gəncəvi məhz belə kitablardan aldığı zövqdən, həzzdən sonra demişdir ki:

Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.

Mövzusundan, kiçik mətnlərindən dürr çıxarılması mümkün olan kitablardan biri də son illər ilahiyyatçı, publisist Ağa Hacıbəylinin oxuculara ərməğan etdiyi "Səadət ocağı - ailə"dir. Kitab "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzində bir müddət əvvəl nəşr olunub. Doğrudur, çox zaman oxuculara yenicə nəşr olunmuş kitablar təqdim olunur, onun məziyyətləri, əhəmiyyətli hesab edilən mövzusu, ideya-sənətkarlıq xüsusiyyətləri təhlil-tədqirə cəlb edilir. Bəzən də əksinə. Amma onun haqqında indi söhbət açmağımı heç də gecikmiş saymıram. Çünki elə kitablar var ki, ona zaman-zaman müraciət olunur. Belə kitablar stolüstü kitablar adlanır. Daşıdığı ideyasına, tərbiyəvi əhəmiyyətinə, Azərbaycan ailəsi haqqında  nəcib, faydalı tövsiyələri özündə ehtiva etdiyinə görə, zənnimcə, Ağa müəllimin adı çəkilən toplusu da stolüstü kitablar sırasındadır. Müəllifin sağlam ailə haqqında fikirləri əsasən nəsillərin bir-birinə əmanəti olan əxlaqın, mədəniyyətin özündə cəmlədiyi mənəvi dəyərlərə, yüzillərin sınağından çıxmış adət-ənənələrimizə söykənir. 

Mən, Ağa Hacıbəylinin imzasına ilk dəfə Milli İirsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) nəşri olan "İşıq-qadın" jurnalında rast gəldim. "Ana" məqaləsini oxudum. Bu ibrətamiz, hikmətamiz lirik hekayə təsiri bağışlayan əsər mənə ilk növbədə dilinin zəngin, rahat, lakonik olması baxımından xoş təsir bağışladı. Burda ana tam yeni bir ovqatda, qiyafədə, ucalıqda və ilahidən əta olunmuş xarakterik keyfiyyətlərlə təqdim olunurdu. Daha hansı məziyyətlərə malikdir bu varlıq, onun ailədəki yeri, rolu dəyəri hansı meyarlarla ölçülür? "Ana ilk müəllimə, həmişə mənəvi qucağına sığındığımız qoruyucu mələk, insanı yetişdirən müqəddəs mürəbbiyə və şəfqət mücəssəməsidir. Ana - cənnətə gedən yol, sevgi selinin qəhrəmanı, həlim təbiəti ilə fitrət bağçasının solmayan gülüdür. O, xeyir, fəzilət və məziyyət adına var olan bütün gözəlliklərin mükəmməl abidəsidir". Sözün ecazkar gücü bax belə dəyərlər yaradır. Ruha rahatlıq, fikrə dərinlik aşılayan bu təsvirlər həyat bilgisi ilə dopdolu olan qəlbin hikmətindən süzülən nurdu, işıqdı. Onun bir-birinin ardınca doğulan fikirləri sağlam, gözəl mühitdə yetişən çiçəklər qədər rayihəlidir. Ailə işığının zərrələri kimi həlqələnən bütün yazıları sanki bir-birinin ruhuna tapınmış kimi, əl-ələ verərək, böyük güc timsalında birləşərək həyatımızda sağlam bir mühitin yaranmasına yol açır.

"Səadət ocağı - ailə" kitabı müəllifin uzun zaman müşahidəsi, düşüncəsində daşıdığı milli-bəşəri duyğuların, möhkəm tellərlə bir-birinə bağlı olan münasibət və əməllərin meydana gətirilməsi zərurətindən yaranıb. Bu qədər ciddi, məntiqi mühakimələri ardıcıl, bir-birinin davamı olan davranış və hərəkətləri özünün izləmələri əsasında toxuyaraq, başa çatdırdığı ailə obrazını xarakterizə etməsi təkcə insanın həyat tərzində yaşadıqlarından əxz olunmaqla bitmir. Özülü, sütunları möhkəm olan, "Qurani-Kərim"in fəzilət və hikmətlərinə söykənən, ondan güc alan bu kitabın dəyəri ilk növbədə onun maarifləndirici əsər olmasıyla maraq doğurur.

Zaman nədir? Ağa müəllimin təbirincə desək, "Zaman əvəzsiz bir müəllim və gözəl mürşiddir. İnsanı tanımağın ən üstün yollarından biri zamandır..." Və bütün yaşamlar da zaman içində qərarlaşır. Zaman insanı nələrlə rastlaşdırmır ki. Ailə daxilində yaranmış problemlər, ailəni uçuruma aparan səbəblər,  bir çox dərdlərə mübtəla olanlara münasibət... Başqa bir tərəfdə isə ailəni səadətə qovuşduran amillər: ailədaxili münasibətlər, xeyir işlər, tərbiyə dərsləri, böyük-kiçik münasibətləri... haracan desən uzanıb gedir. Hərgah "Səadət ocağı ailə"də qoyulan və həlli göstərilən problemləri, vəzifələri və onlara yanaşmaları, daha dəqiq desək, məqsədlərə çatmağın yolları haqqında müəllifin tək-tək nəzər yetirdiyi bütün mövzuları və bu mövzuların içərisində cücərən gözlənilməz ağrı və ümidləri bircə-bircə "siyahıya alsaq" nə sayıb başa çatdırarıq, nə də bu yola baxışlar bitib-tükənməz. Buna lüzum da yoxdur. Ailə sirlərlə doludur, tərəddüsüz deyərdim ki, bu sirlərin açarı A.Hacıbəylinin bəhs etdiyimiz kitabındadır. Bizim kitab haqqında ümumi bəhsimiz, təhlil-təqdimin xırdalığına varmadan aldığımız dəyərlərə üz tutacağımız da bu məqsədi daşıyır.

Bu İrfan adamının Allahın dərgahından süzülən işığa bağlılığı o qədər güclüdür ki, onun hikməti dilində, əməlində xeyirxahlıq tapır, savab qazanır. Bunlar bir ali mərtəbədə, Ailə ocağında birləşir. Ağa müəllim yaxşı bilir ki, cəmiyyətin sağlam inkişafı ailənin sağlam olmasından başlayır. Xoşbəxtlik də, rahat, sağlam yaşamaq, ailəyə və cəmiyyətə yararlı olmaq, xalqa fayda vermək amalı da elə möhkəm ailədən başlayır. Həqiqətən də ailənin sağlam özüllər üzərində qurulması bir sağlam cəmiyyətin qazanılması qədər qiymətlidir. Nahaq yerə demirlər ki, ailə kiçik dövlətdir. Onu idarə etmək düzgün seçimdən, ona məxsus qaydalara riayət etməkdən başlayır.

Müəllif burda qaranlıq mətləblərə, təzadlı fikir və münasibətlərə aydınlıq gətirməklə sanki hər bir sözüylə işıq saçır, insanı mənəvi rahatlığa, xoşbəxtliyə səsləyir. Hər kəsə bu yolun çətinliklərini ağılla dəf etməyi, səbirli, təmkinli olmağı tövsiyə edir. Ailədəki davranışların, münasibətlərin, tərbiyənin - ümumən hər məsələdə atılan addımın sanki öz tərifini diqqətə çatdırır. Əslində onun bütün mövzuları bir kökdən şaxələnmiş, qol-budaq atmış nəhəng bir barlı-bəhərli ağacı xatırladır. Yetər ki, kökün qərar tutduğu mühit sağlam və əlverişli olsun. Bu mühit cəmiyyətin formalaşmasında başlıca amil olan ailə tərbiyəsinin düzgün aparılmasından yaranır. Səadət ocağının uzun ömürlü olması, nəsildən-nəslə şərəflə keçməsi ailə nemətinin ən ali dəyərlərindən hesab edilir.

Gənclər ailə qurarkən hansı məqamlara diqqət yetirməlidirlər? Bu, hər iki gəncin izdivacında çox böyük rol oynayır. "Seçim"dən, "Ata-ana rizası"ndan başlamış o qədər nəzərə alınmalı cəhətlər var ki, onlara diqqət yetirmək, ailə məktəbinə daxil olmaqdan öncə onun dərslərini öyrənmək gənclərimiz üçün xüsusilə gərəklidir. Bunlar hər məqamda müəllifin tövsiyə etdiklərinə nəzər yetirməyi, diqqətli olmağı istəyir. Bunlar tələb deyil, ailə kimi mürəkkəb bir dünyanın asan, gözəl qavranılması üçün əsl həyat məktəbindən alınmış dərslərin qazancı yerində olan, diqqət çəkən göstəricilərdir. Bu kiçik hekayət-tövsiyələr o qədər rahat təqdim olunur ki, oxuduqca onları gözəl düstur kimi qəbul edib, hər birini bənd-bənd öyrənməyi, həyatında tətbiq etməyi qərarlaşdırırsan.

Ağa Hacıbəyli çox hikmətlərin yarandığı, toxumların cücərib boy atdığı, bar verdiyi, bütün sevgilərə zəmin hazırlayan məkana, müqəddəs ocaq sandığımız Ailəyə onun adına, şərəfinə kitab bağlayıb. Burda uşaqdan-böyüyə, hər kəsin faydalana biləcəyi yığcam, lakonik, rahat oxunan yazılar toplanıb. Hər ailədə olması məsləhət bilinən bu kitaba tərbiyənin təlimindən, əxlaqın, milli adət və ənənələrin  öyrədilməsindən rahatca faydalanmaq mümkündür. Belə bir mövzuda kitab yazmağın, onun yükünü çəkə bilməyin özü böyük məsuliyyətdir, fədakarlıqdır. Burda toplanmış müəllif hikmətlərinin  hər biri ayrılıqda, həm də hamısı bütövlükdə olduqca böyük mənalar kəsb edir. Ağa müəllim çox səmimi şəkildə ailənin möhkəmliyi üçün zəruri olan hər şeyi dəqiqliklə, izahlı və müqayisəli şəkildə təsvir edir. Müəllifin sağlam ailə haqqındakı fikirləri əsasən cəmiyyət qanunlarının həyatda özünü doğrultması, nəsillərin əmanəti olan mənəvi-əxlaqi, mədəni dəyərlərə, yüzillərin sınağından çıxmış adət-ənənələrimizə söykənir. Gözəllik nədir, sualına zaman-zaman çox cavablar verilib. Ağa Hacıbəylinin  cavabı isə ailə üçün gərəkli olan nüansları ifdə edir: "Əsl gözəllik zahirdən öncə xarakter, davranış, qəlb və əxlaqla bağlıdır".

Bəşər övladının dünyaya gəlişi, yaşamaq haqqı, yaşatmaq borcu və bunların yükü, çəkisi haqqında düşüncələr əbədiyyətin özü qədər sonsuzluğa aparır insanı. Yəni insanın özü elə əbədiyyətin yolçusudur. Bu qədər doğru, dəqiq seçilmiş kitabın adı mövzunu tamam-kamal ifadə edir. Müəllifin mövzuları ailənin təməlindən, yəni insanın dünyaya gəlişindən başlamış, göz açdığı mühitdə tərbiyə olunması, yetişməsi, valideynin övladı üzərindəki haqqı, onu  vətənə vətəndaş kimi yetişdirməsindən bir çox haqların ödənilməsi zərurətinəcən yol alır. Yəni ailənin qarşılaşdığı yeni aləm, həyat yoldaşı seçimi, övlad-valideyn, gəlin-qaynana münasibətləri, milli adətlər və bu sıradan bir çox məsələlər zahirən təmtəraqlı, pafoslu səslənən təsvirlərdən uzaq olan sakit üslubda, xoş təsir yaradan bir dildə, ahəngdə qələmə alınıb. Ən başlıcası da həyat yaşantılarına, onu meydana gətirən hadisələrə, imana, inama söykənmiş səviyyədə təqdim olunur.  Belə bir üslubda yazılmış, mahiyyətindən hikmət süzülən yazıların çəkisi olduqca sanballıdır. Fikirlər inci kimi, dürr təki insanın mənəviyyatını zənginləşdirir. Bu yığcam, tövsiyə xarakterli öyrədici, maarifləndirici hekayətlər oxucuya sanki bulağın gözündən süzülən saf su qədər rahatlıq gətirir. Onu içdikcə (oxuduqca) gözlərinin qarşısında canlanmış əsrarəngiz bir həyat bağçası sənə qucaq açır, onun min rəngə çalan gülləri özünə qayğı, sevgi tələb edir. Müəllif bu qayğının, sevginin yolunu hay-küydən, şablondan uzaq bir formada təsvir edir. Məhz bu səbəbdən müəllifin təlqin etdiyi fikirləri oxucu asan qavrayır. Ağa müəllimin tövsiyələrindən aydın olur ki, biz bu çiçəklər qədər təravətli olan ömür yaşamlarımızda insan üçün tutiya olan zamandan, Tanrının bəxş etdiyi ağıl və imkanımızdan yerində, həm də qədərincə bəhrələnməliyik. Onları həyatımıza və cəmiyyətimizə fayda gətirəcək məqamlara, yerlərə xərcləməliyik. Bu xərclərin qarışığında isə qazancımızın adı böyükdür: Rahat və xoşbəxt həyat tərzi. Bu xoşbəxtliyin yeri, məkanı isə Ağa müəllimin dediyi kimi, "Səadət ocağı - ailə"dədir.

Ailədə yarana bilən narazılıqlar, müşküllər, bir problem qiyafəsində üzə çıxan çatışmazlıqlar rahatlıqla, yolları göstərilərək öz həllini tapır. Yüksək təcrübəyə, peşəkarlığa qadir olan müəllif hər şeyi təmkinlə, səbrlə, həm də doğru mövqedən yoluna qoymağın sirrini açır. Burda insanın dünyaya gəlişindən ömrün tamamına qədər, qarşıda duran bütün gözlənən və gözlənilməyən hər şey, ailə münasibətləri, ömrün bir məqamında insanın qazandığı və ehtiyatsızlıqdan, çox zaman da təcrübəsizliyindən itirdiyi dəyərlər haqqında Ağa müəllim sanki heç nəyi unutmadan, nəzərindən qaçırmadan diqqətə çatdırıb. Bu kitabı həyat haqqında bilgilər toplusu, ensiklopediya da adlandırmaq olar. Amma ağlımızın qəbul etməyə öyrəşdiyi ensiklopediyalardan fərqli olaraq, burda faktlara, rəqəmlərə istinadlardan fərqli şəkildə həyat vərdişlərimizdə özümüz yarada bildiyimiz, diqqət yetirməli olduğumuz məsələləri şüurumuza ədəbi-əxlaqi üslubda və rəvanlıqda təsir göstərə bilən bir ensiklopediya kimi qəbul etmək doğru olar. Ailə qurmağa hazırlaşan hər bir gəncin ailə münasibətləri içərisində yetişməsində rolu olacaq bu kitabı ömür yolunun çox dəqiq göstəricisi olan kompası da adlandırmaq mümkündür.

İstəyirəm hekayətlərin birindən kiçik parçanı sizə təqdim edim. Arayıb-seçmədən bir yerdən açıram. Görün, müəllif hədiyyə haqqında nə deyir: "Hədiyyə qəlb qazanmaq, dəyər vermək, hörmət etmək anlamını ifadə edir. Hədiyyə - sevgi yolundakı bütün əngəlləri qaldırır, sədləri yox edir və qəlbdən-qəlbə gedən yolları açır. Bir sözlə, hədiyyə insanda yeniləşməyə təkan verir, fərdlər arasında münasibətləri və əlaqələri gücləndirir. Bəs ailədə, özəlliklə də uşaqlara hədiyyə nə zaman, hansı tarixdə və hansı münasibətlərə görə təqdim edilməlidir? Ümumiyyətlə, onlara hansı növ əşyalardan hədiyyə verilməlidir? Hədiyyə qədər onun seçimi də önəmlidir". Fikrin çox rahat, hamar ifadəsi öz yerində, mətləbin qoyuluşu ciddi maraq doğurur və müəllif bu maraqlara da yetərincə aydın və tutumlu cavab verir. Kitab əvvəldən sonacan ürəyəyatan ahənglə düşüncəyə, qəlbə rahatlıq gətirir.

Müəllif kitabın cildinin arxasında ailəyə verdiyi təriflər haqqında fikirlərindən bəzi çıxarışlarını yerləşdirib. Olduqca maraqlı və gözəl seçmələrdir. Biz də sözümüzü seçmələrdən nümunələrlə bitiririk.

"Ailə - sevgi ağacının toxumu...

Ailə - sevgilərin səadət yuvası...

Ailə - ədəb yurdu, təlim ocağı, hikmət evi və sirr dağarcığı...

Ailə - xalqın sütunu, kiçik dövlət, mətin qala və namus qalxanıdır...

Ailə - səadət ocağı, qəlblərin sevinc yeri, məhəbbətin paylandığı məclis, dərdlərin, müşküllərin əridilib yox edildiyi məbəddir...

Ailə olmaq - həyat yoldaşına can, sirdaş, dost olmaqdır..."

 





04.11.2015    çap et  çap et