525.Az

“Vətəndaşlar ölkənin ictimai-siyasi həyatında fəal rol oynayırlar”


 

ELMAN NƏSİROV: "PARLAMENT SEÇKİLƏRİ AZƏRBAYCANIN DEMOKRATİK İNKİŞAF YOLUNDA ATILAN NÖVBƏTİ ADDIMDIR"

“Vətəndaşlar ölkənin ictimai-siyasi həyatında fəal rol oynayırlar”<b style="color:red"></b>

"Azərbaycanın inkişafını, yüksəlişini, əldə etdiyi tərəqqini, siyasi sabitliyi həzm edə bilməyən qüvvələrin qərəzli mövqe nümayiş etdirəcəkləri gözlənilən idi. Göründüyü kimi, bəzi xarici dairələr yenidən qarayaxma kampaniyaları aparmağa başlayıblar".

Bu sözləri Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib. O bildirib ki, bu dairələr "Avroviziya" mahnı müsabiqəsi və Birinci Avropa Oyunlarında eyni qərəzli strategiya əsasında Azərbaycanı ləkələməyə çalışıb: "Hazırda Avropa Parlamentinə rəhbərlik edən Martin Şults yenidən ölkəmiz əleyhinə çıxışlar etməyə başlayıb. AŞPA-nın müşahidə missiyasının Azərbaycanda seçkilərin obyektiv keçirilməsi ilə bağlı sərgilədiyi yanaşmaya baxmayaraq, qurumun tərkibində ölkəmizə qarşı qərəz nümayiş etdirən şəxslər də var. Həmin qüvvələr seçki prosesini izləmədən Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan fikirlər bildirirlər".

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun seçki ərəfəsində olduğu kimi, indi də ölkəmizə qarşı qərəzli bəyanatlar yaydığını deyən politoloq xatırladıb ki, büro Azərbaycana əhalimizin sayına adekvat olmayan sayda müşahidəçi göndərmək istəyib: "Bu amil ölkəmizdə keçirilən parlament seçkilərinə qarşı kampaniyanın bir elementi kimi özünü büruzə verib. Necə ola bilər ki, ATƏT bürosu 70-80 milyon əhali nüfuzuna malik ölkələrə bundan 10 dəfə az müşahidəçi ezam edir? Bu onu göstərir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun Azərbaycanda keçirilən parlament seçkiləri əleyhinə qərəzli hesabatı səsvermə prosesindən öncə hazır olub. Bunu bizim xalqımız çox yaxşı bilir. Bu bizim üçün təəccüblü deyil, əksinə gözləniləndir".

ABŞ Dövlət Departamentinin də Azərbaycana qarşı mövqeyinin bəzi Qərb təşkilatlarından fərqlənmədiyini deyən E.Nəsirov vurğulayıb ki, departament öz ölkəsində insan hüquqlarıyla bağlı ağır vəziyyətə diqqət yetirməlidir: "Çin Xalq Respublikası Birləşmiş Ştatlarda insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar dərc edib. Həmin sənədlərdə qeyd olunub ki, özünü fövqəl dövlət sayan ABŞ-da 21-ci əsrdə dini və irqi zəmində dəhşətli hadisələr baş verir. Bütün bunlar dünya ictimaiyyətinin diqqətindədir".

Politoloq əlavə edib ki, beçinci çağırış Milli Məclisə keçirilən seçkilər Azərbaycanın demokratik inkişaf yolunda atılan növbəti mühüm addımdır: "Vətəndaşların seçmək hüququnu reallaşdırması üçün bütün təşkilatı və texniki işlər vaxtında tamamlanıb. Şəffaflığın təmin olunması baxımından ümumi seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb. Bütün bunlar ölkəmizə səfər edən beynəlxalq müşahidəçilər, xüsusilə AŞPA monitorinq qrupunun da diqqətindən kənarda qalmayıb. 27 ölkədən 40 beynəlxalq təşkilatın 500-dən çox müşahidəçi Bakı və digər şəhərlərdə səsvermə prosesini canlı izləyiblər. Onlar Azərbaycanda seçkilərin yüksək səviyyədə, demokratik şəraitdə keçdiyini bildiriblər".

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanın seçki sistemi bir çox parametrlərinə görə nümunəvi səciyyə daşıyır: "Məntəqələrə veb-kameraların quraşdırılması, xeyli sayda beynəlxalq müşahidəçilərin ölkəmizə səfər edərək seçkiləri izləmək imkanı əldə etməsi xüsusi əhəmiyyətə malikdir.Beynəlxalq ictimaiyyət birmənalı olaraq parlament seçkilərinin sabit şəraitdə keçirməsindən danışıb". Q.Hüseynli güman edir ki, xalqın səsverməsi nəticəsində formalaşan parlament aparılan islahatların bundan sonra da davam etməsi üçün öz dəstəyini göstərəcək.

Bəzi Qərb təşkilatlarının Azərbaycana qarşı qərəzli mövqedə olduğunu deyən politoloq qeyd edib ki, həmin qurumlar regionda işğalçılıq siyasəti həyata keçirən Ermənistana heç bir irad bildirmirlər: "Azərbaycandan fərqli olaraq Ermənistanda xalq aclıqla mübarizə aparır, hökumət əleyhinə mitinqlər təşkil edir, kütləvi şəkildə xarici ölkələrə köçür. Bütün bunlara baxmayaraq, xarici dairələr Ermənistanda hər hansı bir problemin olduğunu qeyd etmirlər. Bu, bir daha sübut edir ki, həmin dairələrin Azərbaycana qarşı mövqeyi qərəz üzərində qurulub. Bəzi xarici dairələr Azərbaycanda strateji maraqlarını reallaşdırmaq üçün subyektiv mülahizələr əsasında ölkəmiz əleyhinə rəy formalaşdırmağa çalışırlar".

Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, beşinci çağırış Milli Məclisə seçkilər yüksək səviyyədə təşkil olunub:  "Azərbaycan inkişaf etmiş, sivil, demokratik ölkədir. Bu, dövlət beynəlxalq təşkilatlara görə seçki keçirmir. Parlamenti formalaşdıran xalqın səsidir. Vətəndaşlar növbəti beş ildə Milli Məclisdə kimin təmsil olunacağını təyin edirlər. Bu, seçkilər dövlətin demokratiya yolundan inkişafı üçün mühüm hadisədir ".

Azərbaycanın ilk dəfə 1918-ci ildə qadınlara seçki hüququ verdiyini xatırladan Forum sədri söyləyib ki, müstəqil dövlətimiz, bu, tarixi ənənələrə söykənərək müasir Azərbaycanda beynəlxalq standartlara uyğun seçki keçirir".

R.Zeyni qeyd edib ki, Mərkəzi Seçki Komissiyası səsvermə günü ölkə ərazisində min məntəqədə veb-kameralar quraşdıraraq seçkilərin internet vasitəsilə izlənilməsini təmin edib: "Beynəlxalq müşahidəçilərin də söylədiyi kimi, bu, seçkilər demokratik və sabit şəraitdə keçirilib. Seçki zamanı heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Seçicilərin fəallığı, seçki komissiyalarının öz funksiyalarını yüksək səviyyədə yerinə yetirməsi xarici monitorinq qruplarının əsas diqqət yetirdiyi məqamlardır. Beynəlxalq müşahidəçilər Azərbaycanın qazandığı seçki təcrübəsini bir çox Avropa dövlətləri, o cümlədən, ABŞ üçün nümunə hesab edirlər". Forum sədri vurğulayıb ki, bəzi xarici dairələr Azərbaycana qarşı qısqanclıq nümayiş etdirirlər:  "Onlar ölkəmizin inkişafını, yüksəlişini qəbul edə bilmirlər. Xüsusilə, bu, özünü Azərbaycanda mötəbər tədbirlər keçirilən zaman göstərir. Lakin istənilən halda qərəzli dairələr ölkəmizlə bağlı öz maraqlarını təmin edə bilmirlər. Çünki Azərbaycanda xalq-dövlət birliyi var.  Hakimiyyətin siyasi dayaqları möhkəmdir. Müstəqil və düşünülmüş siyasət kursu yürüdən Azərbaycan son dövrlər ərzində istənilən böhranlı prosesdən müdafiə oluna bilib. Xalqımız bu, sosial-iqtisadi problemləri öz həyatında hiss etməyib. Parlament seçkilərinin ümumi nəticələri də bunu əyani şəkildə sübut edir. Ancaq bəzi xarici dairələr bu reallığı dərk etməkdən uzaqdır. Ona görə də, məlum çevrələr ənənəvi ampluada çıxış edərək Azərbaycanın imicinə kölgə salmaq istəyirlər. İstənilən halda ölkə ictimaiyyəti qərəz üzərində qurulan əsassız fikirlərə əhəmiyyət vermir, bu cür çıxışların arxasında Azərbaycanın müstəqil siyasətinə mane olmaq cəhdlərinin dayandığını yaxşı bilir".

Ceyhun ABASOV

 





04.11.2015    çap et  çap et