"V çağırış Milli Məclis seçkilərini çoxlu sayda beynəlxalq müşahidəçilər izlədilər. Güman edirəm ki, onlar Azərbaycandakı parlament seçkilərinin həm beynəlxalq standartlara, həm ölkəmizin seçki qanunvericiliyinə, həm də demokratik prinsip və normalara tam uyğun olduğu qənaətinə gəliblər".
Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov dilə gətirib. Onun sözlərinə görə, parlament seçkilərini izləyən beynəlxalq müşahidəçilər missiyasının tərkibi kifayət qədər müxtəlif idi, Avropa ölkələrini və strukturlarını təmsil edən müşahidəçilərlə yanaşı, eyni zamanda dünyanın digər regionlarından olan müşahidəçilər də Azərbaycanda parlament seçkilərini izləmək imkanı qazanmışdılar.
Ə.Əhmədov deyib ki, müxtəlif regionları, siyasi mədəniyyətləri təmsil edən insanların gözləri önündə keçirilən parlament seçkiləri onların səsləndirdikləri və bizə də mətbuatdan məlum olan fikirləri əsasında kifayət qədər yüksək texniki hazırlıq və demokratik normalar şəraitində baş tutub: "Bu bizi sevindirməyə bilməz. Bu, həm də ondan xəbər verir ki, Azərbaycanda seçki mədəniyyəti, siyasi mədəniyyət gündən-günə təkmilləşir və keçirilən parlament seçkiləri ölkəmizdəki siyasi plüralizmin, demokratik normaların daha da dərinləşdiyindən, dönməz xarakter aldığından xəbər verir. Azərbaycana gələn beynəlxalq müşahidəçilər ölkə vətəndaşlarının sərbəst şəkildə öz iradələrini ifadə etmək imkanlarına malik olduğunu da izləyə bildilər. Onlar müşahidə aparmaq missiyası ilə yanaşı, Azərbaycanla bir daha tanış olmaq imkanı da qazanmışdılar. Güman edirəm ki, həmin müşahidəçilər Azərbaycanda vətəndaşların və seçicilərin bu qədər yüksək fəallıq nümayiş etdirməsini və eyni zamanda hakim partiyanın qələbə qazanmasının səbəblərini də yəqin ki, ölkəmizlə tanış olmaq fonunda dərk edə biliblər. Bu qədər inkişaf, bu qədər yüksəliş fonunda insanların seçki ovqatı da pozitiv notlar üzərində qurulmalıdır, iqtidara, hökumətə inam və etimad notları üzərində qərar tapmalıdır. Bu da təbii ki, verilən səslərdə və bu səslərin hansı siyasi partiyaların təmsilçilərinə istiqamətlənməsində özünün əksini tapmalıdır. Müşahidəçilikdən söz düşmüşkən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rasional, təhlili mümkün olmayan münasibəti ilə bağlı fikirlərimi bildirmək istərdim. Prinsip etibarilə bu qurum seçkilərin keçirilməsi ilə əlaqədar yaradılıb. ATƏT-ə üzv ölkələrdə seçkilərlə bağlı müşahidəçilik missiyası həyata keçirir. Bu mənada həmin qurumun ATƏT-in üzvü olan Azərbaycanın dəvəti əsasında ölkəmizdə keçirilən seçki kampaniyasını müşahidə etməkdən imtinasını rasional şəkildə izah etmək mümkün deyil".
YAP rəsmisinin dediyinə görə, bununla onlar əslində özlərinin birbaşa vəzifələrini həyata keçirməkdən imtina etdilər, ATƏT üzvü olan ölkələrdə keçirilən seçkiləri izləmək, müşahidə etmək onların birbaşa vəzifəsidir: "Hər hansı ölkə əgər özü onları dəvət edərsə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bundan imtina etməyə heç bir əsası yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əslində onlar bununla öz mandatlarından imtina etmiş olurlar.
Təəssüf ki, bəzi beynəlxalq qurumlar, o cümlədən, haqqında söz açdığımız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərdən və seçkilərin izlənməsi missiyasından siyasi təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə malikdirlər. Bu, tamamilə yolverilməz haldır. Seçkiləri müşahidə etmək hər hansı siyasi məqsəd və niyyət güdmədən həyata keçirilməlidir. Amma bir sıra hallarda seçkiləri izləmək missiyası ayrı-ayrı ölkələrdə neqativ axtarmaq fürsəti kimi qiymətləndirilir. Bundan əvvəlki seçkilər zamanı aparılan müşahidələrin nəticəsində yalnız nəticələrə təsir etməyən nöqsanların qeyd olunması ondan xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu üçün seçkilərin izlənməsi sadəcə, neqativ axtarmaq kimi başa düşülür və bu cür də istifadə edilir. Hər hansı dövlətin beynəlxalq qurumlarda təmsil olunması onun suveren hüquqlarının alternativi kimi dəyərləndirilə bilməz. O cümlədən, Azərbaycanın beynəlxalq qurumlarda təmsil olunması ölkəmizin suveren hüquqlarının üzərinə kölgə salmaq və yaxud həmin hüquqların azalması kimi dərk edilə bilməz. Bu mənada belə hesab edirik ki, istənilən beynəlxalq qurum, o cümlədən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da vəzifəsinə məhz bu prinsiplər nöqteyi-nəzərində yanaşmalıdır. Seçkilərdən və seçkiləri izləməkdən təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə son qoymalıdır".
Ə. Əhmədov həmçinin bildirib ki, həmin büronun fəaliyyətinə bu cür qiymət verilməsi təkcə Azərbaycan tərəfindən ortaya atılan təşəbbüs deyil: "Malik olduğumuz informasiyalar əsasında bir sıra digər ölkələrdə də həmin büronun fəaliyyətində bu cür xoşagəlməz, neqativ tonlardan xali olmayan cəhətlərin özünü büruzə verməsi açıq şəkildə vurğulanmaqdadır. Lakin onların Azərbaycanda keçirilən seçki kampaniyasını izləməkdən imtina etməsi seçkilərin dəyərinə, ictimai mənasına heç bir kölgə sala bilmədi. Qeyd etdiyim kimi, seçkiləri xarici ölkələrdən gələn kifayət qədər sayda müşahidəçilər izlədilər. Onların hər birinin səsləndirdiyi rəy bütövlükdə Azərbaycanda seçkilərin yüksək şəraitdə təşkil olunmasına və demokratik normalara uyğun keçirilməsindən xəbər verir. Biz bütövlükdə bu seçki kampaniyasının beynəlxalq müşahidəçilər tərəfindən izlənməsinə yüksək qiymət veririk. Azərbaycan demokratik ölkədir, bütün proseslər açıq və şəffaf şəkildə keçirilir. O cümlədən, siyasi proseslər, seçki kampaniyası şəffafdır və biz seçkilərin xoş niyyətli beynəlxalq müşahidəçilər tərəfindən izlənməsinə həmişə müsbət yanaşmışıq".
K.HƏMZƏOĞLU