525.Az

"Azərbaycan haqqında ağıllarına gələni danışırlar"


 

"Azərbaycan haqqında ağıllarına gələni danışırlar"<b style="color:red"></b>

"Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə, demokratiya şəraitində keçdi".
 
Bu barədə  Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, seçkilər xalqın vətəndaş həmrəyliyi şəraitində baş tutub: "Bir sözlə, ölkəmizdə azad və mütəşəkkil seçkilər baş tutdu. Bu münasibətlə Azərbaycan xalqını, ölkə Prezidentini bir çox dövlətlərdən, beynəlxalq təşkilatlardan gəlmiş müşahidəçilər təbrik etdi və öz xoş sözlərini söylədi. Azərbaycana gələn xarici müşahidəçilərin böyük əksəriyyəti bu seçkiləri demokratik seçkilər adlandırdılar. Hətta bəzi beynəlxalq təşkilatlar Azərbaycan nümunəsini də bəzi Avropa ölkələrində tətbiq etməyi tövsiyə etdilər. Bu, Azərbaycan xalqı, dövləti üçün böyük bir uğurdur".

M.Quliyev əlavə edib ki, buna baxmayaraq çox az sayda beynəlxalq təşkilatlar və qurumlar bu seçkilərə həmişə olduğu kimi yenə də kölgə salmağa (xüsusən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), Avropa İttifaqının bəzi qurumları) çalışdılar: "Təbii ki, onların da ənənəvi məqsədləri aydındır. Bu dövlətlərin bir çoxu ermənipərəst mövqedən çıxış edirlər. Burada təmsil olunan istər millət vəkilləri, istərsə də ictimaiyyət nümayəndələri erməni lobbisindən asılı insanlardır. Onlar istəyirlər ki, Azərbaycanın demokratik imicinə bu məqsədlə kölgə salsınlar. Digər məsələ isə cənab prezidentin söylədiyi kimi, bəzi Qərb dairələrinin Azərbaycanı güclü dövlət kimi görmək və qəbul etmək istəməmələri ilə bağlıdır. Məqsəd odur ki, Azərbaycan da morienet bir dövlət olsun və onlar da istədikləri şəkildə ölkəmizə təsir etsinlər, Azərbaycanın milli sərvətlərini özlərinə sərf etsinlər. Hesab edirəm ki, Avropa və Qərbdə müəyyən dairələr öz səhvlərini başa düşürlər".

Millət vəkili Elman Məmmədov isə düşünür ki, Azərbaycanda keçirilən parlament seçkiləri haqqında şər-böhtan dolu fikirləri deyənlər, artıq buna adət ediblər: "Hərənin bir sənəti və peşəsi olur. Yəni onlar şər, qarayaxma kampaniyası keçirmək, gecə yuxud gördüklərini səhər hamıya təqdim etməyə artıq öyrəşiblər. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) əsassız iddialarla seçkiləri müşahidə etməməsi və qərəzli, yalan açıqlamalarının ölkəmizdə aparılan işlərə kölgə salmaq məqsədi daşıdığını qeyd edib. E. Məmmədov bəzi beynəlxalq media qurumlarının da Azərbaycanda keçirilən parlament seçkiləri haqqında öz maraqları naminə qərəzli və böhtan dolu yazılar dərc etdiyini vurğulayıb:

"Minlərlə kilometr uzaqlardan Azərbaycan haqqında ağıllarına gələni danışırlar. Şimal, Cənub, Şərq, Qərb - dünyanın hər yerindən 500-dən artıq beynəlxalq müşahidəçi gəlib seçkiləri izlədilər və dəqiq, obyektiv, real fikirlərini bildirdilər. Azərbaycanda keçirilən parlament seçkilərini buraya gəlib müşahidə edənlər bir kəlmə də neqativ fikir söyləmədi, qanunsuzluqla rastlaşdıqlarını demədilər. Avropa, Amerikada oturub ağızlarına gələni danışmaq onların cılızlığından, iyrənc əməllər ilə məşğul olduqlarından, Azərbaycana qarşı mütəmadi olaraq şər-böhtan kampaniyası  aparmaqlarından xəbər verir. Onlar özlərini ifşa edib, iç üzlərini açırlar. Həqiqətə, ədalətə, haqqa, düzgünlüyə yox, ancaq özlərinin maddi mənafe və maraqlarına söykənirlər. Onlar Azərbaycana qarşı ağızlarından iylənmiş çirkab axıdırlar. Ancaq bu böhtanlar Azərbaycana yaxın da gəlmir. ATƏT DTİHB dəvət olunmuşdu. Zəhmət çəkib gəlib müşahidə edib, gördüklərini deyərdilər.

Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev vurğulayıb ki, Azərbaycan bütün beynəlxalq aləmə seçkilərin şəffaf, demokratik və hüquqi qaydada keçirildiyini və bu prosesdə yalnız xalqın iradəsinin ifadə olunduğunu sübut etdi. Onun sözlərinə görə, özünü beynəlxalq səviyyədə ciddi təşkilat hesab edən bir qurum imkan verməz ki, onun fəaliyyətinə kimsə təsir edə bilsin:
 
"Əgər bu məsələni Avropa Şurası Parlament Assambleyasının (AŞPA)nümayəndələrinin özləri etiraf edirsə, bu heç də normal hal deyil. ATƏT-in AŞPA-ya təzyiq göstərməsi fikilərinə münasibət bildirən politoloq onu da deyib ki,  bəzi beynəlxalq təşkilatlar hərdən kimlərinsə əlində oyuncağa çevrilir: "Bu isə həmin quruma olan inamı azaldır, nüfuzunu aşağı salır. ATƏT-in belə təşkilatlara təsir etmək istəməsinə gəlincə, əgər ATƏT təsir etmək imkanına malikdirsə,  Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışsın. Eyni zamanda ATƏT onu da nəzərə alsın ki, məhz ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradılıb. Ancaq hazırda görünən mənzərə ondan ibarətdir ki, ATƏT-in işi problemlərin həll edilməsi deyil, hansısa lobbilərin maraqlarına xidmətdir. Hər kəsə məlumdur ki, ATƏT və bu kimi təşkilatlar sırf erməni lobbisinin sözçüləridir. Ona görə də hesab edirəm ki, onlardan müsbət nəticələr gözləməyə dəyməz. Onlar ölkəmizdə keçirilən seçkiləri müşahidə etsələr də, etməsələr də biz bütün dünyaya demokratiyanı, ədalətli və şəffaf seçkilərin keçirildiyini göstərdik".

PƏRVANƏ

 





04.11.2015    çap et  çap et