525.Az

"Minsk qrupu münaqişəni dondurmağa yönəlmiş siyasət həyata keçirir"


 

"Minsk qrupu münaqişəni dondurmağa yönəlmiş siyasət həyata keçirir"<b style="color:red"></b>

"Ermənistan tərəfindən sülh istiqamətində atılacaq addım gözləmirəm. Rəsmi İrəvan öz əvvəlki qeyri-konstruktiv  siyasətini davam etdirir". 

Bu barədə millət vəkili Asim Mollazadə cari ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşünə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qarşı tərəf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir və status-kvonu qoruyub saxlamağa çalışır".  Millət vəkili əlavə edib ki, Ermənistan yalandan guya ki, danışıqların imitasiyasını həyata keçirir: "Əslində bütün bu addımlar beynəlxalq ictimaiyyəti aldatmağa yönəlib. Rəsmi İrəvana qarşı hər hansı bir sanksiyalar müəyyənləşməyib və təzyiqlər yoxdur. ATƏT işğalçı rejimə hüququn aliliyinə hörmətsizlik etməklə dolayısı ilə dəstək verir". A.Mollazadə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini qənaətbəxş hesab etməyib: "Bu gün ATƏT-in Minsk qrupu bir növ münaqişəni dondurmağa yönəlik bir siyasət həyata keçirir. Onların regiona bütün səfərləri turizm xarakteri daşıyır. Təəssüf ki, irəliləyişə doğru heç bir nəticə yoxdur".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrləri öz bəyanatlarında Azərbaycan və Ermənistan prezidentləri bu ilin sonunda görüşəcəklərini açıqlayıblar. Amma görüşün ilin sonuna kimi baş tutması inandırıcı görünmür. QAT sədri bunun üçün səbəbləri də qeyd edib. Onun sözlərinə görə, ilk növbədə görüş üçün müzakirə ediləcək konkret təkliflər olmalıdır: "Bildiyimə görə, həmsədrlər tərəfindən yeni təkliflər irəli sürülməyib. Əgər müzakirə etməyə heç bir məsələ yoxdursa, o zaman hesab edirəm ki, görüş də baş tutmaya bilər. Görüşün reallaşması üçün ortada konkret bir zəmin, prinsiplər olmalıdır. Məhz belə olan təqdirdə hansısa müzakirələr aparıla bilər. Ola bilər ki, ənənəvi qaydada hansısa görüşlər baş tutsun. Əgər bu görüş baş tutsa, Ermənistan yenə də özünün aqressiv, təcavüzkar mövqeyindən geri çəkilməyəcək. Bu yaxınlarda hətta Ermənistan prezidenti Serj Sarkisyan açıq şəkildə bildirdi ki, "Dağlıq Qarabağ Ermənistan ərazisidir" və s. Digər tərəfdən həmsədrlər də ənənəvi, qeyri-obyektiv mövqelərində qalırlar. Hiss olunur ki, onlar rəsmi İrəvana deyil, əksinə Azərbaycan tərəfinə təzyiqlər etmək istəyirlər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz açıqlamasında qeyd etmişdi ki, Azərbaycan təzyiq yox, sülh, kompromis yolu üzərində düşünməlidir. Bu, Azərbaycana qarşı təzyiqin bir formasıdır".

Politoloq Arzu Nağıyev isə ATƏT-in şəxsi nümayəndəsinin və həmsədrlərin cəbhə xəttində monitorinq apardıqları zaman ermənilər tərəfindən atəşə tutulmalarına diqqət çəkib. Onun sözlərinə görə, monitorinq aparan ATƏT nümayəndələrinin özlərinin də erməni təxribatına məruz qalması və buna susqunluq nümayiş etdirmələri birinci hal deyil: "Monitorinqlər vaxtı ermənilər tərəfindən atəşkəsin pozulması mütəmadi olaraq baş verir, yəni ermənilər tərəfindən belə təxribatlar daima olur".  O qeyd edib ki, burada əsas məqsəd sülh danışıqlarını pozmaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlamaqdan ibarətdir: "Eyni zamanda  belə vaxtlarda həm də sərhəd rayonlarda atəşkəs pozulur və ermənilər bunun Azərbaycan Ordusu tərəfindən edildiyini bildirməklə hərbi müttəfiqlərini də, daha doğrusu Rusiyanın regiondakı hərbi hissələrini də münaqişəyə qatmaq istəyirlər. Yəni bu gözlənilən bir hadisədir".

 A.Nağıyev əlavə edib ki, ATƏT tərəfindən razılaşdırılan Madrid prinsipinə uyğun danışıqların tərəfdarı olan Azərbaycan ərazi bütövlüyü məsələsini birinci şərt sayır: "Buna görə də əvvəlcə işğal olunmuş ərazilər boşaldılmalı, minalardan təmizlənməli və bir sıra təhlükəsizlik işləri görülməlidir, sonra isə qaçqınlarla bağlı  məsələlərə baxıla bilər. Bu gün isə istər ATƏT, istərsə də digər beynəlxalq təşkilatlar tərəfindən bir sıra problemi ortaya atmaq məsələnin həllinin uzanması deməkdir".

Qeyd edək ki, həmsədrlər 26-28 oktyabr tarixlərində regionda səfərdə olublar. Onlar monitorinq zamanı erməni hərbçilərinin atəşinə məruz qalıblar. Lakin həmsədrlərin regiona səfərlərinin yekunlarına dair bəyanatlarında atəşin məlum olmayan istiqamətdən açıldığı vurğulanıb. Bu da rəsmi Bakının etirazına səbəb olub. Azərbaycan XİN bununla bağlı bəyan edib ki, 27 oktyabrda əldə olunmuş ilkin razılığa əsasən ATƏT-nin Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti üzərindən Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycan ordusunun nəzarət etdiyi ərazilərə keçiblər. Monitorinq aparılan zaman  ATƏT heyətinin təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülməsinə dair əvvəlcədən razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilən işğal olunmuş ərazilərdən Azərbaycan silahlı qüvvələrinin mövqeləri istiqamətinə təkrar atəşlər açılıb. Bu insident ATƏT-in monitorinq heyətini Azərbaycan silahlı qüvvələrinin mühafizəsinə sığınmağa vadar edib. "Bu insident zamanı hadisə yerində olmuş Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələrinin ifadələrinə görə, ATƏT heyəti atəşi dayandırmaq və atəş açmamaq üçün zəmanətləri yeniləmək məqsədilə qarşı tərəflə əlaqəyə çıxıb. Mənbənin və atəşin açıldığı istiqamətin aydın şəkildə bəlli olmasına baxmayaraq, həmsədrlərin 29 oktyabr 2015-ci il tarixli bəyanatında bu insidentin müvafiq qaydada əks etdirilməməsi və atəşi pozan tərəfin adının qeyd olunmaması təəssüf doğurur. Amma bu Ermənistan tərəfini törətdiyi bu və digər çoxsaylı təxribatlarına görə məsuliyyətdən azad etmir".

PƏRVANƏ

 





04.11.2015    çap et  çap et