525.Az

Fransa universitetində Nizami Gəncəvi adına kafedra açılıb


 

Fransa universitetində Nizami Gəncəvi adına kafedra açılıb<b style="color:red"></b>

Fransanın Müluz şəhərindəki Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılışı olub.

Təhsil Nazirliyindən verilən məlumata görə, mərasimdə Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloff Müluzun Azərbaycanın şəhərləri ilə olan dostluq münasibətlərindən, o cümlədən, rəhbərlik etdiyi ali məktəbin Gəncədəki universitetlərlə mövcud əlaqələrindən danışıb.

Yuxarı Elzas Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsinin dekanı Qreta Komur isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan ədəbiyyat və mədəniyyət kafedrasının onun rəhbərlik etdiyi fakültədə açılması ilə qürur duyduğunu deyib. Qreta Komur Nizami Gəncəvinin əsərlərinin Şərq və Avropa mədəniyyətinə təsirini, eləcə də Avropa və Azərbaycan mədəniyyəti arasında qarşılıqlı təsirləri tədqiq etməyin kafedranın əsas məqsədi olduğunu bildirib. O, hər iki ölkə arasında ədəbiyyat sahəsində olan əlaqələrə də toxunub.

Tədbirdə çıxış edən Fransa Senatının üzvü, Müluz Elzas aqlomerasiyasının prezidenti Jan-Mari Bokel Azərbaycanın dostu olduğunu vurğulayaraq tarixi ərazilərimizin qonşu ölkə tərəfindən işğalının qəbuledilməz olduğunu bildirib.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov dünya ədəbiyyatına, mədəniyyətinə, təhsilinə və elminə əvəzsiz töhfələr verən Nizami Gəncəvinin adını daşıyan kafedranın açılış mərasimində iştirak etməkdən məmnunluğunu bildirib. O, bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Mehriban Əliyevaya, Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler -Qanqloffa, Müluz şəhərinin rəhbərliyinə, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyova minnətdarlığını ifadə edib.

Azərbaycan-Fransa münasibətlərinin dərin tarixi köklərinə toxunan nazir bu gün xalqlarımız arasında tarix boyu formalaşan dostluq münasibətlərinin hər iki ölkənin rəhbərləri səviyyəsində dəstəklənməsi və daha da inkişaf etdirilməsi istiqamətində səylərin göstərildiyini vurğulayıb.

Nazir XXI əsrdə ölkələr və millətlər arasında qarşılıqlı anlayışa və hörmətə əsaslanan münasibətlərin qurulmasında təhsilin müstəsna rol oynadığını qeyd edib. Təhsilin inkişafı sahəsində xüsusi əhəmiyyət verilən məqamlardan birinin də xarici ölkələrlə müsbət təcrübələrin paylaşılması və qarşılıqlı faydalılıq əsasında birgə təşəbbüslərin həyata keçirilməsi olduğunu deyən nazir Azərbaycanın Fransa ilə bu istiqamətdə tərəfdaşlığının nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb. Bakıda Fransız Liseyinin artıq fəaliyyət göstərdiyini qeyd edən M. Cabbarov bildirib ki, hər iki ölkənin dövlət başçılarının təşəbbüsü ilə Fransız-Azərbaycan Universiteti layihəsi üzərində hazırlıq işləri aparılır və növbəti tədris ilindən etibarən bu layihənin də uğurla fəaliyyətə başlayacağına ümid edir.

Nazir M.Cabbarov yeni açılan kafedranın fransız gənclərinə və tədqiqatçılarına Azərbaycanı daha yaxından tanımağa, ədəbiyyatımızı, tariximizi və mədəni irsimizi araşdırmağa imkan yaradacağına əmin olduğunu bildirib.

Vəfa MƏMMƏDLİ

 





04.11.2015    çap et  çap et