https://525.az/img/pics/medium/2024-03/308276_6v9cixp5v4.jpg İnsan olmağın tək yolu
https://525.az/img/pics/medium/2024-03/308267_f619kgr6f3.jpg Doğma Dərələyəz
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
search
29 Mart 2024

"Mənə Qurban Qurbanovun oğlu deyiləndə xoşuma gəlmir"

"Mənə Qurban Qurbanovun oğlu deyiləndə xoşuma gəlmir"

Təxminən ötən ilin bu vaxtları idi. Redaktor məndən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanovdan müsahibə götürməyimi istəmişdi. “Neftçi”yə müraciət etsəm də, ondan müsahibə almaq üçün hər hansı bir şərait yaradılmadığından, planım baş tutmamışdı. Ötən mövsümün son görüşü olan ölkə kubokunun finalı isə mənim üçün bu baxımdan göydəndüşmə olmuşdu. Belə ki, “Neftçi”yə 3:1 hesabı ilə qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qızıl medalını boynunda gəzdirən Musadan əlaqə nömrəsini əldə etmək fürsətini boşa verməmişdim. Ancaq hər dəfə gündəmdə olan mövzular ortaya çıxdığından, Musa ilə müsahibəmi arxa plana atmalı olmuşdum.

Nəhayət iş elə gətirdi ki, bu müsahibəni Qaynar.info üçün götürməli oldum. Ötən həftəsonu “Sərhədçi”dəki məşqindən sonra “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığındakı kafelərdən birində onunla görüşdük.

Müsahibəyə keçməzdən öncə qısaca xatırlatma verim ki, 13 yaşlı həmsöhbətim hazırda “Neftçi”nin 14 yaşadək komandasında (U-14) çıxış edir. O, “Neftçi”nin U-12 və U-13 liqasında çempion olub. Musa həm də ötən mövsümün yekunlarına görə U-13 liqasının 41 qolla bombardiri adını qazanıb.

- Musa, "Neftçi"də oynamağa neçə yaşında başlamısan? Futbola gəlişində atanın səni bu idmanda görmək istəyi rol oynayıbmı?

- "Neftçi"yə gələndə təxminən 6-7 yaşım olardı. İlk məşqçim Rüfət Quliyev olub. Özüm 2002-ci ildənəm. 6 yaşlılarda yaş qrupu olmadığı üçün 1999 təvəllüdlülərlə məşq edirdik. Sualın ikinci hissəsinə gəlincə, məcburən futbola gəlməmişəm. Uşaq vaxtımdan bu idmana marağım olub. Çünki anadan olandan futbol görmüşəm. Atamın da oyunlarına baxmışam. Həvəsim böyük olub, ona görə də özüm futbolçu olmaq istəmişəm.

- "Neftçi"nin U-14 komandasında hazırkı baş məşqçin Eldəniz Məmmədovdur. Ancaq "Neftçi" deyəndə həmişə aşağı yaş qrupları üzrə İslam Kərimov yada düşür. O sənə nə vaxt məşqçilik edib?

- İslam Kərimov U-11 və U-12-də baş məşqçim olub.

- Niyə məhz "Neftçi"yə keçdin? Atanın həmin vaxt o klubda baş məşqçi olması burda rol oynayıb?

- Bəli. Onda atam "Neftçi"nin əsas komandasında baş məşqçi idi. Sonra o, "Qarabağ"a getsə də, mən "Neftçi"də qalaraq futbolumu davam etdirdim.

- Yəqin ki, bu barədə sənə çox sual verilib. Atan "Qarabağ"da, sənsə "Neftçi"də. Nə vaxtsa "Qarabağ"da oynamaq istəyirsən, yoxsa "Neftçi"də özünü göstərməklə Avropada top qovmaq niyyətindəsən?

- Bu barədə çox sual verilir, düz qeyd edirsiniz. Bu məndən asılı deyil. Avropaya getmək üçün ilk növbədə əziyyət çəkmək lazımdır. Gərək öz üzərimdə işləyim. Heç nədən Avropaya getmək olmaz. Bu, Allahın işidir, bilmək olmaz. İnşallah, çalışacağam ki, öz üzərimdə işləyib daha güclü klublara keçim.

- Ümumiyyətlə, necə düşünürsən, atanın komandasında oynamaqla özünü rahat hiss edərsən, yoxsa "ata zəhmi"ndən irəli gələn çaşqınlıq, sıxıntı ilə rastlaşarsan?

- Bu barədə düşünməmişəm, açığı. Ancaq çoxları elə fikirləşir ki, mən atamın hesabına futbol oynayıram. Bəlkə bu üzdən bir qədər sıxıla bilərəm. Mən isə sübut etmək istəyirəm ki, futbolu özüm oynaya bilirəm, atamın hesabına oynamıram. İstəyirəm, görsünlər ki, mən öz oyunumla futbolçu olmaq istəmişəm, atama görə yox.

- Səni hər hansı kimsə başqasına göstərəndə Qurban Qurbanovun oğlu, yoxsa Musa Qurbanov kimi təqdim edir?

- Hər ikisi də olur. Ancaq mənə Qurban Qurbanovun oğlu deyiləndə xoşuma gəlmir. İstəyirəm ki, öz adıma, öz oyunuma görə tanınım.

- Müsahibə götürmək üçün səninlə ilk dəfə danışanda atandan razılıq aldın. Atan hər hansı bir "təxribatçı" suallara cavab verməmək üçün sənə tövsiyələrini irəli sürdü?

- Yox.

- Evdə bir-birinizlə çox danışmaq imkanınız olur. Atan sənə hansı nəsihətləri verir? Sənin oyunlarını izləmək üçün stadiona gəlirmi?

- Oyunlarımı izləmək üçün vaxtı olmur. İldə 1-2 oyunuma ancaq baxa bilir. Mənə daha çox futboldan kənarda, əsl insan kimi böyüməyə dair məsləhətlər verir. Deyir ki, yaxşı futbolçudan çox, əsas məsələ insan kimi şəxsiyyət olmalısan. Futbolçu kimi isə mənə necə meydanda özümü aparmalı olduğumu deyir. Onun fikrinə görə, yaxşı insan olduqdan sonra əziyyət çəkərək Allahın da köməkliyi ilə yaxşı futbolçu da olmaq olar.

- Atan dindardır. Sən özün də ibadətlə məşğulsan?

- Bəli.

- Neçə yaşdan ibadətlə məşğul olmağa başlamısan?

- 8 yaşım olardı.

- Oruc tutursansa, bunun oyununa maneçiliyi olur?

- Yox, heç bir maneçiliyi olmur.

- "Qarabağ"a qarşı çox oynamısan. Bu komandaya qol vuranda xüsusi hislərin mövcud olur?

- Mənim üçün rəqibin fərqi yoxdur. Bəzən saytlarda "Qurban Qurbanovun oğlu "Qarabağ"a qol vurdu" tipli xəbərlərə rast gəlirəm. Ancaq mən komandalara fərq qoymuram. Məqsədim hər oyundan oyuna artırmaqdır.

- Ötən mövsüm kubokun finalında atanın çalışdırdığı "Qarabağ" finalda sənin futbolun sirlərini öyrəndiyin "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldi. Daha çox "Qarabağ"ın qələbəsinə sevindin, yoxsa "Neftçi"nin məğlubiyyətinə üzüldün?

- Açığı, bu suala cavab vermək istəmirəm (gülür). Mən həmin matçda yaxşı futbolun tərəfində idim. Ola bilər ki, hazırkı durumuna görə bir az "Qarabağ"a simpatiyam olsun. Ancaq "Neftçi"yə də klubum kimi simpatiyam böyükdür. Belə demək mümkünsə, bir tərəfdən üzüntü vardısa, digər tərəfdən sevinirdim.

- "Neftçi"nin əsas komandası cari mövsüm uğursuz çıxış edir. Bu amil sənə də mənfi təsir edir?

- Yox. Əsas komanda yaxşı çıxış etməsə də, bizim U-14 yaxşı oynayır. "Neftçi" yaxşı komandadır. Sadəcə indi gənclərdən qurulub. İnşallah, gələcəkdə bu komanda da özünü göstərəcək.

- Neçə ildən sonra əsas komandada özünü görürsən?

- Yəqin ki, bu mənim özümdən asılıdır. Nə qədər çox çalışsam, o qədər də tez yaxşı futbolçu olacağam. Hər şey Allahın əlindədir.

- Mətbuatı izləyirsənmi?

- İdman mətbuatını demək olar ki, hər gün izləyirəm. Azərbaycan saytlarına daxil olub həm yerli, həm də xarici futbolla bağlı məlumatlar əldə edirəm.

- Bu sualı elə-belə vermədim. Ötən il U-13 liqasının finalında "Neftçi" ilə "Xəzər Lənkəran"a qalib gəldiniz. Ancaq qarşı tərəfin iddiasına əsasən mətbuatda sən də daxil olmaqla, "Neftçi"nin futbolçularının "lipa" olduğu yazıldı. Bu barədə sənin fikrini bilmək maraqlı olardı...

- Məncə, indi hər şey peşəkar səviyyədədir. Bizim hər bir oyunçunun sənədləri oyundan qabaq yoxlanılır. Ona görə də belə şey olsaydı, həmin oyundan sonra üstü açılardı. Çünki bütün sənədlər lazımi yerlərə təqdim olunub. Bunun üstünün bu qədər müddətdən sonra açılmaması mümkün deyil. Allah bir insanı belə, digərini isə başqa cür yaradıb. Burda nə var ki? Bizdə də bütün futbolçular ucaboy deyildi. Diqqətlə baxsalar görərlər ki, bizdə 3-4 futbolçunun boyu aşağı idi. Hələ ikinci hissədə bizdən oyuna yaşca balaca - 2003-cü il təvəllüdlü 4-5 oyunçu daxil oldu. Qanuni sənəddə necə varamsa, elədir. Yenə deyirəm, "lipa" olsaydı, bu qədər futbolçumuzdan birinin sənədində bu aşkarlanardı. Oyundan sonra sənədlərimizi aparıb verdik. Hər şey qaydasında idi.

Mənbə: Qaynar.info

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.