525.Az

Sazla-sözlə zövqlü bir gün


 

Sazla-sözlə zövqlü bir gün<b style="color:red"></b>

İnsan ömrü boyu acdır ki acdır. Gah mədəsi ac olur, gah ürəyi. Gah gözləri acır, gah da dili. O və ya bu formada bu aclıqlar bir-birini əvəz edərək bitməz doyumsuzluq vərdişi yaradır. Bəs doymaq anlayışı da aclıqla mütənasibdirmi? Yəni qarnımızı doyuzdurmaqla ruhumuzu-duyğularımızı doydurmaq eynidirmi?  Acanda (həqiqi mənada) mədəmizi qida ilə rahatladırıq. Məcazi anlamda dilimiz bir şirin sözə, gözlərimiz bir ərk-naza acanda baxmağa gözəl sima, nazını çəkməyə bir adəm övladı və qədirbilən (öz mənəvi çəkimizə görə) axtarırıq şəninə şirin ibarələrlə dilimizi doydurmağa. Buna isə həmişə nail olmaq mümkün deyil. Amma acan mədəni hər qida ilə doydurmaq olar.

Mənim suyum musiqi, çörəyim şeirdir. Bilirəm siz də beləsiniz. Çünki biz oğuz elinin, türkün mayası sazla sözdən, musiqidən yoğrulub. Noyabrın 3-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Sarıtel - gənc aşıqların səs incisi" adlı audiodiskin təqdimatına yığılanları görəndə bir daha əmin oldum ki, millətimiz nədən doysa da, musiqidən, sazdan-sözdən doyan deyil. Hələ bu musiqi Dədəm Qorqud yadigarı, Aşıq Alı, Dədə Ələsgər əmanəti Sazdırsa! Onun sehri-sədası, ədəb-ərkanı, nazı-ədası bir başqadır. Sazın sinəyə basılması əbəs yerə deyil. O, ananın həsrətlə doğulmuş körpəsini qucağında tutuşu kimi ilahi dəyərdədir. Bir də axı insanı yaşadan ürək sinədə yerləşir! O gün sazı sinəsində bala kimi ərkələyən, vətən kimi məğrur tutan gənclər ifalarıyla ruhumuza qida verdilər.

İfalardan əvvəl rəsmi çıxışlar oldu. Azərbaycan Aşıqlar Birliyinin nümayəndəsi Musa Nəbioğlu, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Rəşad Əliyev bu layihənin məzmunu, məramları, əhəmiyyəti barədə məlumat verdilər.

Sonra isə Azərbaycanın hər guşəsindən olan gənc aşıqlar təkcə öz məharətlərini deyil, həm də saza məhəbbətlərini göstərdilər. Təkcə əlləri mizraba toxunmurdu ifaçıların. Həm də qaş-gözləriylə, səsləri-zənguləsiylə, şeirlə-sözlə "Divani", "Dilqəmi", "İncəgülü", "Dübeyti", "Qəhrəmani", "Misri", "Naxçivani", "Baş müxəmməs" və  havalı hava olan "Qaraçı"yla genetik duyğularımıza sığal çəkdilər. Yeri gəlmişkən, sığal aclığı qısamüddətli olur, xəmir yeməyi kimi. Doymağınla acmağının arası bir hovur çəkmir.

"Rasim" folklor qrupu, "Nemət" aşıqlar qrupu, "Çeşmə qrupunun ifaları, eləcə də Elməddin Məmmədli, Şəhriyar Kərimov, Samir Allahverdiyev, Şəhriyar Şahverdiyev, Familə İsgəndərova, Qərib Quliyev, Qabil Abdıyev, Pərviz Mübarizoğlu, Əli Zeynalabdinov və tədbirin ən gənc iştirakçısı Samir Pənahovun bir diskdə çıxan saz havalarının təqdimatındakı çıxışları Azərbaycan aşıq sənətinin layiqli yetirmələrinin böyüdüyünü, ustad aşıqlar məktəbinin hələ uzun illər davam edəcəyini və ən əsas xalqımızın ruhunun musiqiyə aclığının olmayacağını isbatladılar.

Belə bir dəyərli layihənin, zövqlü tədbirin araya-ərsəyə gəlməsinə görə, sözsüz ki, Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Aşıqlar Birliyinə dərin təşəkkürlər düşür.

Rübabə SAHİB

 





05.11.2015    çap et  çap et