525.Az

Prezidentin fərmanı ciddi dönüş yaradacaq


 

"İPOTEKA PROQRAMI ƏTRAFINDA APARILAN MÜZAKİRƏLƏR MÜSBƏT SONLUQLA YEKUNLAŞACAQ"

Prezidentin fərmanı ciddi dönüş yaradacaq<b style="color:red"></b>

"Prezident İlham Əliyevin İpoteka Fondu ilə bağlı imzaladığı sərəncam sosial mənzil məsələləri ilə bağlı əhalinin gözləntilərinin reallaşmasına geniş imkanlar yaradacaq".
 
Bu sözləri İqtisadi İnnovasiya və Tenologiyalar Mərkəzinin direktoru, millət vəkili Əli Məsimli dövlət başçısı İlham Əliyevin İpoteka Fondunun yenidən təşkil edilməsi və Mərkəzi Bankdan ayrılaraq onun bazasında ayrıca "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı fərmanını şərh edərkən deyib.

Millət vəkili bildirib ki, Prezidentin sərəncamı həm faiz dərəcələrinin aşağı salınması, həm də ipoteka kreditlərinin dairəsinin genişlənməsi, sosial mənzil fondu üçün ayrılan vəsaitin artırılması ilə nəticələnəcək: "Eyni zamanda, bu sahəyə diqqətin artırılması ipotekanın tədricən regionlara yayılmasına yol açacaq.

Əgər ipotekanın genişlənməsi sistemli, davamlı xarakter alacaqsa, bu sahədə böyük canlanma yaranacaq. Bu, eyni zamanda, tikinti -inşaat sektoru, daşınmaz əmlak bazarının inkişafına müsbət təsir edəcək".

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə hesab edir ki, Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərman ciddi müzakirə mövzusudur: "Birbaşa ölkə başçısının bu məsələyə müdaxilə etməsi 2013-cü ilin fevral ayından bu yana ipoteka proqramı ətrafında aparılan müzakirələrin müsbət sonluqla, ciddi islahatlarla yekunlaşacağını deməyə əsas verir".

Ekspert qeyd edib ki, ölkə ictimaiyyəti bu fərmanın Azərbaycan cəmiyyətinə, mənzilə ehtiyacı olan insanlara, istehlakçıya nə verə biləcəyi ilə yanaşı, bazara təsirlərini də düşünür: "Müzakirə etmək, proqnoz vermək, hətta İpoteka Haqqında Qanuna, Mülki Məcəlləyə və digər qanunvericilik aktlarına müvafiq istiqamət üzrə dəyişikliklərlə bağlı təklif vermək yaxşıdır, amma nəticə üçün hələ tezdir.

R.Osmanlı hesab edir ki, kredit məbləği yüz min manata qədər artırılsa da, ipoteka kreditlərinin əlçatanlığını təmin etmək üçün əmək haqqı ilə bağlı tələblər yumşaldılmalıdır.

Praktiki məsələlərə gəlincə, o söyləyib ki, indi aktual olan mövzulardan biri yarımçıq yeni tikililərin ipotekaya cəlb olunması məsələsidir: "Qanunvericilikdə yarımçıq tikili anlayışı kifayət qədər aydın təsvir olunmasa da, inşası tam başa çatmamış tikililər bu qrupa aid olunur. Bu isə o deməkdir ki, hətta tikilib qurtarmış, lakin daxili tamamlama işləri başa çatmamış binalar belə yarımçıq tikilidir. Yəni, həmin tikililərə müvafiq qeydiyyat sənədlərinin verilməsinə qanunvericiliklə birmənalı məhdudiyyət qoyulur ki, bu da daşınmaz əmlak subyektinin alqı-satqı əməliyyatlarına cəlb olunmasını məhdudlaşdırır. Fərmanın 4.2. bəndi bu istiqamətdə problemlərin aradan qaldırılmasına xidmət etsə də, müvafiq normativ hüquqi aktlara dəyişikliklərin edilməsini gözləməliyik".

Ekspert bildirib ki, illik 100, 150 hətta 200 milyon manat vəsait ciddi qiymət artımına gətirib çıxara bilməz: "İlkin dövrdə 2009-cu ilin iyul-sentyabr ayında olduğu kimi, mənzil bazarında cüzi qiymət artımı baş verə bilər. Amma sonradan bu artım stabilləşmə və daha sonra azalma ilə əvəzlənəcək. Araşdırmalar göstərir ki, kəskin qiymət artımları ipotekadan kənar nağd alışları stimullaşdıran addımlar atıldıqda, bazara iri həcmli pul axınları baş verdikdə və bu, proses yalnız mənzil bazarını deyil, bütün daşınmaz əmlak seqmentlərini əhatə etdikdə baş verir və davamlı xarakter daşıyır. Düşünürəm ki, ölkə rəhbərinin bu məsələyə yüksək qayğı ilə yanaşması böyük ehtimalla Mərkəzi Bankın və Maliyyə Nazirliyinin fərmanın icrasından sonra sosial mənzil fondunun formalaşması istiqamətində ciddi düşünməsi və zəruri tədbirlər görməsi ilə nəticələnəcək".

Ceyhun ABASOV

 





05.11.2015    çap et  çap et