525.Az

Azərbaycanda seçki mədəniyyəti artıq formalaşıb


 

AYDIN MİRZƏZADƏ: "BƏZİ QƏRB DAİRƏLƏRİNİN İRADLARI REALLIĞA SÖYKƏNMƏDİYİ ÜÇÜN XARİCDƏ DƏ CİDDİ QƏBUL EDİLMİR"

Azərbaycanda seçki mədəniyyəti artıq formalaşıb<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı "525"ə müsahibə verib.

-Parlament seçkiləri ilə bağlı təəssüratlarınız necədir?

- Azərbaycanda seçkilər demokratik, ədalətli və seçki qanunvericiliyinə uyğun şəkildə təşkil olunub. Seçkinin bütün mərhələlərindəki vəziyyətlə bağlı mətbuatda gedən informasiyalar, ayrı-ayrı iddiaçıların bəyanatları göstərib ki,  seçki demokratik şəraitdə keçib. Bu,  seçkilər bizə Azərbaycanda artıq seçki mədəniyyəitinin formalaşdığını,  seçkiyə marağın artdığını və rəqabət şəraitində hakimiyyətin qanunvericilik qolunun yüksək səviyyədə təşkil olunduğunu nümayiş etdirib.

-Seçkiləri izləmək üçün Azərbaycana səfər edən beynəlxalq müşahidəçilər müsbət qiymətləndirmə apardığı halda, bəzi kənar qüvvələr ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Bu hansı səbəbdən irəli gəlir?

-Seçki haqqında yalnız prosesi müşahidə edən şəxs danışa bilər. Hazırda xaricdə sifariş əsasında fəaliyyət göstərən müəyyən mərkəzlər seçki prosesində heç bir monitorinq aparmadıqları halda ölkəmiz haqqında fikir formalaşdırmaq istəyirlər. Əlbəttəki, bu, ciddi qəbul edilmir. Burada açıq şəkildə qərəzli yanaşma özünü göstərir. Birmənalı şəkildə məlum çevrələrin məqsədi Azərbaycanın nüfuzuna xələl yetirməkdir. Lakin Azərbaycan açıq cəmiyyətdir. Biz  dünyaya sürətlə inteqrasiya edirik. Ölkəmizdə gedən prosesləri həm canlı şəkildə müşahidə etmək, həm də mətbuat vasitəsilə izləmək mümkündür.Ona görə də, müəyyən mərkəzlərin Azərbaycanla bağlı yazdığı fikirlərin heç bir əsası yoxdur. İstənilən halda, onların irəli sürdüyü fikirlər reallığa söykənmədiyi üçün xaricdə də ciddi qəbul edilmir.

- AŞPA daxilində mövcud olan bəzi qruplaşmalar Azərbaycana qarşı kampaniya formalaşdırsa da, seçki zamanı ölkəmizə səfər edən AŞPA monitorinq qrupu proseslə bağlı müsbət fikirlər səsləndirib. Bunu necə qiymətləndirirsiniz?

-Seçki prosesini izləmədən AŞPA-da müəyyən qrupların Azərbaycanda seçki mühiti ilə bağlı fikir bildirməsi sual doğurur. Əgər onlar da istəsəydilər həmkarları kimi ölkəmizə səfər edərək prosesdə müşahidə aparmaq imkanı qazanardılar. Hər halda, nəzərə almaq lazımdır ki, xaricdə Azərbaycanı sevməyən qüvvələr də var. Məlum çevrələr vaxtaşırı olaraq Azərbaycanla bağlı mənfi fikir yürütməyə səy göstərirlər. Məqsəd Azərbaycanı müstəqil siyasət yeritməkdən çəkindirmək, ölkəmizi təsir dairələrinə salmaqdan ibarətdir. Ancaq onların bütün cəhdləri həmişə uğursuzluğa düçar olub.

-Azərbaycanda seçkiləri müşahidə edən bəzi avropalı parlamentarilər də ATƏT-in   Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərə müşahidə missiyası göndərməməsini düzgün qərar hesabe tməyiblər. Bunu sözügedən quruma ciddi siqnal hesab etmək olar?

-ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Bu, qurum müstəqil şəkildə fəaliyyət göstərmir. Büro ATƏT-ə tabe olan adi departament  statusuna malikdir. Lakin bir sıra hallarda onlar özlərini müstəqil fəaliyyət göstərən təsisat kimi qələmə verirlər.

Azərbaycan Büroya əhalinin və seçki dairələrinin sayına uyğun müşahidə qrupu göndərməyi təklif edib. Çünki Büro hər zaman bu meyarlara əsaslanaraq seçki keçirilən ölkəyə monitorinq qrupu göndərib. Lakin bu dəfə Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qeyri-adi mövqe nümayiş etdirərək,  heç bir ciddi əsas irəli sürmədən Azərbaycana müşahidə missiyası göndərməkdən imtina edib. Bununla onlar Azərbaycana qarşı səmimi münasibətdə olmadıqlarını ortaya qoyublar.

Ceyhun ABASOV

 





05.11.2015    çap et  çap et