Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mədəniyyət və turizm müşaviri Murat Karaçanta artıq vəzifəsinin icrasına başlayıb.
Əslən azərbaycanlı olan M.Karaçanta "525"ə müsahibəsində oxucularımıza həm özü barədə daha ətraflı məlumat verdi, həm də görəcəyi işlərdən danışdı.
- Mən oktyabrın 27-dən Bakıda işə başlamışam. Daha öncə İzmirdə turizm idarəsinin müdir müavini vəzifəsində çalışırdım. Təbii ki, mən qardaş ölkədə olmaqdan, çalışmaqdan çox xoşbəxtəm. Biz bir millət iki dövlətik. Bir-birimizi çox sevirik. Biz Azərbaycanın uğuruna, Azərbaycan isə Türkiyənin uğuruna sevinir, kədərimizə də birgə kədərlənirik. Bizim əsas vəzifəmiz də qardaş ölkələrin dostluğunun, əməkdaşlığının daha da genişləndirilməsinə çalışıb, öz töhfəmizi verməkdir. İnşallah iki ölkənin mədəniyyət və turizm sahələrinin inkişafı, qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün çox iş görməyə çalışacağıq. Bir sıra proqramımız var ki, ən yüksək səviyyədə həyata keçirəcəyik.
- Murat bəy, bildiyimə görə daha əvvəl qonaq olaraq Bakıya gəlmisiniz. İndi isə bir müddət burada qalıb, çalışmalı olacaqsınız. Hansı dəyişiklikləri hiss etdiniz?
- Azərbaycanda iki dəfə, 1992-ci ildə və 2014- cü ildə olmuşam. Burada qohumlarım yaşayır. Mən də Azərbaycan övladıyam, əslimiz Gümrüdəndir, yəni orada yaşayan azərbaycanlılardanıq. Amma 1925-ci ildə ailəmiz Ermənistandan Qarsa köçüb və indinin özündə də orada yaşayırıq. Amma dediyim kimi burda qohumlarım var. Qeyd etdiyiniz kimi indi bir müddət burda çalışacam. Əlbəttə, dəyişiklik çoxdur. Bakı çox dəyişib, inkişaf edib, Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bura gəlməyimdən çox sevindim və özümü vətənimdə, evimdə hiss edirəm.
- Azərbaycandan əvvəl hansı ölkədə çalışdınız?
- Vəzifəmlə əlaqəli bəzi ölkələrdə oldum, amma diplomatik sahədə Azərbaycan ilk dövlətdir ki, təyinat almışam.
- Mədəniyyət və turizm istiqamətində hansı işləri görməyi planlaşdırırsınız, nə kimi yeni layihələr nəzərdə tutulub?
- Planlarımız çoxdur. Biz mədəniyyət, turizm sahəsində yeni layihələr, sərgilər keçirməyi düşünürük. Qarşıdakı aylarda turizm sərgisi keçirəcəyik. Dekabrda plovların tanıdılması ilə bağlı bir tədbir də olacaq, sonra isə Tiflis və Batumidə sərgilər təşkil olunacaq, hamısında da iştirak edəcəyik. Planlarımıza əsasən, universitetlərlə, qeyri-hökumət təşkilatları, xüsusilə turizm sahəsinin subyektləri ilə - otellərlə əlaqələrimizi genişləndirəcəyik. Çalışacağıq, iki ölkə arasında, əsasən də turizm müstəvisində əlaqələrimizi maksimum inkişaf etdirək. Fikrimiz var ki, Azərbaycandakı otellərdə çalışan işçilərə Türkiyədən dəvət olunacaq mütəxəssislər tərəfindən təlim keçirilməsinə şərait yaradaq. Bura kart xidmətləri, mətbəx, təmizlik, müştərilərə xidmət və sair sahələrdə təlimlər daxildir. Ən vacib işimiz iki ölkənin qarşılıqlı tanıtımıdır. Bu sahədə əlaqələrimizdən istifadə edərək, fəaliyyətimizi maksimum sürətləndirəcəyik.
- Yeri gəlmişkən, Türkiyədə turizm sektorunda xidmət səviyyəsi çox inkişaf edib. Belə başa düşdüm ki, bu sahədə də təcrübənizi bölüşmək niyyətindəsiniz?
- Bəli belə planlarımız var. Turizm sektorunda xidmətin səviyyəsinin yüksək olması vacibdir. Ona görə də təlimlərin keçirilməsini nəzərdə tutmuşuq.
- Murat bəy, qarşılıqlı olaraq turizm sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz?
- Biz Azərbaycandan daha çox turistin Türkiyəyə getməsini istəyirik. Bilirsiniz ki, Türkiyədə istirahət üçün hər şey var. Dəniz, tarixi yerlər, zəngin mətbəx, mədəniyyət, həmçinin sağlamlıq turizmini qeyd edə bilərik.Sağlamlıq, eko turizm bu gün dünyada turistlərin daha çox maraq göstərdiyi sahələrə çevrilib. Turist həm istirahət edir, həm də sağlamlığı təmin olunur. Bundan başqa qarşıdan qış gəlir. Məlumdur ki, Türkiyə həm də qış turizmi ilə tanınır. Sarıqamış dünyadakı məşhur qış turizmi məkanlarından biridir. Bütün dünyadan qışda ora turistlər gəlir. Təbii biz azərbaycanlıların daha çox gəlməsini istəyirik. İl ərzində Azərbaycandan Türkiyəyə təxminən 650 min turist gəlir. Bunun daha da artması lazımdır. Burda nəqliyyatın rahat və münasib olması da rol oynayır. Əslində, bu, dövlətlərin siyasətindən asılıdır. Mən də başa düşürəm ki, nəqliyyat olmasa, turizm inkişaf edə bilməz. Təyyarə biletlərinin qiymətləri münasib olsa, bu da turist cəlbində böyük rol oynayacaq. Yəni iki ölkə arasında turizm əlaqələrinin güclənməsi bu amildən çox asılıdır.
- Turist üçün həm də getdiyi məkanın təhlükəsiz olması vacibdir. Bəs Türkiyədə son aylarda baş verən PKK terrorunun turist sayına təsiri oldumu?
- Doğrusu bu il turist sayına bir qədər azalma oldu. Bu həm də dünyadakı iqtisadi böhranla bağlıdır. Türkiyəyə Rusiyadan daha çox turist gəlir.Amma son hadisələrdən sonra Rusiyadan, Ukraynadan gələn turistlərin sayı azaldı. Burda iqtisadi sanksiyaların da rolu oldu. Təbii ki, qeyd etdiyiniz Türkiyədəki son terror hadisələrin də rolunu inkar eləmək olmaz. Tutaq ki, bir əcnəbi gəlmək istəyir, deyirlər, getmə, Türkiyədə müharibədir, orda PKK var, İŞİD var; o da qorxur və səfər proqramını təxirə salır. Özü də tək Türkiyə deyil, məsələn, Tunisdə bir müddət əvvəl baş verən terror hadisəsi, Misirdə Rusiya təyyarəsinin qəzaya uğraması, yəni bütün bunlar dünya ölkələrində turist sayının azalmasına təsir edir. Nəticədə isə bütövlükdə turizm sektoruna ziyan dəyir. Amma yenə deyirəm: bunlar iqtisadi böhranın təsiri ilə müqayisədə kiçik görünür. Bilirsiniz, Türkiyə turizm mənbəyidir. Bizdə tarixi abidələr, saysız muzeylər, əsrarəngiz təbiət, termal bulaqlar, dəniz, dağ, meşə - hər şey var. Hazırda havalar soyuyub, amma Türkiyədə dediyim kimi dünyalarca məşhur qış turizmi mövcuddur. Bundan əlavə, Türkiyədə çox geniş mədəniyyət və mətbəx var. Hər vilayətin, hər bölgənin özünəməxsus yemək növü mövcuddur. Ümid edirik ki, gələn il turist sayı daha da artacaq.
- Murat bəy, mədəniyyət sahəsində nə kimi işlər görməyi planlaşdırırsınız?
- İlk öncə filmlərin nümayişi, konsert proqramlarının təşkilini nəzərdə tutmuşuq. Bundan başqa Türkiyənin qədim sənət nümunələri də burda nümayiş oluna bilər. Mədəniyyətlə bağlı tədbirlər planımız genişdir. İnşallah həyata keçirəcəyik. Bütün tədbirlər isə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da inkişafına yönəlib. Biz qardaş ölkələr olaraq bir-birimizi daha çox yaxından tanımalıyıq.
PƏRVANƏ