525.Az

Balkanların enerji bazarı uğrunda mübarizə


 

ELXAN ŞAHİNOĞLU: "AZƏRBAYCAN TÜRKİYƏ VƏ AVROPA İTTİFAQIYLA BİRGƏ TAP LAYİHƏSİNİN REALLAŞDIRILMASINI SÜRƏTLƏNDİRMƏLİDİR"

Balkanların enerji bazarı uğrunda mübarizə<b style="color:red"></b>

"Gürcüstan Rusiyadan qaz almaq istəyir. Gürcüstanın enerji naziri Kaxa Kaladze artıq bu məqsədlə Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlara başlayıb. Bu danışıqlar Azərbaycanın da diqqət mərkəzindədir. Çünki Gürcüstan uzun müddətdir ki, yalnız Azərbaycandan qaz alır və bu, hər iki ölkənin maraqlarına cavab verir".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, "Qazprom" şirkətinin Gürcüstanda fəallaşması SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) üçün qonşuluqla rəqabət mühiti yaradır: "Qazprom" başqa bazarlarda daha çox pay sahibi olmaq istəyir".

Politoloq xatırladıb ki, oktyabrın 27-də Monteneqronun baş naziri Milo Cukanoviç Azərbaycana səfər edib: "O Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə də görüşüb. Bu görüşdə iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən qazı Avropaya nəql edəcək "Cənub" qaz dəhlizi layihəsi çərçivəsində işlər uğurla davam etdirilir. Azərbaycanın təşəbbüsü və qonşu ölkələrin fəal iştirakı ilə reallaşan "Cənub" qaz dəhlizi transmilli layihədir. Buna cavab olaraq Milo Cukanoviç qeyd edib ki, Monteneqro "Cənub" qaz dəhlizi layihəsinin Avropa hissəsini təşkil edən "Trans-Adriatik" (TAP) qaz boru kəmərinin genişləndirilməsində və TAP-la bu ölkəyə də Azərbaycan qazının çatdırılmasında maraqlıdır. Milo Cukanoviç SOCAR-ın Albaniyada qaz şəbəkəsinin yaradılmasında iştirakının əhəmiyyətini vurğulayıb. O, gələcəkdə SOCAR-ın Monteneqronun da qazlaşdırılması prosesində iştirakına ümidvar olduqlarını bildirib".

E.Şahinoğlu qeyd edib ki, eyni günlərdə Milo Cukanoviç Rusiya hakimiyyətini kəskin tənqid edib: "Məsələ burasındadır ki, Monteneqroda NATO əleyhinə mitinqlər keçirilir. Monteneqronun baş naziri Rusiyanın bu mitinqləri dəstəklədiyini və bununla ölkəsinin daxili işlərinə qarışdığını deyib".

Politoloq hesab edir ki, Monteneqro prezidenti Azərbaycanı qazının ölkəsinə və qonşularına çatdırılmasında maraqlıdır: "Bu, Moskvanın maraqlarına cavab vermir. "Qazprom" Şərqi Avropanın qaz bazarını itirmək istəmir. Ona görə də Moskva müxtəlif yollarla bu dövlətlərə təzyiq etmək istəyir".

Mərkəz sədri bildirib ki, Rusiya ilə Azərbaycan arasında Serbiyanın enerji bazarı uğrunda da rəqabət gedir: "Serbiyanın baş naziri Aleksandr Vuçiç ötən həftə Moskvaya səfər edərək Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyevlə görüşüb. Serbiya Avropa Birliyinə üzv olmaq üçün Brüssellə danışıqlarını davam etdirsə də, Rusiya ilə ənənəvi sıx əlaqələrini də qoruyur. Avropa ölkələrindən yalnız Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Rusiya da bundan istifadə edərək Serbiyaya qaz satışını artırmaq istəyir. Rusiya qazının Serbiyaya "cənub axını" layihəsi ilə çatdırılması planlaşdırılıb. Ancaq daha sonra Rusiya bu layihədən imtina edib. İndi Moskva diqqəti "türk axını" layihəsinə yönəldib. Rusiya bu boru xətti ilə gələcəkdə Serbiyaya qaz satmaq istəyir. Ancaq bunun üçün "türk axını"ndan Serbiyaya əlavə olaraq xətt çəkilməlidir".

E.Şahinoğlu əlavə edib ki, Serbiyanın Rusiya ilə yanaşı Azərbaycanla da münasibətləri yaxşıdır: "Belqrad Azərbaycan qazına da maraq göstərir. Serbiya Azərbaycan qazını TAP vasitəsilə almaq istəyir. Bu baxımdan "Qazporm"la SOCAR-ın Serbiyanın da qaz bazarı uğrunda rəqabəti güclənib.

Bu rəqabətdə kimin qalib gələcəyini hansı boru xəttinin - "Türk axını"nın və ya TAP-ın birinci inşa olunacağından asılıdır. Rusiya "Türk axını"nın TAP-dan əvvəl tikilməsinə çalışır. Bunun üçün Moskva Ankaranı tələsdirir. Ancaq Ankara Azərbaycanın geridə olmasını istəmir və ona görə də "türk axını" məsələsində gözləmə mövqeyinə keçib. Həmçinin Rusiyanın Suriyada hərbi fəallığını artırması da Ankaranın xoşuna gəlmir. Suriya məsələsinə görə yaranan fikir ayrılığı "türk axını" layihəsini gecikdirə bilər. Bu vəziyyət Azərbaycanın xeyrinədir. Rəsmi Bakı zamandan doğru istifadə edərək Türkiyə və Avropa Birliyi ilə birgə TAP layihəsinin reallaşdırılmasını sürətləndirməlidir. Bu məsələdə Vaşinqton da Bakıya dəstək verir".

Ceyhun ABASOV

 





05.11.2015    çap et  çap et