525.Az

"Azərbaycan qadını" jurnalının payız buraxılışı


 

"Azərbaycan qadını" jurnalının payız buraxılışı<b style="color:red"></b>

Bu günlərdə işıq üzü görən "Azərbaycan qadını" jurnalının payız buraxılışında oxuculara bir-birindən maraqlı bədii-publisistik yazılar, eləcə də ölkəmizin həyatında parlaq hadisəyə çevrilən mühüm beynəlxalq layihələri əks etdirən materiallar təqdim olunub.

Jurnalin səhifələrində yer alan "Azərbaycan-Vatikan: Dinlərarası dialoq" yazısında Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanım Mehriban Əliyevanın martın əvvəlində Vatikana rəsmi səfərindən bəhs olunur.

"Atəşgahda alovlanan məşəl" yazısında isə "Bakı-2015" ilk Avropa Oyunlarından danışılır: "Aprelin 26-da Azərbaycanda tarixi hadisə yaşandı: Avropa Oyunları ilk odunu qədim atəşgahdan aldı... Dünyanın idman tarixində yeni səhifə yazıldı və əsrlərin yadigarı olan məbəddə "Bakı-2015"in məşəli alovlandırıldı".

İlk Avropa Oyunlarından bəhs olunan "Odlar yurdunun Olimpiya alovu" yazısında Azərbaycanın birinci xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışı verilib.

Oxuculara təqdim olunan "III qlobal Bakı Forumu: Müasir dövrün çağırışları" məqaləsində müzakirə olunan məsələlərdən söhbət açılır. "Mehriban Bakı..." yazısında isə ölkəmizin memarlıq nümunələrindən və funksional tikililərdən biri olan Bakı Konqres Mərkəzinin açılışından bəhs olunur. "Tarixə yeni baxış: Hədəf Bakıdır" məqaləsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filmi haqqında məlumat verilir. Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından - neft uğrunda savaş prizmasından yanaşılır.

Bu ilin mayında Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilib. Bu haqda "Şəxsiyyət və zaman" yazısında ətraflı məlumat verilir.

"Tarixi əlaqələr yeni mərhələdə" yazısında Vyetnam Sosialist Respublikasının Prezidenti Çionq Tan Şanqın mayın ortalarında Azərbaycana rəsmi səfərindən bəhs olunur.

Pakistan İslam Respublikasının rəhbəri Məmnun Hüseynin ölkəmizə səfəri haqqında məlumatlar "Ali missiya, ali mükafat" materialında yer alıb. Səfər çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva Pakistanın ali dövlət mükafatı - "Hilal-e-Pakistan" ordeni ilə təltif olunub.

Azərbaycanda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi ənənə halı alıb. Bu tədbirlər sırasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi yeri var. Forum artıq üçüncü dəfə Bakıda təşkil olunub. Bu haqda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" yazısında ətraflı söhbət açılır.

Ölkəmizdə böyük təntənə ilə keçirilən IV Beynəlxalq muğam festivalında "Heydərbabaya salam" poeması əsasında yazılan kantatanın premyerası "Novruzgülü, qarçicəyi açanda..." materialında təqdim edilib. Bakıda təşkil edilən Mstislav Rostropoviç adına VIII Beynəlxalq musiqi festivalı ilə bağlı mühüm məqamlar "Tükənməz yaradıcılıq eşqiylə" yazısında əksini tapıb. "Rəssamlar dünyanın şəklini çəkdi..." yazısında - bu il Azərbaycanın 56-cı Venesiya Beynəlxalq İncəsənət Sərgisində nümayiş olunan "Hüdudları aşaraq" və "Vita-Vitale" sərgilərində danışılır: "Dünənin və bu günün əks olunduğu bu sərgilər tamaşaçıları gah daha yaxın keçmişə dəvət edir, gah da müasir dövrün aktual problemləri haqqında düşünməyə çağırırdı..."

Jurnalın yeni nömrəsində oxucular "Ötüb keçərkən" yazısı ilə tanış olacaqlar: "Aida Mahmudovanın Nyu-Yorkun "Leila Heller" qalereyasında açılan "Ötüb keçərkən..." sərgisi şəhər mühitinin lirik ab-havasını görməyə və hiss etməyə imkan verir".

"Rənglərin ahəng qanunu" yazısında Azərbaycanın gənc dizayneri Fidan Ələkbərlinin, "Notların sehirli nağılı"nda Oqtay Zülfüqarovun həyat və yaradıcılığı öz əksini tapıb. "Bülbülün vəfalı yarı" yazısında isə Adelaida xanımın həyatını həsr etdiyi Bülbülün mədəni irsinin tədqiqindən və təbliğindən danışılır.

"Zərif gücün təntənəsi" məqaləsində "Bakı-2015" Birinci Avropa Oyunlarında qalib gələn qadın idmançılarımızdan bəhs olunur.

"Azərbaycan qadını" jurnalının payız buraxılışında, həmçinin oxucular "Musiqi məqamı" yazısında Əməkdar artıst Nərgiz Əliyarbəyovanın, "Şüşədə gizlənən reallıq" yazısında fotoqraf-rəssam Fəxriyyə Məmmədovanın, eyni zamanda, gənc bəstəkar və musiqiçilərin yaradıcılığı ilə tanış olacaqlar.

S.ABDULLAYEVA

 





05.11.2015    çap et  çap et