525.Az

Türkiyənin "dönüş nöqtəsi": geosiyasi qeyri-müəyyənlik və seçkinin nəticələri


 

Türkiyənin "dönüş nöqtəsi": <b style="color:red">geosiyasi qeyri-müəyyənlik və seçkinin nəticələri</b>

Yaxın Şərqdə müşahidə edilən ziddiyyətli geosiyasi proseslər fonunda Türkiyədə keçirilən növbədənkənar parlament seçkisinin nəticələrinin təhlili böyük əhəmiyyət kəsb edir, çünki ölkənin bundan sonrakı inkişaf perspektivləri xeyli dərəcədə həmin məsələdən asılı olacaq.
 
Daxildəki sosial-siyasi proseslərin məzmunu bu baxımdan prinsipial əhəmiyyətə malikdir. Türkiyənin strateji hədəfləri ilə indiki reallıq arasında olan nisbətin nəzərə alınması da olduqca aktualdır. Cəmiyyət artıq seçimini edib və hakim Ədalət və İnkişaf Partiyasına səs verib. Türkiyənin gələcəyi üçün bunun nə kimi rol oynayacağını zaman göstərəcək. Ancaq indidən özünü göstərən bir sıra məqamları da arxa plana atmaq doğru olmazdı.

Cəmiyyətin seçimi: sabitlik və əmin-amanlıq

Türkiyədəki növbədənkənar parlament seçkisinə ekspertlər müəyyən mənada "dönüş nöqtəsi" kimi baxırdılar. Ölkə ya demokratik yolla inkişafa davam edəcək, ya da daxili ixtilaflar girdabına düşəcəkdi. Belə ehtiyatlı proqnozlar üçün səbəb son zamanlar burada separatizmin yenidən vüsət alması olmuşdu. PKK-nın həyata keçirdiyi terror aktları və onlara qarşı ordunun başladığı əməliyyatlar faktiki olaraq ölkədə sabitliyə təsir göstərirdi. Doğrudur, Türkiyə Silahlı Qüvvələri çox uğurlu hərbi əməliyyatlarla terrorçuların xəyallarını puç etdi. Ancaq Yaxın Şərqdə gərginliyin yeni məzmun alması və Qərb dövlətlərinin regiondakı bir sıra qruplara dəstək verməsi pessimist əhval-ruhiyyələr yaradırdı. Prezident Rəcəb Tayyib Ərdoğan isə Türkiyə xalqına açıq surətdə bəyan etdi ki, terror uzun sürəcək, çünki onu həyata keçirənlərə Qərb yardım edir.

Türkiyə daxilində və regionda gərginliyin eyni vaxtda mövcud olması seçkinin nəticələrinə nə kimi təsir göstərə bilərdi? Bu sualın cavabından çox şey asılı idi. Qardaş dövlət növbəti dəfə sübut etdi ki, müstəqil siyasi kursunu davam etdirməkdə və dövlətçiliyi qətiyyətlə qorumaqda israrlıdır. Türkiyə xalqı da demokratiyaya və inkişafa səs verdi. Məsələ yalnız hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) 49,48 faiz (317 millət vəkili mandatı) səslə qalib gəlməsində deyil. Türkiyəlilər milliyyətçiliyin (etnik mənsubiyyətindən asılı olmayaraq) də müasir dünyanın tələblərinə cavab vermədiyini nümayiş etdirdilər. Belə ki, Milliyyətçi Hərəkat Partiyası (MHP) cəmi 11,9 faiz (40 mandat), Xalqların Demokratik Partiyası (HDP) isə 10,75 faiz (59 mandat) səs toplaya bildi. Bunlardan fərqli olaraq, "laikliy"ə (dünyəvilik) üstünlük verən Cümhuriyyət Xalq Partiyasına (CHP) verilən səslər iyun ayına nisbətən artaraq 25,3 faiz (134 mandat) təşkil etdi.

Bu rəqəmlər Türkiyə cəmiyyətinin siyasi-ideoloji xəttini aydın göstərir. Belə görünür ki, qonşu ölkədə artıq məhdud milliyyətçi dünyagörüşü perspektivli hesab edilmir. Maraqlıdır ki, milliyyətçi elektoratın bir qisminin ƏİP-ə səs verdiyi haqqında informasiyalar daxil olur. Bu mənzərədən bir sıra nəticələr çıxarmaq olar.

Hər şeydən əvvəl, Türkiyə cəmiyyət olaraq yeni inteqrasiya formasına keçid etməkdədir. Əvvəlki dövrlərdən fərqli olaraq, indi etnik mənsubluq aparıcı rol oynamır. Cəmiyyət daha çox modern və mötədil dini dünyagörüşü ətrafında birləşməyə meyllidir. Bu, avtomatik olaraq tayfaçılıqdan, etnik mənsubluqdan siyasi spekulyasiyalar üçün istifadə etmək imkanlarını xeyli məhdudlaşdırır. Şübhəsiz ki, belə bir dəyişiklik bir sıra kənar qüvvələrin anti-Türkiyə fəaliyyətinin də perspektivini azaldır. Sirr deyil ki, onlar son zamanlar kürd və erməni faktorundan süni olaraq yararlanmağa çalışırdılar.

Lakin burada Türkiyə cəmiyyəti üçün əhəmiyyətli olan başqa bir məqam da var. Məsələ dini dünyagörüşü ilə demokratik sosial-siyasi dəyərlərin müasir tələblərə uyğun sintezini tapmaqdan ibarətdir. Ankara bu istiqamətdə aktiv axtarışları davam etdirir. Rəsmi dairələrin dediyinə görə, bu məsələ yeni Konstitusiyada öz əksini tapacaq. Bunun üçün isə ilk növbədə terror qruplarının silahı yerə qoyması lazımdır. PKK və ona yaxın olan qrupların bu addımı atıb-atmayacağı məlum deyil. Çünki kənar qüvvələrin onlara nə dərəcədə dəstək verməsindən çox şey asılıdır. Problemin yaxın illərdə həll ediləcəyini də proqnozlaşdırmaq mümkün deyil. Bunu "terror uzun sürəcək, çünki..." deyən dövlət başçısı Ərdoğanın sözləri də təsdiq edir.

Geosiyasi mübarizə: kənar təsirlər və daxili reallıqlar işığında

Deməli, Türkiyədəki seçkinin nəticələri iki məqamı vurğulamağa əsas verir. Birincisi, ölkə daxilində siyasi qeyri-müəyyənlik xeyli azala bilər. Cəmiyyət ƏİP-in həyata keçirdiyi siyasəti bütövlükdə dəstəkləməklə sabitliyin qorunmasında iqtidara yardım etməyə çalışacaq. Bunu müsbət tendensiya kim qiymətləndirmək olar. Lakin, ikincisi, regional miqyasda davam edən gərginlik və geosiyasi qeyri-müəyyənlik kənardan mənfi təsirlərin ola biləcəyini istisna etmir. Buraya Türkiyə daxilində separatizmi alovlandırmağa çalışan dairələrin fəaliyyətini də əlavə etmək gərəkdir. Bu aspektdə HDP-nin mövqeyindən bir sıra məsələlər asılı olacaqdır.

Göründüyü kimi, Türkiyədəki seçki bir tərəfdən cəmiyyətin iradəsini ortaya qoydusa, digər tərəfdən, gərgin mübarizənin hələ irəlidə olduğuna da işarə etdi. Əslində, rəsmi Ankara bunu inkar etmir. Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu xalqa müraciətlərində əsas hədəfin 2023-cü il olduğunu xüsusi vurğulayırlar. Həmin müddətə Türkiyə yüksək inkişaf etmiş və müasir texnologiyalara malik demokratik dövlət halına gəlməlidir. Buna nail olmaq üçün cəmiyyət 2019-cu ildə də ƏİP-in yeritdiyi siyasəti dəstəkləməlidir. Bütün bunlar onu göstərir ki, Türkiyə iqtidarı ağır və strateji yüklü bir mübarizəyə hazırlaşır.

Ölkənin həmin məqsədlərə çatmaq üçün kifayət qədər potensialının olduğuna şübhə yoxdur. Son illər ölkə iqtisadiyyatında dirçəliş müşahidə olunur. Ancaq böhranı da inkar etmək olmaz. Hətta Türkiyənin keçmiş prezidenti Abdullah Gül hesab edir ki, axırıncı illər ölkənin inkişafı çox ləngiyib və ƏİP bu nöqsanı aradan qaldırmalıdır. Bu vəzifənin öhdəsindən hakimiyyətin necə gələ biləcəyini zaman göstərəcək. Onu deyək ki, rəsmi Ankara çox nikbindir.

Məsələnin digər tərəfi qlobal və regional geosiyasətdə özünü göstərəcək tendensiyalara bağlıdır. İndi Yaxın Şərqdə həm ixtilaflar dərinləşir, həm də böyük güclərin bölgəyə təsirləri artır. Artıq ABŞ, Avropa və Rusiya burada aktiv rəqabət aparırlar. Təsir vasitəsi kimi isə əsas olaraq hərbi gücdən istifadə edilir. Ekspertlərin proqnozuna görə, əgər proseslər bu yöndə inkişaf edərsə, silahlı toqquşmalar yeni səviyyəyə qalxacaq. Təcrübə göstərdi ki, İŞİD-ə qarşı istifadə edilən üsullar yetərli deyil. İndi bu terror təşkilatı Suriya və İraqda yeni hücumlara hazırlaşır. Onların qırıcı təyyarələri belə vurduğu haqqında informasiyalar yayılır. Son olaraq İŞİD Kərkükdə gərginliyi artırmağa cəhd edib. Belə görünür ki, bu təşkilatın real gücü etiraf ediləndən çoxdur.

Müəyyən mərhələdə həmin terror qruplaşmasından geniş miqyasda Türkiyəyə qarşı istifadə edilməsi də istisna olunmur. Hazırda İŞİD-in Mərkəzi Asiya və Rusiyaya yönəlik təhdidləri barədə məlumatlar yayılır. Bunun arxasında nələrin dayandığını yaxın perspektiv göstərəcək. Türkiyənin demokratikləşmə və inkişaf kursuna həmin faktor nə kimi təsir göstərə bilər? Bir sıra ekspertlər həmin aspektdə hələlik qeyri-müəyyənliyin qalacağını düşünürlər. Yəni mümkündür ki, İŞİD faktoru Türkiyə üçün ciddi problemə çevrilsin.

Digər tərəfdən, Türkiyənin müstəqil siyasət yeritməsinə Qərbin qısqanc münasibət bəsləməsini kənara qoymaq olmaz. Sirr deyil ki, Ankara hərbi və iqtisadi sahələrdə başqalarından olan asılılığını nə qədər azaltmağa çalışırsa, bir o qədər də təxribatlarla üzləşir. Yeni texnologiyaların tətbiqi, avtomobil, təyyarə, tank istehsalında və müxtəlif yeni sferalarda Türkiyənin yerli mütəxəssislərə üstünlük verməsinə qarşı Qərbdən konkret addımlar atıldığı məlumdur. Bu tendensiya dayanacaqmı? Buna inanmaq çətindir. Bu səbəbdən, Türkiyənin kənardan olan mənfi təsirlərə hələ uzun müddət sinə gərməli olacağı nəticəsini çıxarmaq mümkündür.

Geosiyasi qeyri-müəyyənliyin mövcudluğu və seçkinin nəticəsinin müqayisəsi bütövlükdə Türkiyə üçün hələlik cavabsız sualların mövcud olduğunu deməyə əsas verir. Ankaranın bu ziddiyyətdən necə çıxa biləcəyindən çox şey asılıdır. Bunlarla yanaşı, həm Türkiyədə, həm də Azərbaycanda keçirilən seçkilər dünyaya bu iki türk dövlətinin müstəqil siyasət yeritməkdə qərarlı olduğunu nümayiş etdirdi. Həm regional, həm də qlobal miqyasda sabitlik, təhlükəsizlik və davamlı inkişafın taleyinə birbaşa aidiyyəti olan məsələnin olduqca böyük əhəmiyyəti vardır. Azərbaycan və Türkiyə böyük enerji layihələrinin aktiv iştirakçılarıdır. Hər iki ölkədə keçən seçkilər göstərdi ki, Bakı və Ankara həmin missiyalarını inamla yerinə yetirməkdədirlər. Bu, xeyli dərəcədə Cənubi Qafqazda pozuculuq fəaliyyətinə üstünlük verən qüvvələrin əl-qolunu bağlayır. Həmin kontekstdə Türkiyə və Azərbaycanda keçirilən parlament seçkilərinin tarixi əhəmiyyət daşıdığını demək olar. Bunu zamanın da sübut edəcəyinə inanırıq.

Newtimes.az

 





05.11.2015    çap et  çap et