525.Az

Aynur Camalın saytı Akademiyanın yubileyi ərəfəsində alimləri necə təhqir etdi?


 

Aynur Camalın saytı Akademiyanın yubileyi ərəfəsində alimləri necə təhqir etdi?<b style="color:red"></b>

Uzun illərdən bəri mətbuat sahəsində fəaliyyət göstərən və daha çox neqativ təəssüratlarla yadda qalan bu xanım daim fövqəladə bir iddia ilə diqqət mərkəzində olmağa, kimlərdənsə üstün görünməyə çalışsa da, bu cəhdlər həmişə iflasa uğrayıb.

Hələ onun bir vaxtlar "Yeni Müsavat" qəzetində üsyankar jurnalist cildində yazdığı yazıları, daha sonra necə millət vəkili olması və deputat kimi necə fəaliyyət göstərməsini demirik - bu barədə çox danışılıb, çox yazılıb, necə deyərlər, hər şey hamıya bəllidir.

Bir qədər də keçir, qəfil bu xanıma xüsusi imtiyazlar verilir və "iştah diş altındadır" deyib, qəzet, bir neçə sayt, hətta televiziya açmaq həvəsinə düşür. Ölkənin tanınmış jurnalistlərini, yazarlarını ətrafına toplayıb, yeni medianın flaqmanı olmaq hikkəsi ilə, bu dəfə bir başqa ampluada meydana atılan xanım hər addımda səhvlərə yol verir. Nə sabit kollektiv yarada bilir, nə də nüfuzlu bir media nümunəsi ortaya qoymağa nail olur. Əvəzində ictimai rəyi çaşbaş salan, İP xatirinə oxuculara sırınan bəsit və yalançı hay-küy yaradan materiallar "yeni media və flaqman" arzularını iflasa uğradir. Hətta məsələ ciddiləşərək ən yuxarı səviyyələrdə müzakirə mövzusuna da çevrilir. Ötən yay - hərbi mövzuların mətbuatda işıqlandırılması ilə bağlı məsələlər ciddi müzakirə mövzusuna çevriləndə bu xanım rəhbərlik etdiyi media orqanlarının yol verdiyi səhvlərə görə ölkənin bütün KİV rəhbərlərinin qarşısında Prezident Administrasiyası rəhbərindən üzr istəyir və az sonra patronu olduğu saytlardan bir neçəsi uğursuz layihə kimi bağlanmalı olur.

Amma patron xanım yenə hikkə və iddialarından əl çəkmir. Çox keçmir, şirin vədlərlə ətrafına yığdığı istedadlı qələm adamları, hər şeyin yalnız boş vədlərdən ibarət olduğunu anlayıb oradan uzaqlaşırlar. Və ətrafı pərən-pərən olan bu xanım, Kəramət Böyükçölün ümidinə qalır. Beləcə, "vuran əl layihəsi" işə düşür.

Kəramət Böyükçöl deyilən məxluqun isə kimliyi göz önündədir. Bu kəs indiyəcən kimləri təhqir eləməyib? Onun yazılarından Əhməd Cavaddan tutmuş Bəxtiyar Vahabzadəyə qədər Azərbaycan ədəbiyyatında xüsusi yeri olan klassiklər dəfələrlə Aynur Camalqızının saytlarında təhqir hədəfinə çevriliblər. Bu zaman heç bir dəyər, ölçü hissi gözlənilməyib - təki sayt gündəmdə qalsın. Bu xanım bir qayda olaraq İP ilə qürrələnir. Axı, bundan asan nə var ki? Ən ziyanlı, avantürist fikirlərlə diqqət çəkmək nə çətin işdir ki? Bunu psixoloji problemləri olan xəstə təfəkkürlü adamlar da bacarar.

Bu günlər Azərbaycanın ən mötəbər elm ocağı - Milli Elmlər Akademiyası  özünün 70 illik yubileyinə hazırlaşır. Bir neçə gün öncə keçirilən bir tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə yubileylə bağlı məsələyə də toxunaraq xüsusi vurğuladı ki, Akademiyanın üçmərtəbəli, böyük Elektron kitabxanası tikilib. A.Əlizadə daha sonra bu kitabxananın Azərbaycan Prezidentinin Akademiyaya yubiley hədiyyəsi olduğunu və çox az-az dövlət başçılarının öz ölkələrinin Akademiyalarına belə qayğı ilə yanaşdıqlarını bildirdi.

Belə bir vaxtda, yubiley ərəfəsində Aynur Camalqızının rəhbəri olduğu "teleqraf.com" saytında bu ali elm ocağını və alimlərimizi təhqir edən "Elmlər Akademiyasının yeməkxanası" adlı yazı peyda olur. Sükan arxasında oturan, daha doğrusu, şillə vuran rolunda, təbii ki, yenə də Kəramət Böyükçöldür.

Yazıya baxaq:

"Milli Elmlər Akademiyasının yaxşı bir yeməkxanası var. Ona görə yaxşı deyirəm ki, ucuzluqdur, iki-üç manatla günortanı yola verə bilirsən. Elə ucuzluğuna görə orda adam həmişə çox olur. Yeməkləri hüzr yerinin yeməklərinə oxşayır. Ayran, dovğa, göy-göyərti, düyü...

Bakı Dövlət Universiteti ilə Akademiya yaxın qonşudur. Universitetin işçilərinin çoxu günortanı həmin yeməkxanada yola verir. Hərdən mən də Akademiyanın dadlı-duzlu yeməklərindən dadıram. Hər dəfə orda çörək yeyəndə elə bilirəm ki, Azərbaycan elminin ehsanını yeyirəm".

Bir qədər sonra isə:

"...Nədənsə Akademiyanın yeməkxanasında son mənzərə məni sarsıtdı...

Alim çörəyi fəhlə kimi yeyir... yeməkxanaya diqqətlə fikir versən, sənə elə gələr ki, bu adamlar yazı yazmırlar, daş daşıyırlar, yer qazırlar, suvaq vururlar. Hamısının gözündən yuxu tökülür, elə bil bura Akademiya deyil, həbsxanadır".

Bu da müəllifin və saytın Azərbaycan elminə və alimlərinə münasibəti. Yeni media budurmu?  Bütün dəyərləri ayaqlar altına salıb tapdala, təki səs-küy yarat, təki saytını oxuyan olsun, təki İP-lərin arası kəsilməsin.

Hələ bu yazının müəllifi Bakı Dövlət Universitetində işləyir. Utanıb-qızarmadan hər gün üz-üzə gəldiyi alimləri təhqir eləməsi azmış kimi, BDU kimi qədim və ənənələri olan təhsil ocağına da çamur atmaqdan çəkinmir. Görün nə deyir?

Yenə yazıdan sitat gətirək:

"...Bu yaxınlarda bir dostum mənə deyir ki, niyə universitetdə elmi iş götürmürsən?

- Niyə götürüm? Axı mənim elmə həvəsim yoxdur.

- Həvəsin olmasa da götür, dostun-tanışın çoxdur, tapşırsınlar, birtəhər müdafiədən keçir. Universitet yaxşı yerdir.

- Universitetin nəyi yaxşı yerdir? - sual verirəm".

Bəli, bunu yazan kəs hər gün həmin o "yaxşı olmayan yerə" işə gedib-gəlir, akademiklərlə, professorlarla üz-üzə gəlir və onları təhqir eləməkdən zövq alır.

Ümumiyyətlə, K.Böyükçölə hansısa mənəvi dəyər, ölçü hissi yaddır. Bu adam üzvü olduğu, həyatında mühüm rol oynamış bir qurum - Azərbaycan Yazıçılar Birliyi haqda da müxtəlif vaxtlarda təhqiramiz yazılar yazıb, fikirlər söyləyib, qurumun rəhbərliyində təmsil olunan xalq yazıçıları və xalq şairlərinin ünvanına etikadan kənar ifadələr işlədib. Bu davranışlarına görə hətta onun bu qurumun üzvlüyündən kənarlaşdırılması məsələsi də gündəmdədir.

Bəs, görəsən, BDU-nu və alimləri aşağılayan bu yazıdan sonra hörmətli Abel Məhərrəmov belə bir məxluqun hər gün müqəddəs ocağı zəhərləməsinə imkan verəcəkmi? Bəs, Akademiyanın alimləri nə cavab verəcək bu təhqirlərə?

Aynur Camal isə, yəqin ki, yenə öz şou yaratmaq, İP qazanmaq təşnəliyini tərgitməyəcək, yüksək qonorarla bu adamın cəmiyyətimizin dəyərlərini aşağılamasına şərait yaratmaqda davam edəcək!

Belələrinin yazılarında Azərbaycanın dəyərlərini təhqir eləmələri nə qədər qəbuledilməz və dözülməzdirsə, onlara meydan vermək,  hədyan və təhqir dolu yazılarını yayımlamaq da bir o qədər məsuliyyətsizlikdir. Bu yolla populyarlıq qazanmağa çalışaraq yeni media yaratmaq xülyası ilə yaşamağın sonu isə iflasdır.

AZAD

 





06.11.2015    çap et  çap et