525.Az

Ali Neft Məktəbində AMEA-nın 70 illik yubileyi qeyd olunub


 

Ali Neft Məktəbində AMEA-nın 70 illik yubileyi qeyd olunub<b style="color:red"></b> Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
 

BANM-dən 525.az-a bildirilib ki, tədbirdə BANM-in rəhbərliyi,  professor-müəllim heyəti və tələbələri, AMEA-nın vitse-prezidenti, əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, Akademiyanın digər üzvləri iştirak ediblər.
 
Rektor Elmar Qasımov AMEA-nın 70  ildə keçdiyi şərəfli tarixi yolundan danışaraq, ölkədə elmin milli sərvət kimi formalaşdırılmasında, yüksəkixtisaslı kadrların hazırlanmasında və Azərbaycanda elm cəmiyyətinin  inkişafında Akademiyanın müstəsna rolu olduğunu qeyd edib.  Azərbaycanda müstəqillik əldə edilən dövrdən dövlət tərəfindən bütün sahələrə, o cümlədən elmə böyük diqqət və qayğı göstərildiyini deyən rektor, Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı strategiyasının aparıldığını və hazırda bu strategiyanı uğurla davam etdirən prezident İlham Əliyevin 2014-cü ildə “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamından söz açıb.
 
 E.Qasımov, həmçinin Akademiyanın dövlətçiliyin möhkəmləndirilməsində rolundan və  cəmiyyətin sosial-iqtisadi tərəqqisinə verdiyi töhfələrdən bəhs edib. Sonda rektor AMEA-nın heyətinin bütün üzvlərinə elmi fəaliyyətlərində daha böyük uğurlar və nailiyyətlər arzulayıb.
 
Akademik İsa Həbibbəyli öz çıxışında Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılması, elmi müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının 70 il ərzində keçdiyi tarixi yolundan, inkişafından və əldə etdiyi uğurlardan ətraflı danışıb. İ. Həbibbəyli dövlət tərəfindən AMEA-nın fəaliyyətinə göstərilən qayğıdan bəhs edərək, Heydər Əliyevin 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilməsi haqqında tarixi Fərman imzaladığını xatırladıb və həmçinin  2003-cü il tarixli Fərmanın AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin yaratdığını, Akademiyanın fəaliyyət dairəsinin genişləndirdiyini, elmin davamlı inkişafını təmin etdiyini qeyd edib.
 
Tədbirdə çıxış edən AMEA-nın digər üzvləri Akademiyadakı çoxsahəli fəaliyyətlərindən, əldə etdikləri elmi nailiyyətləri ilə tədbir iştirakçıları ilə bölüşüb və keçirilən tədbirə görə BANM-in rəhbərliyinə öz təşəkkürünü bildiriblər.
 
Tədbirin sonunda AMEA-nın 70 il ərzində keçdiyi tarixi yolu, fəaliyyətini əks etdirən film nümayiş olunub.

Vəfa MƏMMƏDLİ
 





06.11.2015    çap et  çap et