525.Az

XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin yeni kitabı təqdim olunub


 

XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin yeni kitabı təqdim olunub<b style="color:red"></b>

Dünən XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Tam orta təhsil pilləsində dərs deyən müəllimlərin peşəkar kompetensiyalarının artırılmasına dəstək" layihəsi çərçivəsində hazırladığı "Müəllimlərin peşəkar kompetensiyalarının artırılmasına dəstək, mövcud təcrübələr, tövsiyələr" kitabının təqdimatı keçirilib.
 
Tədbirdə Təhsil şurası İctimai Birliyindən Əjdər Ağayev, təhsil eksperti Nadir İsrafilov, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov, millət vəkili Fazil Mustafa iştirak ediblər.

Müəllif Etibar Əliyev kitab haqqında bildirib ki, Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 2-ci strateji istiqaməti təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.
 
Layihə çərçivəsində hazırlanan kitab məhz strategiyada nəzərdə tutulan səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir.

Kitab giriş də daxil olmaqla 17 paraqrafdan ibarətdir. Kitab 300 tirajla çap edilib. Kitabda müəllimlərin peşəkar kompetensiyalarının artırılmasına dəstək məqsədilə dünya təcrübəsindən nümunələr verilib, bu istiqamətdə maraqlı ədəbiyyatlardan tərcümələr seçilib. Kitabda həmçinin İnformasiya Kommunikasiya Texnologiyalarının və yeni təlim metodlarının peşəkar kompetensiyalarının inkişafındakı rolu geniş işıqlandırılıb.

Qeyd edək ki, kitab orta məktəb müəllimləri, müəllim hazırlığı həyata keçirən ali məktəb müəllimləri , təhsil problemləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulub.

Tədbir iştirakçıları kitabı yüksək qiymətləndiriblər. Bu kitab təhsilverənlər üçün yaxşı vəsait olduğu vurğulanıb.

Vəfa MƏMMƏDLİ

 





06.11.2015    çap et  çap et